Vaxt.Az

«Kaspersky» antivirusu qadağan edildi


 

Ağ Ev iddia edir ki, Rusiya bu proqramların köməyi ilə ABŞ hökumətinin bazalarına «arxa qapıdan» giriş əldə edə bilər

«Kaspersky» antivirusu qadağan edildi «The Independent» yazır ki, ABŞ hökuməti federal qurumlara Rusiyanın «Kaspesky Lab» internet təhlükəsizliyi şirkətinin kompüter proqramlarından istifadəni qadağan edib. Rəsmilər bu proqramların hökumət tərəfindən maliyyələşdirilən casusluq fəaliyyəti ilə əlaqəli ola biləcəyindən narahatdırlar.

ABŞ daxili təhlükəsizlik nazirinin əvəzi Eliayn Dyuk (Elaine Duke) azı 6 federal agentliyə hökumət şəbəkələrinin sözü gedən şirkətin proqramlarından təmizlənməsi göstərişini verib.

Bu hadisə Konqres və xüsusi prokuror Robert Müllerin (Robert Mueller) Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdırdığı bir vaxta təsadüf edir. Müller və Konqres komitələri hazırda Trampın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün əlaqələri araşdırırlar.

Hökumət idarələrinə sözü gedən kompüter proqramlarından istifadə edib-etmədiklərini müəyyənləşdirmələri üçün 30 gün vaxt verilib. Belə proqramlardan istifadə etdiyi aşkar olunan idarələrdən isə 60 gün ərzində bu proqramlardan azad olmaq planı vermələri tələb olunur.

Bu barədə danışmaq səlahiyyətləri olmayan rəsmilərin fikrincə, xanım Dyuk «Kaspersky Lab» şirkətinin Rusiya hökuməti ilə münasibətlərinin ABŞ hökumətinə təhlükə yaratdığı qənaətindədir. Belə bir ehtimal var ki, Rusiya hökuməti bu şirkətin proqramları ilə ABŞ-ın hökumət informasiyalarına «arxa qapıdan» giriş əldə edə bilər.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi direktivlə birlikdə yaydığı bəyanatda qeyd edir ki, «Kaspersky» rəsmilərinin Rusiya kəşfiyyatı və başqa xüsusi orqanlarla bağlılığı informasiyanın bu sayaq alınmasına imkan yarada bilər. Rusiya qanunları «Kaspersky» şirkətindən informasiyanın məcburi qaydada alınmasına imkan verir.

Daxili Təhlükəsizlik Nazirliyi, «Kaspersky» şirkətinə ona qarşı iddialarla əlaqədar hökumətə müraciət etmək hüququnu tanıdığını bildirib.

Massaçusetts Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) kibertəhlükəsizlik proqramına rəhbərlik edən R.David Edelman «The Independent» qəzetinə deyib ki, ABŞ hökumətinin bu tədbirləri Amerika-Rusiya münasibətlərinin, xüsusilə də kibertəhlükəsizlik məsələlərində soyuq dövrə qədəm qoyduğunu göstərir.

Öz növbəsində «Kaspersky» «The Independent» qəzetinə verdiyi bəyanatda Rusiya hökuməti ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Bəyanatda deyilir ki, şirkətin Rusiya hökuməti ilə münasibətləri barədə iddialar əsassızdır və Rusiya hökumətinin şirkətə hər hansı təsirinin mövcudluğuna dair sübutlar yoxdur.

«Kaspersky» bunu da bəyan edib ki, onun gəlirlərinin 85 faizi Rusiyadan kənarda qazanılır.

Lakin şirkət onun qazancının nə qədər hissəsinin ABŞ-ın federal idarələrindən gəldiyinə dair suallara cavab verməyib.

Milli Təhlükəsizlik Agentliyinin direktor müavini Riçard Ledget (Richard Ledgett) deyib ki, ABŞ hökuməti «Kaspersky» barədə müdrik qərar qəbul edib.

O «Washington Post» qəzetinə bildirib ki, «Kaspersky» Rusiya qanunları ilə öz informasiyasını təhlükəsizlik xidmətləri ilə bölüşməyə məsul edilib.

Lakin «Kaspersky» bu iddiaları rədd edir və bildirir ki, ona qarşı çıxanlar Rusiya qanunlarını bilərəkdən yanlış təfsir edirlər.

«Narahatedici haldır ki, özəl bir şirkət təqsirsizliyi sübut olunmadan geosiyasi zəmində müqəssir bilinib», - deyilir «Kaspersky» şirkətinin bəyanatında.

Cənab Edelman bunu da bildirir ki, bəziləri Daxili Təhlükəsizlik Nazirliyinin direktivində ziddiyyət görə bilərlər. Bu o deməkdir ki, başqa şirkətlər belə bir nəticəyə gələ bilər:

«Əgər hökumətlə işləmək belə təhlükəlidirsə, onda ABŞ hökumətinin özü ilə də işləməmək olar».

 





14.09.2017    çap et  çap et