Vaxt.Az

«Əsrin müqaviləsi»nin müddəti uzadıldı


 

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni Sazişin imzalanması mərasimində iştirak ediblər

«Əsrin müqaviləsi»nin müddəti uzadıldı Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 

Prezident İlham Əliyev bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür: «Azəri-Çıraq-Günəşli» nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir. Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır».

Sazişin parametrlərinə nəzər salan dövlət başçısı bildirib ki, ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın «AzAÇG» şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Qeyd olunub ki, 23 il ərzində «Azəri-Çıraq-Günəşli»dən 436 milyon ton neft hasil edilib. İlkin hesablamalara görə, yataqda hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var.

Dövlət başçısı bildirib ki, 23 il əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş verib. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə «Əsrin kontraktı»nın imzalanması mərasimi keçirilib və bununla da ölkəmizin uğurlu inkişafına təkan verilib. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf edib. Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılıb.

Prezident İlham Əliyev dövlətimizin böyük maliyyə resurslarına malik olduğunu deyib. «Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Azərbaycan dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilən ölkədir. Dünya miqyasında ilk dəfə dənizdən neft məhz Azərbaycanda çıxarılıb», - deyə dövlət başçısı bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaradıb. Prezident BP şirkətinin fəaliyyətini də qeyd edərək bildirib ki, BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirib.

Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

Böyük Britaniyanın baş naziri xanım Tereza Meyin təbrik məktubunu isə Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan oxuyub.

Gürcüstanın energetika naziri Elia Eloşvili baş nazir Giorgi Kvirikaşvilinin təbrik məktubunu oxuyub.

Sonra Yaponiyanın xarici işlər nazirinin müavini Manabu Hori və BP şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış ediblər.

Çıxışlardan sonra BP şirkətinin sifarişi ilə hazırlanmış və Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsini əks etdirən film nümayiş olunub.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və nümayəndə heyətləri başçılarının iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanıb.

Sonda xatirə şəkli çəkdirilib.

 





14.09.2017    çap et  çap et