Vaxt.Az

Mediamızın babası


 

Vətəndir, torpaqdır Rey!

Mediamızın babası İnsanların ən yaxşıları daimi yaşayır. Öz insanlığı, müdrikliyi ilə zaman-zaman yaddaşlarda, qəlblərdə qalır. Məsələn, hər kəndin, məhəllənin xatırlanan kişiləri, ağbirçəkləri olur. Onların adları, əməlləri zaman-zaman nəsildən-nəslə ötürülür, anılır. Bir də görürsən ki, hansısa gənc görmədiyi, sadəcə, adını eşitdiyi və 100 il əvvəl kəndində yaşamış bir kişinin mərdliyindən danışır, ağbirçəkdən zərb-məsəl çəkir. Kişi babalarımız, xanım nənələrimiz öz sağlıqlarında urvatlı oturub-durmaları, xeyirxahlıqları, müdrik məsləhətləri, el-obanın xeyir-şərinə yaramaları-əməlləri ilə qazanıblar bu statusu. Özü də bu, təkcə yaşla bağlı bacarıq deyil, bir növ Allah vergisi kimidir. Belələri doğuşdan bu özəlliklərlə dünyaya gəlir və yaşa dolduqca həmin keyfiyyətlər daha da artır, onları başqalarından fərqləndirir, gənc ikən ağsaqqal, ağbirçək edir. Bizim «babamız» da belələrindəndir.

Onunla ilk dəfə 1999-ci ilin fevralında Milli Məclisin foyesində tanış oldum. Qəribə adam təsiri bağışladı. Adam elə bil anadan ağsaqqal doğulmuşdu. Bütün hərəkətləri, danışığı, mimikaları ilə yüz ilin kişilərini xatırladırdı. Qarabağlı koloriti də öz yerində. Adı da qəribə idi-Rey. Sonra bu fərqli və qəribə adamın elə köhnə kişilər kimi haqpərəst, canıyanan, yurd sevgisi ilə yanaraq əriməyə başlayan birisi olduğunu gördüm. Daha sonra keçmiş kəşfiyyatçı, Qarabağ döyüşlərinin qazisi olaraq bu müqəddəs missiyanı mediaya daşımaq üçün jurnalistliyi seçdiyini də öyrəndim. Əslində jurnalistika onun üçün təkcə özünü ifadə, problemləri yazmaqdan çox neçə-neçə köməksiz, yardıma ehtiyacı olan qazinin, şəhid ailələrinin dadına çatmaq üçün vasitə idi və məncə indi də belədir. Sirr deyil ki, jurnalistikada tanınması və nüfuz sahibi olması ona qapıları daha rahat açmaqda vasitə olur. İndiyə kimi yüzlərlə döyüşçünün, qazinin, şəhid övladının dərd-sərindən ötrü, problemi üçün özünü oda atıb, neçə məmurun qapısının «dabanını çıxarıb». O da belə rahatlıq tapır. Dost, yoldaş, insan yolunda cəfa çəkmək adamın alnına yazılıb. Jurnalist həmkarları üçün də belədir. Kimsə işsizdirsə, həmin adamın özündən xəbərsiz başqa dostlarla kömək etməyə çalışır, problemi varsa, yoluna qoymağa çalışır. Belə adamlar barəsində «filankəs dədəlik edir» deyirlər. Rey də sözün əsl mənasında dədəlik, babalıq edir. 

Bilmirəm, «baba» ayamasını ona kim qoyub, ancaq yaman yapışır. Mən onu ilk tanışlıqdan, yuxarıda qeyd etdiyim kimi, baba kimi görmüşəm. Adamın hərdən əsəbiləşəndə mafiya babasına dönməsi olur. Medianın, qazilərin mənafelərinin azacıq tapdalanmasını görəndə, babalığı tutur. Mediamızın, qazilərin «babasıdır» axı.

Daha çox mediamızın babasıdır. Bütövlükdə isə qazi, həmkar, dost, yoldaş, baba, böyük insan Reyi birləşdirdikdə vətəndir, torpaqdır Rey. Daha torpaq, vətən itirməyə səbrimiz yox- Allah Səni Qorusun Baba!

 





14.09.2017    çap et  çap et