Vaxt.Az
«Agent olduğumu sübut etsin»
Eldəniz Quliyev: «Hacıbaba Əzimov utanmalıdır»
Milli Şura daxilində agent qalmaqalı davam edir. VAMBP sədri, professor Hacıbaba Əzimov Milli Şurada bir yerdə olduğu Mehdibəy Səfərovu xarici kəşfiyyat orqanına işləməkdə ittiham edib. Eləcə də, üstüörtülü formada «EL» Hərəkatının Məclis sədri Eldəniz Quliyev haqda buna bənzər ifadələr işlədib.
Dünən Eldəniz Quliyev də agent adı ətrafında yaranan qalmaqalla bağlı danışıb. Teleqraf.com məlumatına görə, «EL» rəsmisi deyib ki, bu müzakirələrə qətiyyən ehtiyac yoxdur: «Mən bunu qeyri-etik hal hesab edirəm. Amma hər bir insanın özünümüdafiə haqqı var. Yersiz hücumlara bir-iki dəfə dözmək olar. Hacıbaba Əzimov yaşlı insandır, professordur. Ancaq laborant təfəkkürlü professordur. Elmlər doktorudur, amma Şaumyanın həyatından yazaraq müdafiə edib. Açığı, bu sözləri deməyə xəcalət çəkirəm. Ancaq çox istərdim ki, Hacıbaba Əzimov bir dəfə güzgüyə baxıb ağ saçlarından xəcalət çəksin».
Eldəniz Quliyev əlavə edib ki, Hacıbaba Əzimov daha çox ona qarşı açıqlamalar verir, onu nəzərdə tutur: «Bu adam ilk olaraq Mehdibəy Səfərovu hədəfə aldı. M. Səfərov Azərbaycan dövlətçiliyi naminə Azəri-Talış Birliyi adda təşkilat yaratdı. Bu təşkilatın təsisçilərindən biri də mən oldum. Hacıbaba Əzimova dedim ki, bu adam dövlətçilik naminə, Konstitusiyada təsbit olunan hüquqlar naminə yaradılıb, hamımızın ümumi işidir ki, normal cəmiyyət quraq, hər kəsin eyni haqqı olsun və s. Ancaq insan var ki, öz nəslini və kökünü danır. Bu adam talış olmağına baxmayaraq, özünü türk adlandırır. Mən ona dedim ki, qardaş, sənin Mehdibəylə davan varsa, onunla elə. Daha niyə mənim də iştirakımla yaradılan təşkilata hücum edirsən? Əsas konflikt bu məsələdən başlayıb. O da qayıtdı ki, bəs sən bilmirəm, bunlar Ələkrəm Hümmətova işləyir. Mən də deyirəm ki, bu təşkilatda mənəm, Mehdibəydir və bir də mənim bura dəvət etdiyim şəxslərdir. Həm də mən Ələkrəm Hümmətov haqda müsahibə verib onun mahiyyətini ortaya qoydum. Axı bu bizdən nə istəyir? Məndə belə qənaət yaranıb ki, Hacıbaba Əzimov istəyir ki, jurnalistlər ona zəng edib müsahibə alsın, bu da gündəmdə qalsın. Səmimi deyim ki, bu, siyasilərin xəstəliyidir. Hacıbaba Əzimov həm də iddia edir ki, onun partiyası var. Əslində isə onun partiyası yox, «papka»sı var. Çox qiymətli bir «papka»sı var ki, onun içində də daima nizamnaməsini və bir də öz donoslarını gəzdirir. Real vəziyyət bundan ibarətdir».
Eldəniz Quliyev əlavə edib ki, kimisə ittiham etmək çox asandır: «Mən də deyirəm k, Hacıbaba Əzimov xüsusi xidmət orqanlarına çalışır və ya Qvineyanın kəşfiyyatına bağlıdır. Mən bunu deyə bilərəm, axı bu sözün arxasında sübut olmalıdır. Sən kimisə separatçılıqda və ya casusluqda ittiham edirsənsə, ortaya sübut qoymalısan. Ya sən özün də bu təşkilatın üzvü olduğun üçün bilirsən, ya da əlində materialın varsa, ortaya qoy».
23.01.2014 çap et