Virtualaz.org xatırladır ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılov 2016-cı ilin mayında keçmiş ortağı Vladimir Savkinin və təsadüfən həmin gün onun yanında olan tanışı Yuri Brilyovun qətlini təşkil etməkdə ittiham olunur. Biznesmen bu qətldən bir neçə ay sonra həbs olunub. Rafiq İsmayılov Savkinlə şərik ticarət mərkəzinin sahibi olub. Daha sonra onların ortaqlığı pozulub və İsmayılov obyekti 11 milyon dollara satıb. Bu puldan 5.5 milyon dolları Savkinə çatmalı idi.
Lakin İsmayılov pulu vermək istəməyib, əvəzində keçmiş ortağını aradan götürməyi qərara alıb. Qətli bu iş üçün killer kimi tutulmuş Mehman Kərimov həyata keçirib. Onu həbs etmək mümkün olub və Kərimov istintaqa ifadəsində qətli Savkinin «ona olan borcunu qaytarmadığı üçün» şəxsi münasibətlər zəminində öldürdüyünü iddia edib. Nəticədə R.İsmayılov hadisədən az sonra şübhəli şəxs kimi saxlanılsa da tezliklə buraxılıb. Bununla belə işin istintaqını Rusiya İstintaq Komitəsi nəzarətə götürəndən sonra qətlin sifarişli olduğu üzə çıxıb. Rafiq İsmaylov həbs edilib.
Rusiya mətbuatının yazdığına görə bu, İsmayılov qardaşlarının sifarişi ilə törədilmiş ilk qətllər deyil. Onların 90-cı illərin ortalarından etibarən rəqiblərini sifarişli qətllərlə aradan götürdüyünə dair ciddi şübhələr var. Ancaq hələlik Telman İsmayılovun adı bu qətllərdə fiqurant kimi keçmir. Hərçənd onun obyektlərində aparılan axtarışların işin məhz həmin istiqamətə yönəldiyi barədə şübhələri artırıb. Telman İsmayılovun digər qardaşı Vaqif İsmayılov da sifarişli qətllər işi üzrə axtarışdadır.
Rusiya mənbələri bildirir ki, istintaqın əlində Telman İsmayılovun özünün də sifarişli qətllərlə bağlı ola biləcəyini göstərən bəzi dəlillər var. Bunlardan biri Rafiq İsmayılovun həbsindən dərhal sonra onun digər qardaşı Vaqiflə telefon danışığıdır. Həmin telefon danışığından fraqmenti «Mash» teleqram-kanalı yayıb. Həmin telefon danışığında Vaqif İsmayılov Telman İsmayılovdan qardaşlarının həbsi ilə bağlı kömək istəyir:
Telman: Mən Rusiyada deyiləm axı, necə kömək edim?
Vaqif: Telman, axı sənin Krasnoqorsk rayon prokurorluğunda adamların var.
Telman: Yox, vilayət prokurluğuna getmək lazımdır. Bəs o biri (Mehman Kərimov nəzərdə tutulur) orada nə edir?
Vaqif: Hər şey qaydasındadır, o işi üzərinə götürüb, bu haqda ifadə verib. Ancaq Rafiqin vəziyyəti necədir, bilmirəm. Onun yanına adam buraxmırlar.
Telman: Yaxşı, sabah həll edərik. Cəhd edərəm.
RBK agentliyi isə öz mənbələrinə istinadən yazır ki, Telman İsmayılovun obyektlərində aparılan axtarış onun borclu olduğu banklardan birinə qarşı dələduzluq hərəkətləri ilə bağlıdır. Telman İsmayılovun hazırda Rusiyada olduğu təxmin edilir, digər məlumatlara görə o, İsraildə ola bilər.