Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Bu ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82380 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.
Cari ilin yanvar-iyul aylarında ölkədə 34281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.
2017-ci ilin 7 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 32864 nikah və 8532 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1782 nəfər Azərbaycana gələn, 1002 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.