Vaxt.Az

Sümüksüz ət satışına qadağa


 

«Alıcı sümüksüz ət almaq istəyərsə ...»

Sümüksüz ət satışına qadağa «Bakı Şəhər Baytarlıq İdarəsinin əmri ilə sümüksüz ətin satışı qadağan edilib». Bunu virtualaz.org saytına açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Mətbuat katibi bildirdi ki, mağazalarda satılan ətin mənşəyinin müəyyənləşdirilməsi üçün sümüksüz ət satışının qarşısı alınır: «Mənşəyi məlum olmayan ətin satışı narahatçılıq doğurur. Buna görə də mağazalar, ət kəsim məntəqələri, eləcə də bazarlarda sümüksüz ətin satılmasının qarşısı alınacaq».
Y.Xanvəli qeyd etdi ki, əmrin icrası məqsədilə rayon icra hakimiyyətlərinə, baytar həkimlərinə, eləcə də ət kəsimi məntəqələrinə xəbərdarlıq edilib: «Yalnız alıcının gözü qarşısında ət sümükdən ayrılıb satıla bilər. Yəni alıcı sümüksüz ət almaq istəyərsə, satıcıdan ətin gözü qabağında sümükdən ayrılaraq verilməsini istəyə bilər».
Xüsusi icazəyə gəldikdə isə ət emalı ilə məşğul olan müəssisələr rəsmi müraciət edərək icazə almalıdılar. Y.Xanvəli qeyd etdi ki, sümükdən ayrılan ət xüsusi qablaşdırmada ola bilər: «İcazə verilərkən ətin mənşəyi, istifadəyə yararlı olub-olmadığı yoxlanılacaq. Qablaşdırılmış ətin üzərində verilən icazə, əti emal edən müəssisənin adı, ünvanı, VÖEN-i, telefon nömrələri mütləq qeyd edilməlidir. Əks halda sümüksüz ətin satışının qarşısı alınacaq».
Qadağan iri marketlərə də şamil ediləcək. Əmrin tələblərinin yerinə yetirilməməsinə gəldikdə isə Y.Xanvəli dedi ki, həmin şəxs və ya sahibkar Mülki Məcəllənin tələblərinə uyğun cəzalandırılacaq.
 





23.01.2014    çap et  çap et