Hazırda mülki aviasiyada işləyən keçmiş hərbi təyyarəçilərin əksəriyyəti fərmandan narazılıq edir. Müşahidəçilərin fikrincə repressiyalar Türkiyə hərbi hava qüvvələrində elə acıncaqlı vəziyyət yaradıb ki, hökumət ən az ağla gələn vasitəyə əl atıb.
«Financial Times» yazır ki, bəzi F-16 və F-4 pilotlarının iyul çevrilişi cəhdində iştirakına görə yüzlərlə pilot həbsxanalara atılıb və nəticədə NATO-nun ikinci böyük ordusu pilot çatışmazlığı problemi ilə üzləşib. Bu pilot qıtlığı təkcə Türkiyənin hərbi hava qüvvələri yox, həm də türk pilotlarla təlim keçən NATO ekspertlərini narahat edir.
Ekspertlər bildirirlər ki, Türkiyə hərbi hava qüvvələrinin indiki döyüş hazırlığı vəziyyəti böhranlıdır. Çevriliş cəhdinin ardınca 600-dək hərbi təyyarəçinin həbs edildiyi və ya ordudan qovulduğu təxmin edilir. Qərb hərbi rəsmilərinin təxminlərinə görə Türkiyədə 600 döyüş pilotu ya həbs edilib, ya da silahlı qüvvələrin sıralarından qovulub.
Əgər Türkiyə qırıcılarının PKK-ya qarşı əməliyyatlara havadan dəstək verdiyi, Egey dənizi üzərində patrul uçuşları etdiyi, habelə Suriya və İraqda koalisiya əməliyyatlarında iştirakı nəzərə alınarsa, yaranmış vəziyyətin ağırlığı başa düşülər.
Kütləvi həbslərə təkcə pilotlar yox, təlimatçılar və başqa zabitlər də məruz qalıblar. Üstəlik bütöv aviasiya məktəbləri bağlanıb. Qəzet yazır ki, hətta çevriliş cəhdindən əvvəl də Türkiyə hərbi hava qüvvələrinin səviyyəsi ürəkaçan deyildi. Ərdoğan hökuməti hərbiyyə sıralarında ixtisarlar həyata keçirmiş və 2012-ci ildə hərbi təyyarəçilər üçün xidmət müddətini 15 ildən 13 ilə endirmişdi. Elə o vaxt ordu sıralarını tərk edən yüzlərlə pilotun yeri boş qalmışdı.
Məhz bu çətinliklərə görə Türkiyə yeni pilotların təlimləndirilməsi üçün müttəfiqlərə, ilk növbədə ABŞ-a üz tutmuşdu. Ankara ABŞ-dan F-16 qırıcıları üçün təlimatçıların göndərilməsini xahiş etmişdi. Lakin ABŞ hərbi hava qüvvələrinin özündə böyük dəyişiklik baş verir. Amerikalı F-16 pilotları ən son modifikasiya olan F-35-lərdə uçmağı öyrənirlər. Bununla əlaqədar Vaşinqton Ankaraya hazırkı vəziyyətdə F-16 təlimatçıları göndərə bilməyəcəyini bildirib.
Avqustun sonlarında Türkiyə hökuməti pilotların xidmət müddətini birdən-birə 18 ilə qaldırıb və 13 ildən sonra ehtiyata buraxdığı pilotları indi zorla yenidən silahlı qüvvələrə gətirməyə çalışır. Hökumət hətta hərbi hava qüvvələrinə könüllü qayıdanlar üçün cəlbedici maaşlar da müəyyən edib. Qırıcı təyyarə pilotlarının maaşları iki dəfə artıralaraq ayda 8 min dollara çatdırılıb. Buna baxmayaraq ekspertlər bütün bu tədbirlərin fayda verəcəyinə inanmırlar.