Mənbəyə görə, Astanada prezident sarayında keçirilən mətbuat konfransında Nazarbayev deyib ki, onun türkiyəli həmkarı dəfələrlə Qazaxıstan-Türkiyə tədris müəssisələrinin əməkdaşlarının Türkiyəyə ekstradisiya olunmalarını tələb edib.
Qazaxıstan lideri bəyan edib ki, guya Fətullah Gülənə bağlı olan, daha çox Qazaxıstan-Türkiyə liseyləri kimi tanınmış «Elm və innovasiya liseyləri» Qazaxıstana məxsusdur və Türkiyəyə heç bir aidiyyatları yoxdur. Bundan əlavə, onun sözlərinə görə, Qazaxıstandakı bu məktəblərdə işləyən müəllimlər o vaxta qədər günahsız hesab olunacaqlar ki, bunun əksi sübuta yetirilməsin.
«Mən Ərdoğana dedim ki, bu müəllimlər barəsində heç nə edə bilmərəm, çünki burada, Qazaxıstanda onlar günahsızdır», - Nazarbayev qeyd edib.
Qazaxıstan dövlət başçısı vurğulayıb ki, sözügedən məktəblər daha öncə Qazaxıstan Təhsil Nazirliyinin himayəsinə verilib və Gülənlə əlaqəli deyil.
«Qazaxıstanda çalışan türkiyəli müəllimlərin günahı sübuta yetirilməyib. Əgər siz onların günahını sübut edən hansısa dəlilər təqdim etsəniz, biz onları araşdırarıq. Biz heç bir əsas olmadan sizə günahsız adamları verə və onları həbs edə bilmərik. Bu mənim son sözümdür və müzakirə oluna bilməz. Müzakirələr bitmişdir», - Qazaxıstan lideri deyib.