«Gözlənilir ki, Putinin komandasında «Dunay istiqaməti» üzrə məsul şəxs yaxın vaxtlarda biznesmen, «Rosneft» prezidenti İqor eçinin adamı, vaxtilə Putinin etibarlı adamı kimi «Rosneft»in Azərbaycanda iştirakını təmin etmiş Söyün Sadıqov olacaq. Habelə macar istiqamətini bilavasitə Rusiya prezidenti Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko kurasiya edəcək», - sayt yazır.
Xatırladılır ki, Putin Macarıstanda artıq uzun müddətdir «Daha yaxşı Macarıstan uğrunda» («Yobbik») hərəkatını dəstəkləyir. Bu, ultrasağ, millətçi partiyadır, nümayəndələrinin bir çoxu Moskvada təhsil alıb. Hərəkat Ukraynanın macarların sıx yaşadığı Karpatyanı bölgəsinin Bereqovo və digər bölgələrində nümayəndəliklər açmağa başlayıb. Kremlin planı Karpatyanı bölgəsinin bir hissəsini macarların əli ilə Ukraynadan qoparmaqdır.
Ukrayna hakimiyyətindəki mənbə deyib ki, macar millətçi hərəkatının Rusiya ilə təmaslarını oliqarxlar Arpada Habonya (baş nazir Orbanın yaxın adamı) və İştvan Tiborts (Orbanın kürəkəni) həyata keçirir.
Bu günlərdə Ukrayna Ali Radasının qəbul etdiyi qanun isə Karpatyanı bölgədə macar və digər milli azlıqlar arasında separatçılıq əhval-ruhiyyəsini qızışdırmaq üçün Kremlə əla imkan yaradıb. Ukrayna parlamentinin qəbul etdiyi «Təhsil haqqında» qanuna əsasən milli azlıqların öz dillərində təhsil almaq imkanları məhdudlaşdırılır. Milli azlıqlar ancaq uşaq bağçalarında və ibtidai siniflərdə öz dillərində təhsil ala bilərlər. Orta məktəblərdə və universitetlərdə isə onlar ukrayna diində təhsil almalıdır.
Həmin qanuna Rumıniya və Macarıstan kəskin reaksiya verib. Rəsmi Buxarest bildirib ki, milli azlıqların öz dillərində təhsil almasını məhdudlaşdıran bu qanundan narahatdır. Rəsmi Budapeşt isə qanunu «Ukraynanın Macarıstanın kürəyindən xəncər saplamasına» bənzədib. Bildirib ki, bu qanun macar azlığın hüquqlarını ciddi məhdudlaşdırır və Zakarpatye bölgəsindəki məktəblərin çoxunu bağlanmaq təhlükəsi ilə üz-üzə qoyur. Macarıstan tərəfi Ukraynanı bu hərəkətin qəbuledilməzliyi haqda xəbərdar edib. Ukraynanın Budapeştdəki səfiri izahat vermək üçün XİN-ə çağırılıb. Xəbərdarlıq edilib ki, rəsmi Budapeşt bundan sonra Ukraynanı beynəlxalq platformalarda dəstəkləməyə bilər.
Rusiyanın Ukraynada yeni separatçılıq ocaqları alovlandırmağa can atdığı bir vaxtda milli azlıqları narazı salan həmin qanunun qəbulu şübhəsiz ki, Kremlin əlinə yaxşı fürsət verir.