Vaxt.Az

Amerikanı Kolumb kəşf edib, yoxsa ...?


 

Makedoniyalı İsgəndərin dövrünə aid olan xəritədə qitənin təsvirləri qeyd olunub

Amerikanı Kolumb kəşf edib, yoxsa ...? 1929-cu ildə İstanbuldakı Türkiyə Milli Muzeyinin direktoru Milal Əhməd qədim bir xəritənin iki parçasını aşkar etdi. Xəritə XV-XVI əsrlərdə yaşamış admiral və coğrafiyaşünas-alim Piri-Reysə məxsus idi. Özünün «Bəhriys» adlı əsərində o, bu xəritəni Makedoniyalı İsgəndər dövrünə aid daha qədim bir xəritədən köçürdüyünü bildirir. Sonradan eyni qədimliyə malik daha iki xəritə – fransız Orontiya Fineyin (1532-ci il) və türk Hacı Əhmədin (1559-cu il) xəritələri aşkar olunur. Hər üç xəritənin maraqlı xüsusiyyəti ondan ibarət idi ki, onlarda hələ Xristofor Kolumbdan çox-çox əvvəldə Amerika və Antarktida qitələri təsvir olunmuşdu. Özü də necə?

Bu xəritələr aşkar olunduqdan sonra onlarda təsvir olunan ölçülərlə, indiki xəritələrdə təsvir olunan Antarktida və Amerika xəritələrindəki bir sıra ölçülərin tamamilə bir-birindən fərqləndiyi məlum oldu. Bu məsələ ilə bağlı Antarktidaya göndərilmiş xüsusi beynəlxalq ekspedisiya 1934-cü ildə apardığı təkrar hesablamalarla bu materikdəki bir çox zirvənin, yarğanın, sahil çıxıntılarının və s.-in bu xəritələrdə daha dəqiq verildiyini müəyyənləşdirdi. Bundan əlavə bir fakt xüsusi maraq doğurdu: hazırkı xəritələrdə Antarktidaya bitişik şəkildə göstərilən «Kraliça Mod» adlı bir zirvə bu xəritələrdə sahildən bir qədər aralıda yerləşən ayrıca bir ada kimi göstərilirdi. Əlavə seysmik yoxlama həmin xəritələrin dəqiqliyini təsdiqlədi: Həqiqətdə də, onu materiklə quru sahəsi yox, bu xəritələrdə göstərildiyi kimi, dəniz sahəsi birləşdirirmiş. Sadəcə olaraq, bu dəniz hazırda buzlaqlarla əvəz olunub və bu buzlaq zirvə ilə materik arasındakı fasiləni görünməz edib.

Bundan əlavə, bu xəritələrdə maraqlı olan daha bir neçə məsələ xüsusi maraq doğurdu və indiyə qədər də doğurmaqdadır: əvvəla – onlar hamısı eyni bir qədim orijinaldan deyil, fərqli orijinallardan köçürülmüşdülər və formaları da müxtəlif idi; İkincisi – onların hər üçündə Yer kürə formasında təsvir olunmuşdu; və nəhayət, üçüncüsü – bunların hər üçündə Antarktida buzlaqlardan azad formada, yəni axan çayları, qaynayan bulaqları, dənizləri, gölləri, körfəzləri və s. birgə göstərilmişdi. Antarktida isə yalnız 10-15 milyon il bundan əvvəl belə bir formada olub.

 





19.09.2017    çap et  çap et