Prezident açılış nitqində söyləyib ki, Ermənistanda mövcud demoqrafik tendensiyalar son dərəcə narahatlıq doğurur, buna görə də immiqrasiyanın artırılması üçün səyləri birləşdirmək lazımdır.
«Növbəti Ermənistan – Diaspor konfransı «4 milyonluq Ermənistan» ümumerməni proqramının müzakirəsi üçün iclas və onun gerçəkləşdirilməsinin həqiqi başlanğıcı olacaq. Elə indi, burada bu barədə razılığa gəlirik və biz bu razılığı dönmədən həyata keçirəcəyik», – prezident deyib.
Prezidentdən sonra Böyük Kilikiya Evinin katolikosu Birinci Aram çıxış edib. Katolikos deyib ki, Ermənistanın bütövlüyündən ötrü emiqrasiyanın azaldılması «zəruri və təcilidir». O qeyd edib ki, insanların yaşayış səviyyəsi qənaətbəxş olmasa, «emiqrasiya eyni templərlə davam edəcək, yoxsulluqsa hər cür sosial və əxlaqi pisliklərin mənbəyi olacaq».
«Gəlin realist və səmimi olaq. Ermənistan boşalır, diaspor isə tükənir. Bu təhlükəli reallıq qarşısında təsadüfi təşəbbüslər problemlərimizi həll edə və yaralarımızı sağalda bilməz. Ermənistan – Diaspor əməkdaşlığını təsadüfi iqtisadi investisiyalar və turist ziyarətləri çərçivəsindən çıxararaq, milli siyasətimizin mühüm əsaslarından birinə çevirmək lazımdır», – Birinci Aram deyib.
Konfransda iştirak edən diaspor nümayəndələrinin bir hissəsi prezidentin 2040-cı ilədək Ermənistanda əhalinin sayının 4 milyona çatdırılması ilə bağlı planını qeyri-mümkün sayır. Onlardan bəziləri müsahibələrində bildiriblər ki, belə iddialı proqramları elan etməzdən öncə ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq haqda düşünmək lazımdır.
«Bura 30 min Suriya ermənisi gəlib. Onlardan nə qədəri burada qalıb?.. Bu gün Gümrüdə hələ də problemlər var. Zəlzələnin üstündən 25 il keçib... Bu gün evi olmayan adamlar var. Qoy bu məsələləri həll etsinlər, sonra iri layihələrdən danışsınlar. Reallıq budur, səmimi olmalıyıq. Bu gün etimaddan, əməkdaşlıqdan danışırıq. Bu etimad arzulanan, gözəgörünməz reallıqdan gəlmir, hiss olunan reallıqdan gəlir. Artıq 6-cı konfransdır və biz hər dəfə eyni sözləri eşidirik», – Britaniyadakı «Qnçakyan» sosial-demokrat partiyasının sədri Vazgen Kasemjyan deyir.
«Utopiyaya inanmıram, reallığa inanıram. Deməliyik ki, ən azı, son 20 ildə inkişaf yoxdur», – Los Anceles həmkarlar ittifaqlarının nümayəndəsi Stepan Ovakimyan deyir.
«Hamımız bilirik ki, ciddi islahatlar və monopoliyalarla mübarizə aparmaq gərəkdir. «Qanqren» ilə mübarizə aparmaq gərəkdir və belə təkliflər hətta birinci iclasda da səsləndirilib. Ona görə də daha ciddi yanaşmaq və bu planın reallığa çevrilməsi üçün ciddi proqram işləyib hazırlamaq lazımdır», – «Daşnaksutyun» partiyasının Kanadadakı bürosunun üzvü Akop Ter-Khachatryan deyir.
Prezident Sərkisyan həmçinin, diasporun investisiya imkanlarının Ermənistana cəlbindən də danışıb. O, dünyanın 70 ölkəsindən gəlmiş 1400 konfrans iştirakçısını əmin edib ki, Ermənistanda biznes işlətmək və eyni zamanda ölkəni qurmaq üçün hər cür şərait yaradılıb.
«Mən prezidentin sözlərinə inanmıram. Karen Karapetyan (Ermənistanın baş naziri - tərc.) haqqında bir söz deyə bilmərəm. O, yaxşı işlər görüb. Karen Karapetyan həqiqətən də Ermənistanın ...lideri ola bilər, əlbəttə, əgər o, Moskvadan gəlməyibsə. Yoxsa əvvəlcə özünü yaxşı insan kimi göstərib sonra deyəcək: əziz xalq, sizin üçün bu qədər yaxşı işlər görmüşəm, indi son sözümə qulaq asın, gəlin Rusiyanın tərkibinə daxil olaq, müstəqillik nəyimizə lazımdır. Əgər o, belə bir şey etsə, deməli o, Serj Sərkisyandan da betərdir», – Vazgen Kasemjyan deyir.
«Əmin olun ki, bu gün diasporda çoxları Ermənistandakı vəziyyətdən, emiqrasiya, iqtisadiyyatda irəliləyişin olmamasından narazıdırlar», – iordaniyalı iş adamı Sarkis Snjyayan söyləyir.
«Ermənistan hələlik diaspor ermənilərinin yaşaya biləcəyi yerə çevrilməyib. Hələ ki, burada qanun o dərəcədə möhkəmlənməyib», – İsveçrədən gəlmiş işadamı Arten Şelefyan vurğulayır.