G.Kərimova əvvəlcə yazıb ki, tezliklə yeni yaradıcılıq layihələrinə başlayır. O, yeni layihələrinin dizayn sahəsində olacağını bildirib. Twitter istifadəçilərindən biri G.Kərimovadan atasının onun yeni layihələrinə münasibətinin necə olacağı haqda soruşub. G.Kərimova isə yazıb ki, atası ilə barışıb.
Gülnarənin yazdığına görə, yanvarın 2-də atası onu yanına çağırıb və uzun-uzadı söhbət aparıb. Bu söhbətin detallarını açıqlamayan Gülnarə atasının onun yeni yaradıcılıq ideyalarına «heyran olduğunu» və xeyir-dua verdiyini bildirib.
Xatırladaq ki, ötən ilin oktyabrından başlayaraq G.Kərimova ilə ailəsi arasında böyük düşmənçilik başlamışdı. G.Kərimovanın bütün biznesi əlindən alınıb, ona bağlılığı olan adamlar həbs olunub, özünün ölkədən çıxmasına qadağa qoyulub.
G.Kərimova isə twitter vasitəsilə atasını, anasını və kiçik bacısı Lolanı ifşa edən məlumatlar yayırdı.
Özbək politoloqu Usman Haqnazarov Kərimovlar ailəsində yaşanan dram barədə detalları ilə bir neçə dəfə geniş yazıb. Haqnazarovun dekabrın sonlarında yaydığı sonuncu məqaləsində İslam Kərimovun qızını təpiklə vuraraq qabırğasını qırmasından bəhs etmişdi.
Ancaq yanvarın əvvəllərindən başlayaraq G.Kərimova twitter hücumlarını dayandırıb. O, özünün əvvəlki twitter səhifəsini bağlayaraq yenisini açıb. Daha çox yaradıcılıq layihələri ilə bağlı mesajlar paylaşıb.
Digər xəbərə görə, G.Kərimovanın mətbuat katibi kimi fəaliyyət göstərən və hazırda Özbəkistandan qaçan Firdovs Abduxalimovun idarəçiliyi altında olan, ötən ilin payızında bağlanan «Darakçi» adlı qəzet də nəşrini bərpa edir. Bu, Gülnarənin atası ilə barışdığı haqda mesajı ilə bir vaxta təsadüf edib.