Vaxt.Az

TBMM-də dava düşdü


 

CHP-lilər AKP-lilərə «quldur» dedi; İstintaq istefa verən nazirləri qanunsuz dəstənin rəhbəri kimi tanıyıb; 600 Adanlı AKP-dən MHP-yə keçdi

TBMM-də dava düşdü Türkiyə Böyük Millət Məclisi yanvarın 23-də sözün əsl mənasında iqtidarla müxalifətin savaş meydanına çevrilib. AKP-nin İstanbul millət vəkili Oktay Saral ona «Sən sus» deyən CHP sədrinin müavini Bülənt Tezcana yumruq atıb. Zərbə o qədər qüvvətli olub ki, müxalifətçi millət vəkilinin qaşı partlayıb, gözü göyərib, eynəyi isə çiliklənib. Partiyadaşlarının çağırdığı təcili yardım Bülənt Teczanı xəstəxanaya aparıb.
Bundan sonra CHP-li bütün millət vəkilləri sessiya zalını tərk edib. Parlamentdəki ana müxalifət təmsilçilərindən biri Muharrem İnce yerli medianın olayla bağlı sualına cavabında deyib ki, AKP-lini əsəbləşdirən baş nazirin oğlu Bilal Ərdoğanın istintaqa çağırılması məsələsini gündəmə gətirmələri olub:»Bizim Bilal Ərdoğanın istintaqa çağırış sənədlərini göstərməyimiz AKP-dən olan millət vəkillərini əsəbiləşdirdi. Bu fədailərə və məhəllə avtoritetlərinə yerlərini göstərəcəyik».
Onu da bildirək ki, olayda zədələnən ancaq Tezcan olmayıb. Oktay Saralın yumruğundan sonra CHP-li millət vəkilləri ilə AKP-lilər arasında dava düşüb. Bir neçə dəqiqə davam edən yumruqlaşmada hər iki tərəfdən zərər çəkənlər olub. Davanı sakitləşdirə bilməyən parlament rəhbərliyi salonu tərk edib.
CHP-li millət vəkilləri partiyadaşlarına hakimiyyət təmsilçilərinin hücumunu kəskin sözlərlə qarşılayıb. CHP İstanbul millət vəkili Mahmut Tanal durumu dəyərləndirərkən «bu, quldurların parlamenti basmasıdır» deyib.
CHP-li millət vəkillərinin olaydan dərhal sonra keçirdiyi brifinqdə çıxış edən CHP parlament qrup başqanı Muharrem İncə deyib ki Parlament AKP-lilərin sayəsində artıq təhlükəli bir yerə çevrilib: «Artıq məclisdə təhlükəsizliyimiz üçün heç bir təminat yoxdur. Zor işlətmək AKP-nin qanun yaratma texnikasına çevrilib. Bunlar geometrik çoxluq olduqlarına güvənərək «biz döyərik», «qanunları biz keçirdərik» xəyallarına qapılıblar. Türkiyə belə bir nöqtəyə gəlib. Rəcəb Tayyib Ərdoğanın qrupu budur. Mitinqlərdə millətə kəfən geyindirdikləri üçün millət vəkili də özünü fədai sanır. Bu fədailərə demək istəyirəm ki, millətin azad iradəli vəkili olun, heç kimə fəda olmayın. Baş nazirin oğlu Bilal istintaqa dəvət edilib. Prokuror çağırış vərəqəsi göndərib, ancaq polis vəzifəsini icra etmir. Belə bir durumda prokuroru, polis rəisini vəzifəsindən uzaqlaşdırmaq şərəfsizlik deyilmi? Bu fədailərə sona qədər dirəniş göstərəcəyik».
Yada salaq ki, bu, AKP-lilərin son iki həftədə Böyük Millət Məclisində «təşkil etdikləri» ikinci yumruq davasıdır. Ötən dəfə hakimi partiyanın təmsilçiləri istintaq prosesinə hakimiyyətin müdaxiləsini heçə endirən qanun layihəsinin müzakirəsi zamanı qovğa çıxararaq bu məsələnin təşəbbüskarı olan Türkiyə Vəkillər Kollegiyasının sədrini yumruqlayaraq xəstəxanalıq etmişdilər.
AKP-nin 17 dekabr Böyük Rüşvət əməliyyatından sonrakı davranışları partiya içərisində də xoş qarşılanmır. Təkcə 2 gündə 1500 AKP-li partiyadan istefa verib. Yanvarın 23-də Adanada 600 vətəndaş AKP-dən istefa verərək Milliyətçi Hərəkat Partiyasına keçdiklərini bəyan ediblər. MHP-nin Adana təşkilatının rəhbəri İsmet Erganiş 30 mart bələdiyyə seçkiləri ilə bağlı keçirilən partiya toplantıda bu haqda bilgi verib. Erganiş bildirib ki, Adanın köklü ailələrini təmsil edən 600 şəxs artıq MHP sıralarına qəbul edilib və onlar MHP-nin Adana bələdiyyə başqanlığına namizədi Qazi Adamhasanın təbliğat kampaniysında fəal iştirak edəcək.
Ötən gün Türkiyə mediasında 17 dekabr Böyük Rüşvət əməliyyatının istintaqı ilə bağlı diqqətçəkici daha bir xəbər yer alıb. Prokurorluqdakı qaynaqlardan alınan xəbərə görə, korrupsiya və rüşvət əməliyyatında adı çəkilən 3 keçmiş nazir istintaq materiallarında qanunsuz dəstənin rəhbərləri kimi yer alır. 
Müstəntiq Celal Karanın apardığı dindirmə prosesində keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayan, iş adamı Rza Zərrab cinayətkar dəstənin əsas üzvləri kimi tanınıb. Əl-Cəzirə TÜRK-ün yaydığı xəbərdə bildirilir ki, hələlik ittiham aktının yazılması prosesi davam edir. Nazir oğulları, Rza Zərrab və onlarla bir yerdə tutulan 24 şəxsə qarşı irəli sürülən əsas ittihamın isə çirkli pulları yumaq məqsədi ilə qanunsuz dəstə yaratmaq olduğu bildirilir.
İddianamənin dəlilləri sırasında Müəmmər Gülər, Zəfər Çağlayan, eləcə də 17 dekabr əməliyyatının «qurbanı» keçmiş Avropa Birliyi naziri Egemen Bağış arasında telefon danışıqları, görüşlərindən videogüntülər də var. İstintaq materiallarında hər üç nazirin qanunsuz dəstənin üst düzeyində yer aldığı bu iddiaların bu dəlillərlə sübut ediləcəyi gözlənilir.
Hələlik hər üç nazir millət vəkili olduqları üçün toxunulmazlıq statuslarını saxlayır. Bu səbəbdən onlar istintaqa çağırılmayıb.  Prokurorluq yaxın günlərdə hər üç şəxsin toxunulmazlığının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşır.
17 dekabr Böyük Rüşvət əməliyyatından sonra istefa verməyə məcbur olan ekologiya və şəhərçilik naziri Ərdoğan Bayraqdarın oğluna qarşı hansı iddianın irəli sürülməsi isə həlli bəlli deyil. Yerli qaynaqların xəbərlərinə görə, Bayraqdarın «üstünlüyü» ondadır ki, hələlik prokurorluq onu çirkli pulların yuyulması üzrə dəstənin rəhbərliyinə «seçməyib».
 





23.01.2014    çap et  çap et