Vaxt.Az

Saakaşvili Gürcüstanda da güclənir


 

Sabiq prezidentin tərəfdarları fəllaşır; onun lideri olduğu partiya hakimiyyəti devirəcəyi ilə hədələyib

Saakaşvili Gürcüstanda da güclənir Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada fəallaşması və siyasi gündəmi zəbt etməsi ölkəsində də tərəfdarlarının aktiv fəaliyyətə keçməsinə səbəb olub. Eks-prezidentin «Kiyevə yürüşü» ilə paralel, onun Gürcüstanda lideri olduğu «Vahid Milli Hərəkat» müxalifət partiyası bir sıra radikal bəyanatlar səsləndirir. Hər iki halda başlıca mübarizə mövzusu kimi oliqarxik idarəetmə üsuluna qarşı mübarizə seçilib. Sentyabrın 19-da müxalifətçilər milyarder, hakim «Gürcü arzusu» koalisiyasının əsasını qoyan Bidzina İvanişviliyə qarşı geniş aksiya keçiriblər. Aksiya «Cartu bankı»nın mərkəzi ofisi qarşısında düzənlənib.

«Bundan sonra burada sakitçilik olmayacaq», - deyə «Vahid Milli Hərəkat»ın Siyasi Şurasının sədri Nikanor Meliya bildirib. Onun sözlərinə görə, bu bank vasitəsilə gürcü əsilli rus milyarder qanunsuz yolla həyata keçirdiyi silah satışından əldə etdiyi «çirkli pullar»ı yuyur. Meliya və «Vahid Milli Hərəkat»ın digər üzvləri oktyabrın 21-nə kimi, yəni bələdiyyə seçkilərinə qədər «Cartu bankı»n yaxınlığında aksiyalar keçirəcəklərini bildiriblər. Keçmiş müdafiə və daxili işlər naziri Georgi Baramidze bildirib ki, «Gürcü arzusu»nun hakimiyyətə gəlişindən sonra «Cartu bankı»nın xalis gəliri 1700 faiz artıb. «Bu, xalqın qarət olunmasıdır», - deyə «Vahid Milli Hərəkat»dan Tbilisi merliyinə namizəd olan Zaal Udumaşvili bildirib. Ona dəstək qrupunun üzvləri bankın qapısı qarşısına «Siz əziyyət çəkirsiniz, əvəzində isə başqaları varlanır» bannerini yapışdırmaq istəyiblər. Lakin polis və mühafizə xidməti onlara mane olub. Baş verən qarşıdurmada onlarla müxalifət fəalı xəsarət alıb. Polislə və mühafizə işçiləri ilə qarşıdurma nümayişçiləri özündən çıxarıb. Onlar bu aksiyalarını daha irimiqyaslı edəcəklərini bildiriblər. Məsələn, Nikanor Meliya vəd edib ki, yaxın zamanlarda geniş bir kampaniya başladacaq. O, əlavə edib ki, bu aksiyalar Gürcüstanda oliqarxik idarəetməyə son qoyacaq. Aksiya zamanı ən çox adı çəkilən şəxs biznesmen Arkadi Qaydamak olub. Bu şəxs Bidzina İvanişvilinin biznes tərəfdaşı hesab edilir və adı silah satışı ilə bağlı qalmaqallı işlərdə keçir. «Cartu bank» isə ünvanına səslənən ittihamları, xüsusən də «çirkli pullar»ın yuyulması ilə bağlı iddiaları qətiyyətlə rədd edir.

«Gürcü arzusu» koalisiyasından olan deputat Georgi Jorjoliani «Kommersant»ın əməkdaşı ilə söhbətində ittihamları rədd edib. Deputat hakim koalisiya liderinin və ümumiyyətlə hakimiyyətin qeyri-qanuni silah satışında əli olması ilə bağlı ittihamları «axmaqlıq» adlandırıb.

Artıq bəzi siyasilər və ekspertlər ölkədə ciddi siyasi qarşıdurmaların yaşana biləcəyini irəli sürürlər. Və çox güman ki, hər şey Ukraynada proseslərin necə hərəkət edəcəyindən asılı olacaq. Yəni Saakaşvili güclənəcəksə, Gürcüstanda da müxalifət aktiv fəaliyyətə keçəcək. Yaxud da əksinə, eks-prezidenti Ukraynadan qovub çıxarsalar, Gürcüstanda proseslər başqa məcrada inkişaf edəcək. Gürcüstan parlamentinin keçmiş spikeri, hazırda «İnkişaf hərəkatı»nın lideri David Usupaşvili hesab edir ki, Gürcüstanda sentyabrın sonlarına kimi ciddi siyasi böhran başlayacaq. «Maestro» televiziyasının efirində o bildirib ki, bu, parlament ölkə konstitusiyasına ediləcək dəyişiklikləri təsdiq edəcəyi halda baş verəcək. «Siyasi tragizm ondadır ki, bu gün stol üstündə olan dəyişikliklər paketinin qəbul edilməsi mümkün deyil. Əgər layihə qəbul edilməszə, məsələn, prezident ona veto qoyarsa, onda mövcud konstitusiya qalacaq», - deyə eks-spiker vurğulayıb. Hakim koalisiya dəyişikliklərlə bağlı hər hansı bir kompromisə getmək istəmədiyini bəyan edir və bu sərt mövqeyi ilə də ölkəni çıxılmaz vəziyyətə sürükləyir. Buna baxmayaraq, David Usupaşvili hələ də «Gürcü arzusu» liderlərinin qətiyyətinə və siyasi ağıl ortaya qoyacağına ümidlərini itirmir.

Xatırladaq ki, konstitusiya layihəsinə dəyişikliklər paketi hakim koalisiya ilə prezident və sonuncunu müdafiə edən müxalifət arasında qarşıdurmaya gətirib çıxarıb. Prezident və müxalifət prezidentin ümumxalq seçkisi ilə seçilməsinin qalmasını istəyir, onun səlahiyyətlərinin azaldılması, parlamentin proporsional seçki sistemi ilə seçilməsinə qarşıdır. Opponentlərin etiraz və narazılıqlarına baxmayaraq, Gürcüstan parlamenti mübahisəli qanun layihəsini iki oxunuşda qəbul edib. Müxalifət isə səsvermədə iştirak etməyib. Üçüncü oxunuş müzakirələri isə sentyabrın 26-da keçirilməlidir. Beləliklə də, gələn ilin oktyabrında prezident sonuncu dəfə birbaşa seçkilər yolu ilə seçilə bilər. Hakim partiyaya yaxın mənbə «Rustavi-2» kanalına açıqlamasında bildirib ki, artıq hakim koalisiya prezidentliyə namizədin müəyyən edilməsi ilə bağlı danışıqlara başlayıb. Söhbət iki namizəddən gedir. Bunlardan biri hazırkı baş nazir İrakli Kvirikaşvili, digəri isə xarici işlər naziri Mixail Canelidzedir. Hakim koalisiyada hələ ki məsləhətləşmələrin aparıldığı barədə yayılan xəbərləri təsdiq etmirlər. Lakin hər iki namizədin qəbuledilən olduğunu vurğulayırlar. Yeni konstitusiyaya görə, prezidentin funksiyası əsas etibarilə xarici siyasətlə məhdudlaşacaq. Bu səbəbdən də «Gürcü arzusu»nda istisna etmirlər ki, Canelidze prezident postuna uğurlu bir namizəddir. Hakim koalisiyanın böyük bir hissəsi 36 yaşlı nazirin prezident ola biləcəyini istisna etmir. 2018-ci il prezident seçkilərindən sonra isə ölkənin birinci şəxsini seçmək hüququna malik 300 şəxs seçəcək.

Belə bir mürəkkəb durumda isə Gürcüstanda «beşinci kolon» rolunu oynayan «Gürcüstan Vətənpərvərlər Alyansı» təkrarən Moskvaya səfərə hazırlaşır. Səfər oktyabrın əvvəlinə planlaşdırılıb. Bu dəfə də onların Dövlət Duması və Federasiya Şurasında görüşləri nəzərdə tutulub. Hazırda Tbilisidə partiyanın 17 üzvünün aclıq aksiyası davam edir. Onlar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı dayandırmayacaqlarını bəyan ediblər. Tələblər isə belədir – normal konstitusiya islahatlarının aparılması, Moskva ilə tez bir zamanda dialoqun qurulmasına başlamaq və «Gürcüstan-NATO-Rusiya» komissiyasının yaradılması. Hərəkatın liderləri sırasında olan parlamentin vitse-spikeri İrma İnaşvili bildirib ki, xalqın düşmənləri məhz indiki və keçmiş hakimiyyətdir. Onların bu hərəkəti isə Tbilisidə birmənalı qarşılanmır. Hətta hakim «Gürcü arzusu»nda da ikitirəlik var. Onların bir qisimi hesab edir ki, belə bir addım ölkənin imicinə zərbə vurur, digərləri isə bunu mənasız addım hesab edirlər. Yəni bu səfər yaxşı və pis heç nə vəd etmir. «Vahid Milli Hərəkat» isə «vətənpərvərlər»in addımlarının təhlükəli olduğunu bildirərək, onları işğalçılarla işbirliyində ittiham edir. (kaspi.az)

 





21.09.2017    çap et  çap et