Vaxt.Az

Şəmsəddin Hacıyevin günəşi sönür


 

Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür

Şəmsəddin Hacıyevin günəşi sönür Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Baş prokurorluğun mətbuat xidməti tərəfindən virtualaz.org-a göndərilmiş rəsmi məlumatda bildirilir.

Məlumata əsasən ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi müəyyən olunub.

Eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr  müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

«Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir», - Baş prokurorluq bildirir.

Xatırladaq ki, sentyabrın 19-da Hesablama Palatası Dövlət İqtisad Universitetində 2012-2014-cü illəri əhatə edən dövrlə bağlı aparılmış auditin nəticələrinə dair xüsusi kollegiya iclası keçirib. Həmin illərdə deputat Şəmsəddin Hacıyevin universitetdə rektor idi. Hansı ki, mətbuatda dəfələrlə Şəmsəddin Hacıyevin universitetdə qurduğu korrupsiya mexanizmi barədə faktlar dərc edilmişdi.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Baş prokurorluğun məlumatında cinayət işinin universitetin hansı vəzifəli şəxsləri barədə qaldırıldığı göstərilmir. Lakin böyük ehtimalla bu cinayət işi Şəmsəddin Hacıyevi də əhatə edəcək. Əgər ona qarşı cinayət ittihamı irəli sürülərsə Baş prokurorluq deputatın mandatının alınması ilə bağlı Milli Məclisə müraciət etməlidir.

 





21.09.2017    çap et  çap et