Vaxt.Az

Orduda «Əbiyevçi»i ovu davam edir


 

Sabiq nazirin adamlarını bir-bir «dənləyirlər»; Ali Hərbi Məktəbin daha bir yüksək rütbəli zabiti qandallandı; Hərbi Dəniz Qüvvələrində isə total yoxlamalar başlayıb, Səfər Əbiyev ətrafında halqa daralır!

Orduda «Əbiyevçi»i ovu davam edir Dünən həbs edilən polkovnik-leytenant Namiq Nəbiyev də, ondan əvvəl tutulanlar da sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın kadrlardır. Sabiq nazirlə yaxın münasibətlərini gizlətməyənlərdən biri də Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şahin Sultanovdur.
Artıq Hərbi Dəniz Qüvvələrində (HDQ) yoxlamalara başlanılıb. «Yeni Müsavat» qəzeti yazır ki, Bu barədə hərbi mənbələrdən «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə məlumat verilib. Məlumatda bildirilir ki, yoxlamaların hədəfi əsasən bu qoşun növündə büdcə vəsaitlərinin necə sərf olunduğunu araşdırmaqdır. Bir sıra məlumatlara görə, HDQ rəhbərliyində olan bir sıra şəxslər çaşqınlıq içərisindədir. Onların əksəriyyəti sabiq nazir Əbiyevə yaxınlığı ilə seçilir. HDQ komandanı Şahin Sultanovun yaxın ətrafını «sakitləşdirməyə» çalışdığı deyilir. Məlumatda bildirilir ki, yoxlama qrupu mühasibatlıq sənədlərini xüsusi diqqətə götürüb, bəziləri həmin sənədlərin məhv edilməsi ehtimalından danışırlar. Ş.Sultanovun aparılan yoxlamalardan narazı qaldığı, ölkə rəhbərliyinə çıxış əldə etməyə çalışdığı deyilir.
Eyni zamanda HDQ-də aparılan araşdırmaların istiqamətləri də bəllidir:
1) Gəmilərin texniki vəziyyətinin yaxşılaşmasına, sazlığına ayrılan pulların xərclənməsi vəziyyəti;
2) Vəzifə və rütbələrin verilmə prosesində olan qanunsuzluqlar;
3) Ərzaq, yanacaq-sürtkü materiallarının istifadəsində qanunsuzluqların olması barədə ehtimallar;
4) Tədris və məşğələlərin keçirilməsi istiqamətində ortaya çıxan problemlər;
5) HDQ-i köcürülən zaman 40 yaxın ailənin mənzil hüquqlarının pozulması, pullarının, kompensasiyaların bir hissəsinin mənimsənilməsi istiqamətində ortaya çıxan məlumatlar və s.
Ekspertlərin sözlərinə görə, Ş.Sultanov vaxtilə Əbiyev qruplaşmasının əsas aparıcı şəxslərindən biri kimi həm də Hərbi Dəniz Qüvvələrində «əbiyevşina»nın əsasını qoyan və inkişaf etdirən admiraldır. Onun Əbiyevlə sıx münasibətlərinin hələ də qaldığı bildirilir. Hərbi mənbələrdən verilən məlumata görə, bütün bu məsələlərin, o cümlədən Ş.Sultanovun S.Əbiyevlə bağlılıq dərəcəsi və «əbiyevşina»nın HDQ-da kök atması məsələlərinin araşdırılması  eyni zamanda milli təhlükəsizlik orqanlarına həvalə edilib.
HDQ-də yoxlamalar, AHM-dəki həbslərin bir-birinin ardınca həyata keçirilməsi sabiq nazirin də tezliklə həbs olunacağı haqda xəbərləri intensivləşdirib. Bu arada Səfər Əbiyevin istintaqa cəlb olunması haqda təkzib edilməyən xəbərlərin yayılması da son məlumatlarda həqiqət yükünün böyük olduğunu deməyə əsas verir. Bundan əvvəl isə belə xəbərlər yayılmışdı ki, Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi tərəfindən Ali Hərbi Məktəbinin texniki parkının, xüsusilə də avtobuslarının durumu ilə bağlı araşdırmalar başlayıb. Nəticədə iri miqyaslı yeyinti faktları ilə üzə çıxıb.
Məlum olub ki, bir neçə il bundan öncə S. Əbiyevin göstərişi ilə müdavimlərin, zabit heyətinin, müəllimlərin və texniki heyətin daşınmasını həyata keçirən avtobusların köhnəlməsi əsas gətirilərək onlar sıradan çıxarılıb. Daha sonra Əbiyevin tapşırığı ilə məktəbə yeni avtobusların alındığı barədə məlumat olsa da, araşdırmalar nəticəsində bəlli olub ki, həmin avtobuslar Ali Hərbi Məktəbə gətirilməzdən əvvəl rəngsazlar tərəfindən rənglənib. Qısamüddətli istismardan sonra MDB-də istehsal olunmuş həmin avtobuslarda texniki nasazlıqlar əmələ gəlməyə başlayıb, hazırda onların böyük əksəriyyəti nasazdır. Sonradan bəlli olub ki, köhnə avtobusları Azərbaycan Ali Hərbi Məktəbinə təzə adı ilə sənədləşdiriblər. Bu maxinasiyanın S.Əbiyevin razılığı ilə həyata keçirilməsi haqda da məlumatlar yayılıb.  
Belə məlumatlar da var ki, Ali Hərbi Məktəbdə həbslər davam edəcək. Növbədə Səfər Əbiyevə yaxın kadrlardan olan Hərbi Mühəndis Kafedrasının rəisi olan polkovnik-leytenant Həsən Məmmədovdur. Bu şəxsin adı bir qədər əvvəl Zakir Həsənovun əmrini yerinə yetirməməkdə çəkilirdi. Qeyd olunurdu ki,  müdafiə nazirinin əmri ilə Hərbi Mühəndis Kafedrası rəisinin müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Şeydayev Ruslan Fərhad oğlu 15 yanvar 2014-cü ildə Ali Hərbi Məktəbdə gəlsə də H.Məmmədov tərəfindən öz iş otağına buraxılmayıb. O,  Ruslan Şeydayevə müəllimlər otağında oturmağı əmr edib.  Əldə olunan məlumatlara görə, Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev işə qarışıb. Onun tapşırıqlarına baxmayaraq, H.Məmmədov kafedra rəisinin xidməti iş otağını azad etmək istəmir. 
S.Əbiyevə yaxın kadrların müqaviməti onu deməyə əsas verir ki, yeni müdafiə naziri «təmizləmə» əməliyyatlarını davam etdirməyəcəyi təqdirdə normal idarəçilik sistemi qura bilməyəcək. «Əbiyevçi»lərin müqavimətini isə onun özünün həbs etməklə qırmaq ən optimal variantlardan biridir. Hakimiyyət daxilində də bunun fərqindədirlər  və sabiq nazirin azından istintaqa cəlb edilərək «tərki-silah» olunması mümkün variantlardan biri sayılır.
Mövzunu davam etdirəcəyik.
 





24.01.2014    çap et  çap et