Vaxt.Az

Avtokredit qadağası maşın bazarı ilə bankları çökdürür


 

Məşhur firmaların satış mərkəzləri «qan ağlayır»

Avtokredit qadağası maşın bazarı ilə bankları çökdürür «Vəziyyət necə olacaq? Çox pis. Bizim satışın əsas hissəsini kredit təşkil edir. Bu qadağadan sonra satış azalıb, necə olacağını da bilmirik. Bəlkə yenə siz bilərsiniz, mətbuatsız, düzələcək ya yox. Çünki belə davam edə bilməz. Bankların qərarını gözləyirik».
«Yeni Müsavat» qəzeti bununla bağlı araşdırma aparaıb. Bu giley-güzarı paytaxtın Babək prospektindəki «Peugeot» avtosalonunun Xalid adlı satış meneceri edir. Menecerin sözlərinə görə, Mərkəzi Bankın avtokreditlərin dayandırılması barədə özəl banklara göstərişi onların işinə ciddi ziyan vurub. 
Həmsöhbətimiz deyir ki, kreditlə avtomobil almaq istəyənlər əliboş qayıdır. Vəziyyətdən necə çıxmağın yollarından danışan Xalid bəy bildirir ki, onlar özəl bankların qərarını gözləyirlər:  «Konkret olaraq bir ay ərzində kreditlə neçə avtomobil satdığımızı deyə bilmərəm. Amma bu, satışın çox böyük hissəsini təşkil edirdi. İndi alıcıların əksəriyyəti avtomobili kreditlə götürürlər. 
Başa düşmək olmur ki, niyə belə qərar verilib. Neçə gündür ki, iş zəifləyib və kreditlə avtomobil verə bilmədiyimiz üçün müştəriləri itiririk. Əgər qərar dəyişməsə, avtomobil bazarında vəziyyət ağırlaşacaq». Onun sözlərinə görə, digər avtosalonlarda da vəziyyət ürəkaçan deyil. 
Elə bu fikirləri yaxınlıqdakı «Gelly Auto Azerbaijan» satış mərkəzində çalışan xanım da təsdiqləyir. Qısa şəkildə vəziyyəti şərh edən avtosalon əməkdaşı bildirir ki, nəzərlər banklara yönəlib. Artıq bir neçə gün ərzində ciddi itkilər verən avtomobil salonu müştərilərin kreditə üstünlük verdiyini bildirir. Avtosalon işçisinin sözlərinə görə, bu qadağa onlara ağır zərbə olub.  
«Audi» avtosalonunda isə mənzərə bir az fərqlidir. Satış meneceri deyir ki, onlar sırf firmaya məxsus avtomobillər satırlar. Ona görə də bura müraciət edən müştərilər əsasən nağd ödəmə yolu ilə avtomobil almağa üstünlük verir: «Adətən bura gələn müştərilər dövlət sektorunda işləyən, yaxud müəssisə rəhbəri olan vətəndaşlardır. Onlar iş yerindən arayış təqdim edə bilirlər. 
Bizim satışın 50 faizini kredit, 50 faizini nağd təşkil edir. Elə avtosalon var ki, onların satışının 80 faizi kreditdən asılıdır. Bu da onlara çox ağır zərbədir. Bizə də təsirsiz ötüşmür. Əgər 50 faiz kreditlə satış varsa, deməli, təsir etməlidir».
Menecer bildirir ki, taksi sürücüləri, ilkin ödəniş ödəyib kredit götürənlər üçün bu qərar şok effekti yaradır: «Onlar nağd ala bilmirlər. Avtosalonlar da nağd satışdan çox qazana bilmir. Çünki hər kəsin nağd almaq imkanı yoxdur. İndi gözləyirik görək necə olacaq. Deyirlər ki, düzələcək, müvəqqətidir. Düzəlməsə, çox ciddi təsir edəcək».
Digər avtosalonlarda da vəziyyət analojidir. Hətta bir neçə satış mərkəzi öz daxilində kredit hesabı açıb və vətəndaşlara bu variant təklif edilir. Qalan avtosalonlar isə qərarın dəyişəcəyinə və əvvəlki qaydanın bərpa olunacağına ümid edir. Bununla yanaşı, banklarda avtokreditlərin dayandırılmasının icrasına artıq start verilib. 
Məsələn, «Bank of Baku» artıq bu qadağaya əməl edir. Bankın «Neftçilər» filialı ilə müştəri kimi əlaqə saxlayıb öyrəndik ki, artıq yanvarın 16-dan avtokredit vermirlər.
«AccessBank»ın Babək filialından isə bildirildi ki, yanvarın 22-dən etibarən avtokredit vermirlər. Bank əməkdaşı bir-iki həftə ərzində avtokredit verilişinin bərpa oluna biləcəyini dedi. 
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun araşdırmalarına görə, bəzi banklar yenidən maliyyələşdirmə adı altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli şərtlərlə kreditlər vəd edirlər: «Borclarını qaytara bilməyənlər isə başqa banklara və şəxslərə olan borclarını qaytarmaq üçün onlara üz tuturlar. Təbii ki, bu halda Mərkəz Bankda yaranmış narahatlığı başa düşmək lazımdır». 
İqtisadçı-ekspert Vüqar Bayramov isə ANS-ə açıqlamasında bu növ kreditlərin dayandırılmasının bazara ciddi təsir edəcəyini deyib. Ekspertin fikrincə, Azərbaycanda hər 10 maşından 6-sı bank kreditləri vasitəsilə alınır: 
«Bu gün xüsusilə də avtosalonlarda satılan avtomobillərin təxminən 60 faizi bank kreditləri vasitəsilə alınır. Sözügedən kreditlərin verilməsinin dayandırılması bazarda aktivliyin azalmasına gətirib çıxaracaq. Bu növ kreditlər əsasən bahalı, ili təzə avtomobillər üçün alındığından hesab edirəm ki, istehsal ili təzə olan avtomobillərə tələbat azalacaq. Bu isə onların qiymətinə ciddi təsir edəcək. Bu yenilik həm bankların, həm də avtosalonların fəaliyyətinə mənfi təsir edəcək». 
Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyev isə ANS-ə bildirib ki, banklara rəsmi bir göstəriş olmayıb. N. Əliyev kreditlərin dayandırılmasının bankların daxili siyasəti olduğunu deyib. 
Yada salaq ki, bir neçə gün öncə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun qadağası bütün banklara elan olunub.
 





24.01.2014    çap et  çap et