Vaxt.Az

Dar şalvar, sıx büsqalter, hündürdaban ayaqqabılar


 

«Gözəllik ondur, doqquzu dondur» deyimi dəbdən düşüb?

Dar şalvar, sıx büsqalter, hündürdaban ayaqqabılar Geyim də bir mədəniyyətdir. Elə bir mədəniyyət ki, o, insan haqqında ilk təəssürat yaradır. Elə-belə deməyiblər ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Sözsüz ki, geyimlə ağıl yaxşı mənada bir-birini tamamlayırsa bu olduqca müsbət haldır. Amma bunlarla yanaşı, geyim mədəniyyəti ilə sağlamlığın da birbaşa əlaqəsi var.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da bu haqdadır.

Müasir dövrdə, xüsusilə, gənclər dəbin tələblərinə uyğun olmaq üçün, yaxud daha arıq görünməyə görə dar paltarlara üstünlük verirlər. İlk növbədə onu qeyd etmək lazımdır ki, dar paltarlar normal qan dövranını pozur, ginekoloji və onurğa sütunu problemlərinə səbəb olur.

Bel kəmərlə həddindən artıq sıxılıbsa, çanaq orqanlarında qanın dövranı ləngiyir. Buna görə dəbə uyğun seçilmiş bel kəmərini hədsiz dərəcədə sıx vəziyyətdə saxlamaq yolverilməzdir.

Qadınlarda dar şalvar, o cümlədən dar alt paltarı ginekoloji xəstəliklərin kəskinləşməsinə və inkişafına, yumurtalıq xərçənginə səbəb ola bilər.

Kişilərdə isə dar şalvar geyinmək potensiya ilə bağlı ciddi problemlər yarada bilər.

Korsetlər qaraciyəri, mədəaltı vəzini və öd kisəsini sıxır və bu orqanlarda durğunluq hallarına gətirir. Buna görə də korsetlər gündəlik istifadə üçün yaramır. Mütəxəssislərin fikrinə görə, orqanların daima sıxılması toxumaların və hüceyrələrin cırlaşmasına səbəb ola bilər.

Bəzən elə düşünülür ki, onurğanın boyun nahiyəsində, əllərdə və çiyinlərdə ağrılar yalnız oturaq iş zamanı yaranır. Bu cür ağrılara dar büsqalterlər də səbəb ola bilər. Çiyinbağlar çiyindən ələ qədər gələn siniri sıxaraq onu travmaya məruz qoyur.

Mütəxəssislər hesab edirlər ki, məhz çiyinbağlara görə, bəzi qadınlar əllərin keyləşməsini, barmaqlarda arabir sancmalar hiss edirlər. Sıx büsqalterlər ağciyərlərə də ziyandır və yaxşı nəfəs almağa imkan vermir. Sıx büsqalterlər həm də süd vəziləri xəstəliklərinə, mastopatiyaya səbəb ola bilər. Ən yaxşısı kətan parçadan büsqalter seçməkdir, o, təri hopdurur və hava dövranını pozmur.

Kişilərə qalstuklarını çox bərk sıxmaq, köynəklərinin yuxarı düymələrini bağlamaq məsləhət görülmür, çünki bu zaman qanın beyinə axını çətinləşir. Ateroskleroz zamanı beyinin qanla təchizatı zəif olduqda bu xüsusən təhlükəlidir. Dar yaxalıq beyinin işinə mane olduğuna görə sağlam kişilərin iş qabiliyyətində də öz əksini tapa bilər.

Həmçinin, dar ayaqqabı geyinmək də insan sağlamlığının düşmənidir. Dar ayaqqabı damarların varikoz genişlənməsinə, barmaqların əyilməsinə, döyənəklərin əmələ gəlməsinə səbəb ola bilər.

Əgər ayaqqabı dar olmaqla yanaşı, həm də hündürdabandırsa o zaman onurğa və diz oynaqları ilə problemlərin yaranmasını da gözləyin.

«Gözəllik ondur, doqquzu dondur» deyimi bir həqiqətdir. Amma daha böyük bir həqiqət də var ki, ən böyük gözəllik insanın sağlamlığıdır.

 





24.09.2017    çap et  çap et