Həbsdən çıxıb ölkəni tərk edəndən sonra Leyla Yunus və əri yenidən əvvəlki «görkəmlərinə» qayıdılar, Azərbaycan hökumətinə və prezidentinə qarşı kampaniyaya başlayıblar.
Əslində isə vəkil kitabında Leyla Yunusun həbsdən yazdığı məktublara istinad edərək onun hakimiyyətlə hər cür işbirliyinə getməyə hazır olduğunu göstərir. Həmin məktublardan birində Leyla Yunus yazırdı: «Hakimiyyət məni həbsxana əclafına çevirmək istəyir. Mən əclaf olmağa hazıram, lakin azadlıqdakı əclaf». Hakimiyyət isə belə görünür ki, Leyla Yunusa azadlıqdakı «əclaf» olmağa şans yaratdı.
Elçin Qəmbərov yazır: «25 illik vəkillik fəaliyyətim ərzində bir çox ictimai-siyasi xadimləri müdafiə etmişəm. Praktikamda bundan çıxış edirdim ki, vəkil siyasi baxışlara münasibətdə qərəzsiz olmalıdır. Mən adamın özünü yox, onun hüququnu müdafiə etməliydim. Əlbətdə, elələri olub ki, insan kimi məndə simpatiya, yaxud antipatiya yaradıb, halına acıdıqlarım da olub. Lakin həmişə çalışmışam ki, emosiyalar peşəkarlığa üstün gəlməsin.
Müştərilərimdən heç kimə Leyla Yunus qədər əmək sərf etməmişəm, halına bu qədər yanmamışam. Mən ona həbsdə necə ağır olduğunu görürdüm-mənəvi və fiziki baxımdan. Komfort həyat tərzinə vərdiş etmiş 60 yaşlı qadına həbsxana asan deyil. Vəkillik öhdəliklərimi saya almayaraq il yarım ərzində qar, yağış demədən həftədə 2-3 dəfə ona baş çəkdim, hərçənd qonorar kimi simvolik məbləğ alırdım. Onun haqqında məqalələr yazdım, KİV-lərdə çıxış etdim, diplomatik korpusun nümayəndələri və beynəlxalq təşkilatlarla görüşdüm, Leyla Yunusun şəxsi xarakterli tapşırıqlarını belə yerinə yetirdim. Lakin insan nə qədər alçaq olar ki, bütün bunlara görə mənə «sağ ol» demək əvəzinə azadlığa çıxan kimi haqqımda böhtan yaya, məni qaralamağa çalışa.
Nəhayət mən bu sualın cavabını tapdım. Axı qeyri-ixtiyari olaraq onun nankorluğunun, satqınlığının və hakimiyyət qarşısında necə alçalmasının şahidi olmuşdum. Leyla Yunusun həbsdən buraxılmasından və Azərbaycanı tərk etməsindənil yarım keçir. Vəkillik etikasına sadiq qalaraq həbsdə olanda onun hərəkətləri barədə heç vaxt danışmamışdım. Lakin indi Leyla Yunus mənimlə müharibəyə başladığına görə onun qarşısında mənəvi öhdəliklərim qalmır. Sənədləri və qeydləri oxuyanda belə qənaətə gəlirəm ki, mən Leyla Yunusun özü barədə «əyilməz dissident» imici yaratmasının yolunda yeganə əngələm.
Leyla Yunusun ilk addımlarından mənə aydın oldu ki, o, azadlığa çıxmaq üçün hər şeyə hazırdır! Satqınlığa, alçalmağa, şantaja, simulyasiyaya, ikiüzlülüyə, riyakarlığa...»
Vəkil Leyla Yunusun əsl sifətini açmaq üçün onun həbsxanadan yazdığı məktubları dərc edir. Belə məktublardan birini Leyla Yunus qızı Dinara vasitəsilə ABŞ Dövlət Departamentinin əməkdaşı Vendi Silvermana yazıb.
Məktubda deyilir: «Gərək Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri aydın bildirsinlər ki, əgər sülhün, xalq diplomatiyasının tərəfdarları Bakıda həbsxanada saxlanılırsa İlham Əliyevin sülhə nail olmaq istəyinin səmimiliyinə inanmaq mümkün deyil! Əgər bir həftə, bir ay ərzində Leyla və Arif Yunus azadlığa buraxılmasa,-hansı ki, onları Ermənistana casusluqda və sülhə can atmaqda günahlandırırlar,-o zaman biz bəyan etməli olacağıq ki, İlham Əliyev sülhə sadiq deyil və Ermənistana dəstək versinlər».
Leyla Yunus digər məktubunda qızını təlimatlandırır ki, aşağıdakı tezisi tirajlasın: «Hakimiyyət Azərbaycanı tolerant, multkultural ölkə kimi tanıtmaq istəyir. Ancaq orta məktəb dərsliklərini oxumaq kifayətdir ki, dəhşətə gələsən. Orada uşaqları necə xristianlara, əlbətdə, ilk növbədə ermənilərə nifrət üzərində yetişdirirlər, tarixi, keçmişi saxtalaşdırırlar».
Leyla Yunusun gündəliyindəki qeydlərdən, 15 sentyabr, 2014-cü il:
«Hakimiyyət nəyə görə mənimlə azadlıqda olanda anlaşmağa cəhd eləmədi? Axı anlaşma həmişə mümkündür. Mənə deyərdilər ki, nə olar, nə olmaz. Mən qadın və ailələrin hüquqlarının müdafiəsi ilə bağlı kiçik qrantlarla məşğul olardım. Prezident başa düşmür ki, beynəlxalq təzyiqlər artan xətlə gedəcək? Ona yersiz problemlər nəyə lazımdır? ABŞ mənim həbsimi İlham Əliyevə bağışlamayacaq, axı mən son illər ancaq Amerika qrantları ilə işləmişəm. Prezident Qərblə birbaşa toqquşmaya gedir və Qərb onu dəyişmək barədə düşünməli olacaq».
Elçin Sadıqov yazır ki, o, həmin qeydləri oxuyana qədər Leyla Yunusu ağıllı adam hesab edirdi. Ancaq qeydləri oxuyanda ona məlum olub ki, Leyla Yunus maniyaya yoluxub, səmimi şəkildə inanır ki, onun həbsinə görə ABŞ İlham Əliyevi devirəcək. Onu həbs etdiklərinə görə az qala geosiyasi toqquşma baş verəcək.
Vəkil Leyla Yunusun həbsdə olarkən prestijli beynəlxalq mükafatları almaq üçün necə can atmasından da bəhs edir. Belə ki, dostları Leyla Yunusu Saxarov mükafatına əsas namizəd olduğuna inandırmışdılar. Heç onun özü də buna şübhə etmirdi. Çünki özünü Avropa və ABŞ strukturlarında məşhur, nüfuzlu fiqur sayırdı.
Xəbər gələndə ki, həmin mükafatı Konqodan olan həkim-ginekoloq Denis Mukveqeyə veriblər, Leyla Yunus şoka düşüb. Hansı ki, konqolu həkim müharibə zamanı zorlanmış 40 minə qədər qadına təmənnasız yardım etdiyi, münaqişə zonasında olan qadınlara və uşaqlara tibbi yardım göstərdiyi bir vaxtda Leyla Yunus mənimsədiyi qrantla hesabına mülkər alır, xarici ölkələri gəzib ağzı köpüklənə-köpüklənə insan haqlarından danışırdı.
Leyla Yunusun bu mükafatla bağlı qızına yazdıqlarından: «Bunları bilməlisən-Avropa Parlamentinin deputatlarına de ki, mənə Saxarov mükafatı verməklə onlar 2 insan həyatını xilas edə bilərdilər, Afrikadakı həkim isə ölməzdi, o, azadlıqdadır. Çox xahiş elə ki, yenidən məni atanla birlikdə həmin mükafata namizəd irəli sürsünlər. Biz hər halda 2016-cı ilə qədər həbsdəyik».
Yaxud məktubdan digər sitat: «Avropa Parlamentindəki yaşıllara de ki, mənə bu mükafatı verməməklə bizi atanla həbsxanada ölümə tərk etmiş oldular. De və ağlamaqdan qorxma, de ki, bizi real olaraq öldürürlər».
«Hökmən çatdır, Avropa Parlamentinin deputatlarına bildir ki, onlar mənə bu mükafatı vermədilər. Hərçənd Rusiyadan olan həmkarlar mənim namizədliyimi dəstəkləyiblər. De anam həbsxanada əzab çəkir, mükafatı verdikləri adama isə bunu iki il sonra da vermək olardı. Soruş, mənə qarşı niyə belə etdilər?»
«Paolodan soruş ki, Saxarov mükafatını niyə mənə vermədilər? Onlar Azərbaycan səfirinə inandılar ki, mən rüşvətxoram? Bəlkə 2015-ci ilin payızında məni yenidən namizəd irəli sürüb nəhayət bu mükafatı versinlər?»
Leyla Yunusun ABŞ-da yaşayan qaynı Ramiz Yunusa yazdıqlarından: «Ramiz, Dövlət Departamenti ilə danışmaq lazımdır. ABŞ-ın Bakıdakı səfirliyi mənim «Qadın mərdliyi» mükafatına namizədliyimi irəli sürüb. Onlar bu mükafatı mənə verməyə hazırlaşırlarmı? Mən Dövlət Departamenti tərəfdən heç bir fəallıq görmürəm».
Ramiz Yunus isə cavab məktubunda yazır ki, ABŞ Konqresində, xarici əlaqələr Komitəsində olub, səfir Robert Sekutanın namizədliyinin müzakirə olunduğu dinləmələrə qatılıb. «Bəzi dostlarımızı orada gördüm. Sənin «Wumen of Valor» mükafatına namizədliyini Bakıdakı səfirlik Dövlət Departamentindəki dostlarımıza təqdim edib. Dövlət Departamenti isə qalibi dünya üzrə səfirliklərdən göndərilmiş namizədlər arasından seçir. Ona görə də Bakıdakı səfirlikdən xəbər gözləmək lazımdır. Əsas odur proses başlayb. Sənin və Arifin məktubları çoxdan Dövlət Departamentində, Konqresdəki dostların masalarının üstündədir.
Mükafata gəldikdə isə Dövlət Departamentində dedilər ki, Azərbaycanda da yaxşı olar kimsə sənin namizədliyini irəli sürsün. Həbsdə olmayan və onların etibar etdiyi biri. Mən Bakıdakı dostlarımızla əlaqə saxladım, sən onları tanıyırsan. Onlar müvafiq məktubu hazırlayb səfirliyə göndərəcəklər və müvəqqəti işlər vəkili Derek Hoqanla görüşəcəklər. Biz Arif üçün də mükafat tapmışıq və hazırda dostlarımızla onun reallaşdırılmasına çalışırıq. Sonrası isə «Maqnitski qanunu»nun ssenarisi üzrə gedəcək. Yaddan çıxarma ki, həmin qanunun müəllifi senator Kardindir və sizin azadlığınız onun üçün prinsipial məsələdir».
Leyla Yunus bu cavabdan narazı qalıb və yazır: «Mən bilirəm namizədliyi səfirlik irəli sürür. Odur ki, qoy səfir Sekuta və onun müavini Derek informasiyanı tez göndərsinlər. ABŞ səfirliyi Prezident Aparatının şöbəsi kimi işləyir. Senator Kardin isə Bakıda olub və heç nə eləməyib ki, Ariflə biz azadlığa çıxaq. Həbsxanada mənimlə son ay yarımda elədikləri göstərir ki, İlham Əliyevə heç kim sərt nəsə deməyib. Sənin yazdığın təzyiqlər yoxdur. Azərbaycan Rusiya deyil ki, ABŞ-ın təzyiqlərinə bu qədər dayansın. Sadəlövh olma».