Vaxt.Az
«Sərkisyan zəifləyib, oyuna Köçəryan atılır»
«Ermənistan danışıqları davam etdirməyə məcburdur»
Bu gün Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Nazirlərin görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.Dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün Parisə yola düşüb. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi xəbərə görə, nazir Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Yanvarın 24-də isə E.Məmmədyarovun Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşü nəzərdə tutulub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr davam etdiriləcək. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərini iştirakı ilə keçiriləcək.
Görüş ərəfəsində İrəvanda brifinq keçirən E.Nalbəndyan Dağlıq Qarabağ nizamlanmasında danışıqlara alternativ olmadığını bildirib. Cəbhə xəttindəki insidentlərə gəldikdə isə E.Nalbəndyan bu cür halların danışıqlar prosesinə əlavə maneələrin yaratdığını desə də, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb: «Danışıqların alternativi yoxdur».
Ermənistan xarici siyasət idarəsi rəhbəri yanvarın 23-də Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.
Bu gün isə Azərbaycan Xarici İşlər naziri E. Məmmədyarovla bir araya gələcəyini təsdiqləyib.
Politoloq Rasim Ağayev «Gündəlik Teleqraf» qəzetinə bildirib ki, nazirlərin görüşü öz-özlüyündə müsbət hadisədir. Onun sözlərinə görə, tərəflərin bir neçə il danışıqlar aparmadıqdan sonra yenidən bir araya gəlmələri normal haldır: «Ermənistan bir bəhanə taparaq sülh prosesindən kənarlaşmışdı. Amma onlar özbaşına deyillər axı... Baxmayaraq ki, Ermənistanı ABŞ başda olmaqla Qərb, o cümlədən Rusiya əzəl gündən dəstəkləyir. Hətta, Ermənistanı bu işə təhrik edənlərdən biri Rusiyanın məxfi dairələri ilə yanaşı, elə Amerikanın özü olub. Buna baxmayaraq onlar danışıqlar prosesini davam etdirməyə məcburdurlar. Çünki danışıqlar olmayan yerdə, onun əvəzində nəsə olmalıdır. Bu nəsənin də adı konfrontasiya, qarşıdurmadır. Burada müxtəlif daxili siyasi və xarici səbəblər var. Həmin səbəblərdən biri elə hazırda Ermənistanda mövcud olan hakimiyyət davasıdır. Sərkisyan zəifləyib, kimsə o tərəfdən Köçəryanı oyuna atır».
R.Ağayev deyib ki, bu baxımdan prosesə təkan vermək lazım idi və nazirlərin görüşü də buna xidmət edir: «Nazirlərin görüşü tərəflərin danışıq aparmaq niyyətini göstərir. Bundan hansısa böyük irəliləyiş gözləmək olmaz. Bu görüşdən həm də ona görə böyük nəticə gözləmək olmaz ki, tərəflərin portfelində hansısa yeni təkliflər olmalıdır. ABŞ, Avropa və Rusiya bir ağızdan söyləyirlər ki, prosesin uğurla nəticələnməsi üçün tərəflər kompromisə getməlidirlər. Əminliklə deyə bilərəm ki, Ermənistan belə bir addımın atılmasına hazır deyil. Bu baxımdan mən yaxın gələcəkdə prosesdə hansısa irəliləyiş gözləmirəm».
24.01.2014 çap et