Məsələn, bu yaxınlarda Bakının məşhur restoranlarından birində təşkil olunan belə məclisdə müğənni İzzət Bağırovun cangüdəni ilə məclis sahibi arasında düşən qanlı dava tələbə atasının ölümcül yaralanması, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnmişdi.
Xınayaxdı mərasimlərinin getdikcə daha dəbdəbəli xarakter alması isə bir ayrı məsələdir. İndi bu mərasimlərin evlərdə deyil, restoranlarda, iri şadlıq saraylarında təşkil edilməsi haqda xəbərləri tez-tez eşidirik. Mərasimin adı da müasirləşib, «Hanna Party» olub. Hətta belə mərasimləri təşkil edib bəzəyən xüsusi şirkətlər də meydana çıxıblar. Əvvəllər təkcə xına xonçası ilə yola verilən xınayaxdı «Hanna Party»ə çevriləndən sonra onun təşkilinə ən azı 2-3 min manat tələb olunur.
Bu yaxınlarda isə paytaxtın icra başçılarından birinin qızının Bakının ən elitar mərasim sarayında-«Buta Palace»də keçirilən xına mərasimi barədə görüntülər social şəbəkələrdə yayılmışdı. Mərasimdə məşhur müğənnilər, rəqqasələr qonaqları əyləndirirdi.
Folklorşünas deyir ki…
Bəs xınayaxdı mərasiminin Azərbaycanın milli adət-ənənələrində yeri əslində necə olub? Bu suallarla AMEA-nın Mərasim Folkloru şöbəsinin müdiri Ağaverdi Xəlilə müraciət etdik. Folklorşünas bildirdi ki, xınayaxdı mərasimlərinin milli adət-ənənələrdə yeri var, ancaq indiki kimi təmtəraqlı mərasimlər heç bir adət-ənənədən irəli gəlmir.
«Xınayaxdı mərasiminin bizim ənənələrimizdə yeri var. Lakin bu mərasim əvvəllər çox məhdud çərçivədə, yalnız ailə üzvlərinin, qızın rəfiqələrinin iştirakı ilə toydan qabaq keçirilib. Bu mərasimin toy kimi dəbdəbəli keçirilməsi doğru deyil və bir sıra problemlər yaradır. Onsuz da toyların intensivliyi artıb, kiçik toy, böyük toy, nişan və sair mərasimlərlə yanaşı bir də dəbdəbəli xınayaxdı mərasiminin olması insanların maddi vəziyyətinə mənfi təsir edir. Ümumiyyətlə, belə mərasimlərin toy kimi keçirilməsi bizim ənənələrimizə uyğun deyil», - deyə folklorşünas virtualaz.org-a açıqlamasında bildirir.
Qeyd edək ki, bəzi ölkələrdə, o cümlədən, Tacikistanda toy mərasimlərində israfçılığın qarşısını almaq üçün xüsusi qanun qəbul edilib. Bir neçə gün öncə bu ölkədə qızına toy hazırlığı görən və bəy evi üçün «normadan artıq yemək tədarükü görən» Zaydulla Xudoyorov adlı şəxsin evinə məmurlar gələrək yeməklərin çoxunu müsadirə ediblər. Tacikstanda 2007-ci ildə qəbul olunmuş və «tənzim» adıyla tanınan məşhur qanuna görə, dəbdəbəli toy edənləri 4 min dollar, qanunu təkrar pozanları isə 5 min 700 dollar cərimə cəzası gözləyir.
Azərbaycanda da şadlıq məclislərində israfçılıq, həddən artıq təmtəraq illərdir vaxtaşırı olaraq ictimai müzakirələrə səbəb olur. Bir müddət əvvəl parlamentdə toy və yas mərasimlərini tənzimləmək üçün Tacikistanda olduğu kimi xüsusi qanunun qəbul edilməsi məsələsi qaldırılmışdı, hətta layihə də hazırlanmışdı. Lakin sonradan bu məsələ gündəmdən çıxdı. Bəs bu mərasimləri Tacikistandan fərqli olaraq cammat özü tənzimləyə bilməzmi? Bunun üçün mütləq inzibati qadağalar olmalıdırmı?
«Azərbaycanda toy mərasimləri sırf vəhşi və mədəniyyətsiz xarakter daşıyır»
Millət vəkili Fazil Mustafa hesab edir ki, şadlıq mərasimlərimizin, o cümlədən xınayaxdı mərasiminin bu qədər bayağı hal alması cəmiyyətin şöhrətpərəstliyindən irəli gəlir: «Azərbaycanda toy mərasimləri sırf vəhşi və mədəniyyətsiz xarakter daşıyır, heç bir inkişaf eləmiş ölkədə belə bir toy mərasimi yoxdur. Amma təəssüf ki, cəmiyyətimiz şöhrətpərəst olduğuna görə, görməmişlik geniş vüsət aldığına görə sevinməyi və kədərlənməyi də bilmir. Başqasından acıq çıxmaq üçün, başqasına öz var-dövlətini nümayiş etdirmək üçün ailə tədbirini keçirir. İndi uşaqlarını vəzifəli şəxsin övladına vermək, varlı adamlarla qohum olmaq ənənəsi son vaxtlar geniş yayılıb. Bunlar hamısı cəmiyyətlə bağlı məsələlərdir, qanunla tənzimlənən məsələlər deyil. Bunu cəmiyyət özü ayıb saymalıdır», - deyə millət vəkili virtualaz.org-a açıqlamasında qeyd edir.
F.Mustafanın sözlərinə görə, xınayaxdı mərasimi də fırıldağın yeni bir növüdür və bu fırıldağa xalqımızın böyük hissəsi çox məmnuniyyətlə gedir: «Ayrı-ayrı müğənnilərin zənginləşməsi üçün xüsusi bir status yaranıb: «filankəs xənanı yaxşı aparır». Anormal şəkildə, geridəqalmışlıq nümunəsi olaraq adamları yığırlar, əlavə pul yığırlar, şadlıq evlərinin qoxumuş salatlarını insanlara yedirdərək zəhərləyirlər. Amma bizim xalq yeganə xalqdır ki, faydası olan hər şeydən imtina edir. Bu xalqı kim harada bacardı soymağı özünə borc bilir. Şadlıq evi mafiyası da bundan istifadə edir. Baxır ki, bu qədər soyulmağa meylli həriflər var, soyur. Əslində belə mərasimlər təşkil edən adamları məsxərəyə qoymaq lazımdır. Pulun varsa, apar oğluna, gəlininin gələcəyi üçün istifadə et, sıxıntı çəkməsinlər. Pulunu bahasına gedib kiməsə yedirtməyin heç bir adı yoxdur. Xınayaxdı mərasimi də fırıldağın yeni bir növüdür. Bu fırıldağa da xalqımızın böyük hissəsi çox məmnuniyyətlə gedir. Bu nadanlığın, geriliyin bir nümunəsidir».
Təhsilə pul tapmırıq, amma…
Millət vəkili deyir ki, biz tez-tez özümüzü Orta Asiya ilə, İranla müqayisə etsək də, amma ictimai şüur məsələsində onlardan çox-çox geridəyik. Hamı tənqid etsə də, heç kəs özünə düşən funksiyanı yerinə yetirmək istəmir: «Gedin pulunuzu orientasiyası, cinsi, milliyəti bəlli olmayan müğənnilərə pulunuzu yedirin, yüzlərlə qaçqın ac, səfil çöllərdə qalsın. Təhsilə xüyriyyə pulu xərcləməyə adam tapılmır, amma hamı bu pulu toylarda eninə-boluna dağıdır. Bunlar cəmiyyət problemləridir, qanunu bura qatmaq olmaz. Qanun qəbul etsən də etiraz edəcəklər, yaxalarını cıracaqlar ki, bizim xınamız yaxılmasa, biz öləcəyik. Qoy xınalarını yaxsınlar, belə adamların ağıllarına da bir az xına yaxmaq lazımdır. Bir az sünnət toylarını da genişləndirmək lazımdır. Qoy beş dəfə sünnət toyu keçirsinlər, beş dəfə eyni aksiyanı təkrar eləsinlər. Başqa yolumuz yoxdur», - deyə F. Mustafa bildirir.
Buynuz kəndi nümunə ola bilər
Dəbdəbəli şadlıq mərasimlərin bu qədər vüsət alması ziyalılarımızı da narahat edir. Xalq şairi Musa Yaqub deyir ki, əslində bu özünü göstərmək əlamətidir: « Əslində belə dəbdəbəli xınayatı mərasimləri ilə pulu olan insanlar özlərini göstərmək istəyirlər. Mən də nəvəmə toy elədim, amma bircə toy idi, xınayaxdı, paltargördü filan etmədim. Bunlar hamısı mənasız işlərdir. Pulu boş yerə xərcləməkdir. Mən belə böyük, təmtəraqlı tədbirlərin tərəfdarı deyiləm. Kim istəyirsə, öz dost-tanışı ilə, yaxın adamları ilə öz məclisini qursun, əlavə xınayaxdı, kiçik toy kimi məclislərə nə ehtiyac var?»
M. Yaqub hesab edir ki, tövsiyə ilə belə ifratçılığın qarşısını almaq olar: «Mərasimlərdə imkansıza kömək məqsədilə pul yığıla bilər, o da 5-6 manat. Bunu dəb halına salmaq yaxşı deyil. Belə halları tövsiyə ilə aradan qaldırmaq olar. Tövsiyəni camaat, ağsaqqallar özləri eləməlidir. Məsələn, İsmayıllının mənim doğulduğum Buynuz kəndində bir dəfə ağsaqqalar, kənd cammatı yığışdı, qərar verdilər ki, xınayaxdını, nişanı az eləsinlər, ancaq toy eləmək kifayətdir. Həqiqətən də, elə o vaxtdan bu təntənəni yığışdırıblar, ancaq toy edirlər. Ağıllı adamlar o vaxt bunu aradan qaldırdılar və indi də davam edir», - deyə xalq şairi bildirir.