Vaxt.Az

«125 namizədə potensialımız yoxdur»


 

«2015-ci ili gözləmək niyyətində deyilik»

«125 namizədə potensialımız yoxdur» «Siyasi partiyaya çevrilmək istiqamətində aparılan işlər normaldır, müəyyən addımlar atılır. Biz işləyir, sənədlərimizi hazırlayır, adamlarla görüşürük, tədricən təşkilatlanma haqda müzakirələr aparırıq». Bunu Respublikaçı Alternativ Hərəkatının siyasi partiyaya çevriləcəyi haqda fikirlərini açıqlayan qurumun Məclis sədri Erkin Qədirli «Gündəlik Teleqraf»a deyib.
Məclis sədri deyib ki, REAL-ın 2014-cü ildə siyasi partiyaya çevriləcəyi gözlənilmir. Onun sözlərinə görə, bu məsələlər tez bir şəkildə ola bilməz: «Bu il biz tədricən partiyalaşma istiqamətini seçdik. Ancaq bu asan məsələ deyil ki, oturub bəyan edəsiniz ki, biz partiya yaratdıq, artıq siyasi qüvvəyik və s. Hazırda Azərbaycanda qeydiyyatdan keçən 54 siyasi partiya mövcuddur. Bu partiyalar elə mən dediyim formada yaradıldığı üçün adlarını da heç kəs bilmir. Biz isə ciddi işlə məşğuluq. Yavaş-yavaş bölgələrdə insanlarla görüşürük, müzakirələr aparırıq. Bu istiqamətdə tələsmək niyyətində deyilik. Bu prosesi seçkilərə hazırlaşmaq prosesi ilə uyğunlaşdırmağa çalışırıq. Hələlik işləyirik. REAL bu il keçiriləcək bələdiyyə seçkilərində də iştirak etmək niyyətindədir. 
Sözsüz ki, əsas olaraq 2015-ci il parlament seçkiləri hədəf götürülüb. Fikrimcə, hazırda partiyalar bələdiyyə seçkilərinə xüsusi meyl eləmir. Partiyalar nəzərə alır k, yerli özünüidarə orqanlarının heç bir səlahiyyəti yoxdur. Odur ki, bu seçkilərdə iştirak niyyət kimi götürülsə də, əslində heç kimdə həvəs olmur. Bu səbəbdən də, hər kəs istəyir ki, mərkəzi seçkilərdə iştirak etsin. Biz bələdiyyə seçkilərində iştirak etməklə ilk olaraq təcrübə qazanacağıq. İkincisi də, bu bütün hallarda fürsətdir və biz insanlarla görüş fürsəti əldə edir, fikirlərimizi genişləndiririk. Bunun özü böyük işdir».
Erkin Qədirli 2015-ci il seçkilərinə hazırlaşdığını bildirərək əlavə edib ki, onları  başqaları maraqlandırmır: «Seçkilərə kimin necə hazırlaşması hər bir partiyanın öz işidir. Biz artıq öz namizədlərimizi müəyyənləşdirməyə başlamışıq. Bu proses başa çatan kimi siyahımızı da elan edəcəyik. Daha biz 2015-ci ili gözləmək niyyətində deyilik. Seçkilərə indidən hazırlaşmağı vacib sayırıq. 
Odur ki, 2014-cü ildə namizədlərimizin kimliyini cəmiyyətə açıqlayacağıq. Neçə namizədimizin olması daha çox seçkilərin gedişindən asılı olacaq. Bu haqda indidən konkret rəqəm demək doğru olmazdı. Ancaq REAL bütün seçki dairələrini əhatə etməyi düşünmür. Bu ciddi iş də olmazdı. Ciddi iş odur k, sən sağlam nüvə yaradırsan, gerçək iddialı şəxsləri müəyyən edirsən. Hansı ki, onlar həm yerlərdə nüfuzuna, həm intellektual səviyyəsinə, həm də məqsəd və mərama sadiqliyinə şübhə olmayan insanlarla seçkilərə gedirsən. Əslində bu kiçik-kiçik addımlardır. Birdən-birə seçkini udmaq real məsələ deyil. Bu idmanda da, siyasətdə də, iqtisadiyyatda da belədir. İşlər xırda-xırda görülür. Biz də bu yolla davam edirik».
 





24.01.2014    çap et  çap et