Vaxt.Az

Cəbhədən cəbhəyə


 

Fakt və şərh

Cəbhədən cəbhəyə Fakt: «Cəbhə xəttində atəşkəs pozulub. Silahlı qüvvələrin zabiti Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub»
Şərh: Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Hətta ATƏT-in Minsk qrupunun nümayəndələri də atəşə tutulub. Baş verən hadisələrin xarici işlər nazirlərinin bu gün Parisdə keçiriləcək görüşü ərəfəsində olması düşündürücüdür. Həm Ermənistan tərəfi, həmçinin status-kvonun qorunmasında maraqlı olan himayədar dövlətlər sülh prosesinin uğursuzluğa düçar olmasında maraqlıdır. Çünki artıq regionda yeni iri layihələrin başlaması, ərəb dünyasında baş verən proseslərin çıxılmaz duruma düşməsi Qafqazda sülh prosesinin sürətlənməsini tələb edir. Bütün bunların fonunda isə prosesi ləngitmək üçün kiçik miqyaslı həmlələrin baş verməsinə cəhd göstərilir. 
II Qarabağ savaşının başlayıb-başlamaması hər zaman aktual olsa da, mövcud situasiyada hər hansı bir savaşın olacağı gözlənilmir. Lakin bir neçə gündür cəbhədə baş verən hadisələr ictimai rəyin diqqətini cəlb eləmir. Bu ilin əvvəllərindən baş verən gərginliklərə rəğmən, ictimai rəydə cinçıxarmadan tutmuş, hansısa aşığın toyda mahnı ifa etməsi, bir gəncin intiharının şoulaşdırılması, bu intihar fonunda çoxluğun legitim dəyərlərinə olan saldırılar əsas yer tutdu. Nəticədə isə cəbhədə baş verənlər adi bir xəbər kimi yazılıb çizildi. 
Döyüş cəbhəsində bunlar baş verərkən siyasət cəbhəsində bu ayın əvvəllərindən baş verən qarşıdurmalar davam edir. Prezident seçkilərindən üç ay ötməsinə, bu il bələdiyyə, gələn il isə parlament seçkilərinin olmasına baxmayaraq siyasi qüvvələr toparlanmaq əvəzinə qarşılıqlı ittihamlar səslənir.
Cəbhədə atəşkəs hər gün pozulur - ADP sədri Sərdar Cəlaloğlu kondisiologiya adlı elm yaratdığını və Eynşteynin nisbilik nəzəriyyəsini iflasa uğratdığını bildirir.
Cəbhədə atəşkəs pozulur - Milli Şura daxilində Hacıbaba Əzimov, Eldar Namazov, Eldəniz Quliyev agent axtarışına çıxır, bir-birini xüsusi xidmət orqanlarına işləməkdə suçlayırlar.
Cəbhədə atəşkəs pozulur - Müsavat Partiyası daxilində gülməli poçt qutusu qalmaqalı yaşanır. Təsəvvür edin, Müsavat Partiyasının Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşə dəvət məktubu yolda «itib». Müsavat başqanının müavini istefa verən keçmiş başqan müşavirini ittiham edir. Keçmiş müşavir isə məktubdan xəbəri olmadığını bildirir. Bir məktuba sahib ola bilməyənlər, bir xalqın taleyinə sahib olmağa necə iddia edirlər axı. 
Cəbhədə atəşkəs pozulur - AXCP ilə Müsavat Rəsulzadənin məzarının ayrı-ayrı ziyarət etmək məsələsini gündəmlərinə daşıyırlar. 
Cəbhədən cəbhəyə vəziyyət olduqca gərgindir. Əgər dünənə qədər Cəmil Həsənliyə «cənab prezident» deyilirdisə, bu gün artıq onun tərəf tutmasından danışırlar. «Dünən dünən, bu gün bu gündür», amma bu qədər sürət qeyri-səmimilik deyilmi? («Gündəlik Teleqraf»)
 





24.01.2014    çap et  çap et