Fakt budur ki, Azərbaycan və Ermənistan prezidentləri artıq ikinci ildir - ötən ilin Sankt-Peterburq görüşündən bu yana bir araya gəlmirlər. Bu da onsuz da donmuş vəziyyətdə olan danışıqlar prosesinin nə dərəcədə təhlükə kəsb etdiyinin aşkar göstəricisi sayılır. Bu üzdən regionda böyük müharibənin alovlanmaması üçün ən azından, prezidentlərin - Əliyevlə Sərkisyanın daha bir görüşünün baş tutmasını labüd kimi görünür. Ancaq görüş xətrinə görüş də nəyi dəyişəcək ki?
***
Bu arada ABŞ-dakı «beyin mərkəz»lərindən olan «Beynəlxalq əlaqələr üzrə şura» analitik mərkəzinin saytında sabiq amerikalı həmsədr Keri Kavano və Pol Steyrasın yer aldığı təhlili məqaləsində müəlliflər prezident İlham Əliyevlə Serj Sərkisyan arasında növbəti görüşün yeni müharibə ehtimalını azaldacağını qeyd ediblər.
Analitiklər hesab edirlər ki, belə bir mümkün sammit «potensial döyüş əməliyyatlarından danışıqlar stoluna qayıdışa doğru addımı simvolizə eləmiş olardı». Onların qənaətincə, döyüş əməliyyatlarının bərpası bütün regiona, o cümlədən qonşu Gürcüstana sirayət edəcək - o Gürcüstan ki, Azərbaycan qazından asılıdır.
«Hərbi əməliyyatlar enerjidaşıyıcılarının nəqli şəbəkəsini poza bilər. Cənubi Qafqazda sabitsizlik isə Vaşinqtonun onsuz da Rusiya, Türkiyə və İranla gərgin münasibətlərini daha da qəlizləşdirəcək. Öz növbəsində Rusiya hərbi qüvvələrinin konfliktə müdaxilə eləməsi ABŞ-ın Rusiyanın çoxdankı revanşizmini önləmək səylərinə mane olacaq», - deyə müəlliflər ardınca qeyd edilər.
Ekspertlər daha sonra Donald Tramp administrasiyası üçün Qarabağ nizamlanmasının həllinin nə dərəcədə prioritet olması məsələsinə toxunublar: «ABŞ-ın Minsk Qrupundakı müvəqqəti səfiri Riçard Xoqland avqustun 28-də postundan getdi və dərhal da Endrü Şoferlə əvəzləndi - hansı ki, bu yaxınlaradək Vyanada ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili postunu tuturdu. Bununla belə, dövlət katibi Reks Tillersonun bu ilin avqustunda Senatın Xarici əlaqələr komitəsinin sədri Bob Korkerə ünvanladığı məktub bəzi spekulyasiyalara səbəb oldu. Söhbət Dövlət Departamentinin yenidən qurulması çərçivəsində həmsədrlik postunun ixtisara düşməsindən gedir. Bu mövqe qalarsa, Şofer yeni səfir postuna təyinat almaya bilər. Bu isə o anlama gələ bilər ki, ABŞ açıq şəkildə Qarabağ məsələsində öz mövqeyindən Rusiya və Fransanın xeyrinə geri çəkilir. Yəni Amerikanın ATƏT çərçivəsində nizamlama ilə bağlı maraqlarının zəifləməsi kimi anlaşıla bilər».
Məqalədə Azərbaycan və Ermənistan prezidentlərinin bu il ərzində görüşüb-görüşməyəcəyi ilə bağlı suala da toxunulur və suala cavab açıq saxlanılır: «Hər iki prezident BMT Baş Məclisinin sessiyasında iştirak elədi, lakin görüşmədilər. Bunun əvəzinə onlar öz çıxışlarında barışmaz prinsipial tələbləri (ərazi bütövlüyünə münasibətdə öz müqəddəratı təyinetmə) qabartdılar, öz xalqlarına qarşı kütləvi qətllər və hərbi cinayətlərdən danışdılar və qarşı tərəfi 2016-cı ilin aprelində təxribatlarda suçladılar. Hərçənd liderlərdən hər biri münaqişənin dinc həllinə sadiqliyi barədə qısaca danışdılar, əslində isə onların çıxışları göstərdi ki, bu nə dərəcədə uzaq bir hədəfdir».
İstənilən halda amerikalı ekspertlər hesab edirlər ki, BMT-də nazirlərin bu ay baş tutan görüşü başqa diplomatik nümayəndəliklər, o cümlədən Türkiyə və İran üçün əla motiv ola bilər. O mənada ki, BMT meydanlarında görüşüb Dağlıq Qarabağ probleminin daha yaxşı necə həll eləməklə bağlı müzakirə aparsınlar. BMT Baş Məclisi həmçinin ABŞ-ın yeni administrasiyası üçün belə bir dinc prosesdə həyati vacib roluna sadiqliyini sübut eləmək üçün əlverişli məqamdır", - deyə sonda siyasi ekspertlər əlavə ediblər.
***
Maraqlıdır ki, məhz məqalə çıxan gün dövlət katibi Reks Tillerson Dövlət Departamentinin 30 xüsusi səfiri vəzifəsini ləğv eləməyi təklif edib. Onun sözlərinə görə, bura Suriya böhranı və Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan diplomat-səfirlər də daxildir. Bildirilir ki, Departamentin Avropa və Avrasiya İşləri üzrə Bürosu ATƏT-in Minsk Qrupunda böyük nümayəndəlik funksiyası və ştatını saxlayacaq. Yəni faktiki şəkildə həmsədrlik ləğv olunacaq.
«Vəzifə ləğv olunacaq, onun funksiyasını isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini davam etdirəcək. Bir yer və 182 min dollar köməkçi xərclər isə Avropa və Avrasiya işləri üzrə Büronun sərəncamında qalacaq», - Tillersonun təklifində bildirilir.
***
Göründüyü kimi, ABŞ-dakı adıçəkilən «beyin mərkəzi» ixtisar və qənaət adı ilə Dövlət Departamenti başçısının Minsk Qrupundakı həmsədrliyi ləğv edib, onu, sadəcə, Departamentin Avropa və Avrasiya işləri üzrə köməkçinin müavininə həvalə eləməyi Amerika maraqları baxımından yumşaq desək, məqbul saymır. Əksinə, Rusiyanın Güney Qafqazda çoxdan fürsət axtardığı revanş üçün, o sırada Gürcüstana təsir eləməkdən ötrü əlavə təhlükəli şans kimi qiymətləndirir. Söhbət təbii ki, həm də NATO-nun, ABŞ-ın son vaxtlar qonşu Gürcüstanda daha da möhkəmlənməsindən gedir.