Təkliflər qəbul olunsa, CPM-in 25-dən çox maddəsi dəyişdiriləcək. Azərbaycanda yeni və daha humanist cəza növləri tətbiq olunacaq. Söhbət qismən azadlıqdan məhrumetmədən, yaxud azadlığın məhdudlaşdırılmasından, məhkumun cəmiyyətdən izolyasiya edilmədən yaşayış yerində nəzarət altında saxlanmasından gedir. Azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslər elektron bilərzik taxacaq və onların yerdəyişmələri informasiya-kommunikasiya texnologiyaları vasitəsilə hakimiyyət tərəfindən izlənəcək.
Elektron nəzarət təcrübəsi Qərb ölkələrində son 30 ildə tətbiq edilir və Avropa ölkələrinin təcrübəsi göstərir ki, elektron nəzarətdə olanların 91 faizi cəzanın çəkilməsi qaydalarını pozmurlar. Elektron nəzarətdən azad edilmiş məhkumların 94 faizi isə sonradan residiv xarakterli cinayətlər törətmir. Qanun layihəsinə görə, elektron bilərziklər şərti cəzaya məhkum olunmuşlar barəsində də tətbiq ediləcək. Dustaqlar üçün nəzərdə tutulan elektron bilərzik 1950-ci ildə Harvard Universitetinin alimləri tərəfində icad edilsə də, ilk dəfə məhkumlar üzərində 1983-cü ildə tətbiq edilib.
Elektron bilərziyin işləmə mexanizmi sadədir; konfiqurasiyasından asılı olaraq ev dustaqlığına buraxılmış şəxs müəyyən edilən ərazini tərk etdikdə nəzarət orqanına bu haqda siqnal ötürür. Həmin siqnal xüsusi quraşdırılmış monitora verilir və ona nəzarət edən operatora yazılı mesaj - həyəcan siqnalı çatır. Operator da həmin həyəcan mesajını arestantın nəzarətini birbaşa həyata keçirən ərazi üzrə nəzarətçiyə ötürür. Nəzarətçi əvvəl həmin siqnalın hər hansı texniki xəta olub-olmamasını araşdırmaq üçün ev dustaqlığına buraxılanın ev telefonuna zəng edir. Bu halda evdə kabel telefonunun olması ən əsas şərtdir. Ev dustağı zəngə cavab vermirsə, bu dəfə onun evinin qapısı döyülür. Statistika göstərir ki, «elektron ev dustağı» edilmiş şəxslərin 99 faizi bu şərtlərə əməl edir. Elektron bilərziyin tətbiq edildiyi bütün ölkələrdə nəzarət mexanizmi, demək olar ki, bu cür həyata keçirilir.
«Konstitusiya» Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyir ki, cinayət törətməkdə təqsirləndirilən şəxslərə elektron izləyici vasitələrin tətbiq olunması praktikası humanizm prinsiplərinə əsaslanır və şəxsin cəmiyyətdən təcrid olunmamasında mühüm amil kimi qiymətləndirilir.
Onun sözlərinə görə, 2016-cı ilin may ayına qədər, növbəti amnistiya verilən zamana kimi Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropada 4-cü yeri tuturdu: «2016-cı il 8 mart tarixində Avropa Şurası Avropa ölkələrindəki həbsxanaların vəziyyəti ilə bağlı hesabatını açıqlamışdı. Hesabatda qeyd olunur ki, Rusiyadan sonrakı yerləri əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə 305 nəfərlə Litva, 240 nəfərlə Latviya, 238 nəfərlə Azərbaycan, 227,9 nəfərlə Gürcüstan, 225 nəfərlə Estoniya, 204 nəfərlə Ukrayna tutur. Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 197,5, Moldovada 201,3, Polşada 203,5 nəfərdir. Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. Hesabatda qeyd olunur ki, 2014-cü ilin məlumatına görə, Azərbaycanda azadlıqdan məhrum olunmuş şəxslərin sayı 22 min 579 nəfər təşkil edib. Ümumilikdə isə Avropa ölkələrində 2011-ci ildən bəri cəzaçəkmə yerlərində hər 100 yerə düşən məhkum sayında azalma müşahidə olunur. 2001-ci ildə bu göstərici 99, 2013-cü ildə 96, 2014-cü ildə 94 olub. 2014-cü ildə Avropa Şurası ölkələrində hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. 2013-cü ildə isə bu göstərici 134 nəfər idi.
Göründüyü kimi, Azərbaycan rəhbərliyi və müvafiq strukturlar zamanında bu problemə çevik reaksiya verdilər. Sərəncamda nəzərdə tutulan tədbirlər və Probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradacaq. Bu xidmətin yaradılmasında əsas məqsəd müəyyən cinayətləri törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etməkdir. Bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurum - Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Probasiya sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunmasıdır. Elektron nəzarət vasitələrinin tətbiqini nəzərdə tutur. Məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə, yerdəyişməsini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Məhkum edilmiş şəxs qolbaq və ya saat formasında olan xüsusi çiplərlə təchiz edilən, rabitə şəbəkələrinə qoşulan vasitələri daşıyacaq.
Qolbağın və ya saatın zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürüləcək. Bundan sonra müvafiq tədbirlər görüləcək. Alternativ cəzaların tətbiqi ilk növbədə fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bir qayda olaraq bütün cəmiyyət və dövlət cəza siyasətində kollektiv maraqların əsas tutulmasına çalışır, cəza siyasəti bunu uyğun həyata keçirilir. Amma alternativ cəzaların geniş tətbiqi məhz fərdin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Obrazlı şəkildə deyə bilərik ki, alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir».
Qeyd edək ki, İsrail istehsalı olan bu cür qolbaqların qiyməti hazırda 100-500 dollar arasında dəyişir.
E.MƏMMƏDƏLİYEV