Vaxt.Az

Səudiyyə qadınlara maşın icazəsi verdi


 

Ər-Riyad feodal dövrə aid qadağanı ləğv etdi

Səudiyyə qadınlara maşın icazəsi verdi «The Guardian» yazır ki, Səudiyyə Ərəbistanında qadınlara maşın sürmək icazəsinin verilməsi, son dərəcə mühafizəkar ölkənin tarixində əlamətdar hadisə sayıla bilər. Kral Salmanın ötən gün imzaladığı fərmanda deyilir ki, maşın sürmək istəyən qadınlara sürücülük vəsiqələri verilsin.

Krallığın Vaşinqtondakı səfiri - şahzadə Xalid bin Salman deyib ki, yeni fərman qadınları sürücülük vəsiqəsi almaq üçün ən yaxın kişi qohumundan da icazə almaq məsuliyyətindən azad edir. Bundan sonra habelə maşın sürən Səudiyyə qadınının yanında kişi cinsindən olan hami olmaya da bilər.

Səfir deyib ki, «ölkə rəhbərliyi cəmiyyətin dəyişikliyə hazır olduğunu görüb».

ABŞ Dövlət Departamenti «düzgün istiqamətdə atılmış bu addımı» alqışlayıb.

Məqalədə deyilir ki, bundan əvvəl islahatlar çərçivəsində qadınların idman stadionlarına daxil olması üzərindən qadağan qaldırılmışdı.

«The Guardian» qadınlara sürücülük icazəsinin verilməsini Səudiyyənin həyatında son dərəcə əhəmiyyətli hadisə adlandırır.

Bundan bir neçə gün əvvəl qadınların beyni barədə aşağılayıcı qeydlər etmiş bir ruhani xadimə bütün dini fəaliyyətlər qadağan edilmişdi. O bildirmişdi ki, qadınlarda beynin yalnız yarısı var, o da dükan-bazara gedəndə yoxa çıxır. Din xadimi bu «kəlamları» qadınlara maşın sürmək icazəsi verilməməsini əsaslandırmaq üçün söyləmişdi.

«The Guardian» yazır ki, son vaxtlar Səudiyyədə sosial azadlıqlar sahəsində bir sıra müsbət addımlar atılıb. Məsələn Ər-Riyadda bir konsert televiziya ilə canlı yayınlanıb, hərçənd burada tamaşaçıların hamısı kişilər idi.

Məqalədə deyilir ki, bu fərmanadək Səudiyyə qadınlara maşın sürməyi qadağan edən sonuncu və yeganə ölkə idi.

Qadınlara sürücülük icazəsinin verilməsi uğrunda kampaniya on il bundan əvvəl başlansa da, zirvə nöqtəsinə 2013-cü ildə çatmışdı. O vaxt bir neçə qadın etiraz aksiyası olaraq avtomobillərin sükanı arxasına keçdikdən sonra qısa müddətə həbs olunmuşdu.

Bu kampaniyanın önündə gedən Manal əş-Şərif hadisə ilə əlaqədar yazdığı «twit»də sevinclə bildirir: «Bu gün Yer üzündə qadınlara maşın sürməyi qadağan edən sonuncu ölkə qadınlara sürücülük icazəsi verdi. Bəli biz bunu bacardıq».

Başqa bir qadın, Dubaydan Səudiyyə Ərəbistanına maşın sürməyə çalışdığına görə iki ay müddətində həbsxanada olmuş Luceyn Hətlulsa sadəcə yazıb: «Allaha şükür».

«The Guardian» yazır ki, bundan sonra vəzifəli rəsmilərdən ibarət komitə 30 gün müddətində fərmanın icrası ilə bağlı məsələləri müzakirə edəcək.

Məqalədə deyilir ki, Səudiyyənin yeni vəliəhdi Məhəmməd bin Salman qadınlara maşın sürmək icazəsinin verilməsinə özünün modernləşdirmə siyasətinin mühüm mərhələsi kimi baxırdı. Onun qənaətinə görə bu, qadınların işçi qüvvəsi kimi fəallığını xeyli artırmış olacaq.

Bununla belə, vəliəhd və onun kral atası ehtiyat edirlər ki, islahatların həddən ziyadə sürətlə həyata keçirilməsi ölkənin dini rəhbərliyindəki qatı mühafizəkarları qəzəbləndirə bilər.

Ötən şənbə günü krallığın yaradılmasının 87-ci ildönümü münasibətilə Riyaddakı stadionda keçirilən tədbirə qadınlar da buraxılıb. Qadınlara Ciddədə keçirilən konsertə tamaşa etmək icazəsi də verilib.

1990-cı ildə 47 səudiyyəli qadın Riyad boyunca maşın sürərək qadağana etiraz bildirmişdi. Onlar ciddi cəzalandırılmış və hərəkat 2008-ci ilədək, demək olar ölmüşdü.

 





27.09.2017    çap et  çap et