- Davud, bəlkə yazaq ki, uşaqlar yıxılıb əzilirlər...
- Yox, ölürlər yaxşıdır...
İndi də bəlkə elə «qovuldu» yaxşıdır, adamların ürəyinin dığını çıxarmaq üçün. Yenə dilinin dediyini ağlı və ürəyi qəbul eləmir adamın. Çünki yaxşı anlayır san, qovulmaq sözü insana şamil ediləndə ağır təhqirdir. Bəs biz niyə bu qədər enirik?! Niyə təhqiri belə sevirik ki?!.. Onu da anlamaq çətin məsələdir. Bir məqam da var. Belə şeyləri eyni məslək sahibləri bir-birinə söyləyəndə mənzərə lap eybəcər görünür.
Qovmaq yoxsa çıxarmaq demiş, deyir xeyli adamı ATV-dən çıxarıblar Vüqar Qaradağlı başda olmaqla. Hələ qovulacağı ya da işdən çıxarılacağı ehtimal olnunan xeyli adam da var. Bunu biz deyirik. Özümüz! Həm də özümüzə. Yəni həmkar olaraq. Vüqar Qaradağlıya gəlincə, ona nə sinpatiyam, nə də antipatiyam var. Adam şounu cəmiyyət xeyrinə dəyişmək imkanı olan, amma bunu etməyən telekanal rəhbəri idi. Ən ağrılı olanı onun özünün dönüb şou əhli olmasıdır. İndi həm də ən rahatı budur. Daha çox və asan qazandırır. Bütün dünyəvi və böyük məsuliyyətlərdən azad edir adamı. Nə qədər varlı, imkanlı olsa da bu adamı o üzdən illərdir qəbullana bilmədim. Böyük bir media qurum rəhbəri olsa belə. Xatirimdə üç məqama görə var Vüqar Qaradağlı adı. Birinci əvəzsiz səsin, Aydın Qaradağlının soyundan olduğuna, soyadını daşıdığına görə. İkinci AzTV-nin yaddaqalan simalarından birinin Aygül Qaradağlının qardaşıdır deyə. Üçüncü məni işə gecikdirən, danlatdırıb, maaşımı kəsdirən adam olduğuna görə. Düzü, sonuncuya səbəb olmasından özünün hələ də xəbəri yoxdur.
...Çox vacib rəsmi tədbirə akkreditə olunmuş müxbir idim. Gecikməyim deyə evdən saat yarım tez çıxmışdım. Yolda böyük bir tıxacın yaranması , bir saata qədər gözləmək məcburiyyəti, məni tədbirə gecikdirdi. Düzdür, məlumatsız qalmadım, yazımı yazdım. Cəzama gəlincə, qonorarımı kəsdilər. Qaldı tıxacın səbəbinə, rəhmətə gedən vardı Qaradağlılar ailəsindən. Mərasim korteji yol boyu hərəkət etdiyinə görə böyük tıxac yaranmışdı. Xeyli məhşur da cənazənin ardıyca gedirdi. İndi baxıram ki, Qaradağlını söyənlər arasında həmin kortejin dalıyca piyada gedənlərin xeylisi var. Əminəm, onlara kimsə bunu etmələri üçün nə sifariş verib, nə xahiş eləyib. Sadəcə, qorxu və gözəgirmək hərisliyidir bu. Yeri gəlmişkən, düşünürəm o dairələrin heç buna da ehtiyacı yox. Onlar hər şeyi və hər kəsi görməyi bacarırlar. Qaldı o simalara. Müşahidə eləyə bildikləri adamı qorxudur. Çünki biz cəmiyyət və fərd olaraq qərarlarımızı müstəqil verə bilməməklə təhlükəli adamlar oluruq getdikcə.
Gələk o məqama ki, Vüqar müəllimin başına niyə bu müsibətlər gəldi. Gəlməli idi, vacib idi və sərt səslənsə də məncə həm də adam buna layiq idi. Əminəm müəllif olaraq bizlərə də ağıl verməyə cəhd edəcək kəslər var. Əyləyin cənablar! Çünki məsələ təkcə şou məsələsi deyil. Baş verənlərin siyasi tərəflərinin olmasını anlayacaq qədər böyümüşük. Həm də bunu bilirik ki, «vurulacağını» bildiyin halda bu qədər fakt vermək də siyasi bacarıqsızlıqdan başqa bir şey deyil. KİV, telekanal rəhbəri ola-ola şou əhlinə çevrilməsi Qaradağlıya bu sonu yazdı. Ona insan olaraq acıyıram, vətəndaş olaraq haqqında verilən qərarı dəstəkləyirəm. Çünki çox vacib ailənin övladı, qanına, iliyinə kimi KİV adamı olan biri elədiklərini eləməməliydi. Manıslara efir verib reytinq yığmaq kimi asan yola getməməliydi. Manıs sponsorlarının ümidinə, puluna qalmamalıydı. Ağlına gələndən əvvəl ağzına gələni danışanları, şpaqat açanları efirə buraxmamalıydı. Necəsə edib ciddi, nəhəng simalara efirində, ətrafında tutmalı idi. Eləmədi yox, eləmək istəmədi. Bu boyda ölkənin, o boyda kanalında bircə adam qalmadı elita, nəhəng deyəsən adının önündə. Hamısı işdən çıxarıldı, sındırıldı, küsdürüldü. Şou deyə-deyə hər kəsi ciddiyyətdən uzaqlaşdırıb, pul hərisi elədi. Anlamadı ki, pula, əyləncəyə həris cəmiyyət yetişdirmək gələcəyinə, özünə təpik vurmaqdır. Necə ki, o təpik vuruldu və cəmiyyət də indi təpiyi dəstəklədi. Yəni indi Qaradağlıya «qovuldu» fiti çalan elə özünün formalaşdırıb, yetişdirilməsində xidməti olduğu adamlar, cəmiyyətdir. Görüb soruşasan müəllim xoşdurmu? Cavabını dəqiq bilirsən, son dərəcə naxoşdur!.. Vüqar Qaradağlı və hələ neçəsi indi yox, xeyli qabaq getməli idi. Amma indi bu dəyişiklik nəyi həll edəcək, maraqla gözləməkdəyik. Çünki hər şey korlanmış baza üzərinə qurulur. Yəni illərdir cəmiyyəti İP-ə qurban verib şou əhli ediblər. On min Qaradağlı getsə də hələlik xeyri olmayacaq, ta ki, o bazanı düzəldəcək insanlara meydan verilməyənə qədər.
Qaldı etiketlərə, bizə qarşı, vətəndaş, tamaşaçı olaraq nə qədər ədalətsizliyə yol versə də Vüqar Qaradağlının adının qarşısına «qovdular» yazmağa qarşıyam. Çünki qovmağa qalsa...Nə isə bu çox ağır məsələdir dibinə qədər getməyək... Yaxşısı budur hər baş verən olaydan təkcə İP yox, həm də nəticə çıxarmaq üçün oturaq və düşünək... (musavat.com)