Vaxt.Az
«Gənclər Paytaxtı»nın seçimi başladı
Qalibi fevralın 3-də gənclər günündə GİN achiqlayacaq
Azərbaycanın «Gənclər Paytaxtı»nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Bunun üçün www.genclerpaytaxti.az internet saytına daxil olmaqla 2014-cü ilin «Gənclər Paytaxtı»nı seçmək mümkündür. Bunu Gənclər və İdman Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib.Qeyd edək ki, «Gənclər Paytaxtı» «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq hər il həyata keçirilir. Bakı şəhəri istisna olmaqla keçirilən səsvermədə 2012-ci ilin «Gənclər Paytaxtı» Gəncə şəhəri, 2013-cü ilin «Gənclər paytaxtı» isə Biləsuvar şəhəri seçilib.
«Gənclər paytaxtı»nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə gerçəkləşir. 1 (bir) il müddətinə seçilən şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət ayırır.
Beləliklə 23 yanvar 2014-cü il tarixdə start götürən səsvermə 1 fevral 2014-cü il tarixi saat 23.59-dək davam edəcək. 2014-cü ilin «Gənclər Paytaxtı»nın adı isə 3 fevral 2014-cü il tarixdə Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi şəkildə elan ediləcək.
Qeyd edək ki, bu il Təşkilat Komitəsi tərəfindən «Gənclər Paytaxtı»nın seçim qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara əsasən seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılıb, səsvermə siyahısı formalaşdırılıb. Bu il «Gənclər Paytaxtı»nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 27 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülmüş, onlardan 15-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir.
24.01.2014 çap et