Vaxt.Az

Azərbaycanı bürümüş təhlükəli aludəçilik


 

«Bir qadın var, hər gün birini özünə alır, birini məktəbli oğluna...»

Azərbaycanı bürümüş təhlükəli aludəçilik Azərbaycanda son vaxtlar istifadəsi geniş yayılmış energetik içkilərlə bağlı məsələ gündəmdədir. Həkimlər, ekspertlər, mütəxəssislər bu içkilərin yaş məhdudiyyəti olmadan kütləvi istifadəsindən, hər yerdə sərbəst satılmasından narahatlıq ifadə edirlər, onların insan orqanizmi üçün ciddi təhlükə olmasından danışırlar. Bu günlərdə isə Milli Məclisin deputatlarından biri energetik içkilərin satışının qadağan olunmasına dair parlamentdə təşəbbüs qaldıracağını dedi.

Əslində energetik içkilərin «beşiyində», yəni Qərb ölkələrində bu içkilərin kütləvi satışına çoxdan məhdudiyyət qoyublar. Məsələn, ABŞ, Fransa, Avstraliya, Danimarkada kimi inkişaf etmiş ölkələrdə energetik içkilərin yalnız apteklərdə satışına icazə verilir, o da ciddi yaş məhdudiyyəti tətbiq olunmaqla.

 

Uşaqdan tutmuş böyüyə qədər hamı «qanadlanır»

 

Azərbaycanda isə vəziyyət doğrudan da narahatedicidir. Energetik içkilər son illər sürətlə Azərbaycan bazarına yol tapıb və onu uşaqdan tutmuş böyüyə qədər heç bir məhdudiyyət olmadan hər kəsə satırlar. Bu içkilər geniş reklam olunur, kütləvi əyləncələrin keçirildiyi yerlərdə onları pulsuz paylayırlar. İş o yerə çatıb ki, Bakının bəzi dönərxanaları dönər və ya lahmacun kimi «ayaqüstü» yeməklər sifariş verən müştərilərə energetik içkini də «bonus» kimi verirlər.

İxtisasca həkim olan, energetik içkilərin qadağan olunması haqda təşəbbüs qaldırmağa hazırlaşan deputat Musa Quliyev deyir ki, enerji içkiləri insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər. Bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər.

«Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir», - deputat bu günlərdə mətbuata müsahibəsində deyib.

Musa Quliyevin fikrincə, energetik içkilərin istər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazalarda reklamının da qadağan olunması təklif olunur. Deputat hesab edir ki, enerji içkilərinin satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir. Həmçinin məktəblərdə və onların yaxınlığındakı iaşə obyektlərində energetik içkilərin satışına qadağa qoyulmalıdır.

 

«Hər gün iki «energetik» alır: birini özünə, birini uşağına…»

 

Virtualaz.org qeyd edir ki, deputatın narahatlığı əbəs yerə deyil. Enerji içkiləri demək olar ki, Bakının bütün ərzaq mağazalarında sərbəst satılır. O cümlədən ölkənin ən ucqar kəndlərinə də ayaq açıb. Bakı mağazalarında satıcılar deyirlər ki, ən çox tələbat ucuz enerji içkilərinədir.

Mağazalarda ən ucuz «energetik»lər isə «Meyjoy» və «Boss»dur. Üzərində Türkiyədə istehsal edildiyi qeyd olunan bu içkilərin qiyməti 63 və 65 qəpikdir. Bakının Yasamal rayonundakı ərzaq mağazalarından birinin satıcısı deyir ki, onlarda ən çox satılan, bəzi məhsulların üzərində hədiyyə kimi verilən bu içkilər əslində yerli istehsaldır. Satışda ən bahalı enerji içkisi isə «Red bull» və «CocokTall»dır. Bu içkilərin qiymətləri isə 2 manat 60 - 2 manat 80 qəpikdir. Satıcının sözlərinə görə, baha olsa da, bu içkilər heç də pivə və spirtli içkilərdən az satılmır.

 

Son vaxtlar qızlar da alır

 

«Əsas alıcılar gənclərdir, yaşlılar arasında enerji içkisi içənə az rast gəlmişəm. Amma xüsusən, məktəb uşaqları daha çox enerji içkiləri alırlar. Əvvəl azyaşlılara satmırdım, fikirləşirdim ki, yəqin evdəkilərin xəbəri yoxdur, onlardan gizlin alırlar. Sonra gördüm ki, bəzi valideynlər özləri uşaqlarına enerji içkisi alırlar. Məsələn, bir qadın var, 6-7-ci sinifdə oxuyan uşağını məktəbdən gətirəndə demək olar ki, hər gün mağazadan iki enerji içkisi alır - birini özünə, birini uşağına», - deyə satıcı Mirqafar danışır.

Satıcının sözlərinə görə, bu içkilərin əsas müştəriləri taksi sürücüləri, xüsusən də uzaq yola çıxanlardır: «Deyilənə görə, yorğunluğu azaldır, yuxunu qaçırır. Çoxu buna görə enerji içkisini alır. Xüsusən də uzaq yola çıxanlar, taksi sürücüləri əsas müştərilərdir. Əvvəllər belə içkiləri daha çox oğlanlar alardı, son vaxtlar qızlar da enerji içkilərinə maraq göstərirlər», - deyə satıcı bildirir.

Satıcının sözlərinə görə, üzərində xaricdə istehsal olunduğu yazılsa da, bu içkilərin əksəriyyəti Azərbaycanda istehsal olunur.

 

Belə «qanadlandırır»…

 

Enerji içkilərinin üzərini oxuyan zaman tərkiblərinin təxminən eyni olduğunu görürük. Demək olar ki, bütün içkilərin tərkibi aşağıdakı komponentlərdən ibarətdir: sintetik stimulyator (quarana, kofein və s.), enerjivericilər (saxaroza, qlükoza), metabolizm prosesini sürətləndirən elementlər (vitaminlər, taurine), rəngləndirici və aromatizatorlar (süni və təbii maddələr).

Məsələn, «Red Bull» içkisinin tərkibində su, karbohidrat (11,3 q), taurin (400mq), kofein (32 mq), vitamin PP (8 mq), vitamin B5 (2 mq), vitamin B6 (2mq), vitamin B9 (0,02 mq), saxaroza, qlükoza, turşuluq tənzimləyicisi, aromatizator, boya maddələri var. Bu içkilər Avstriyada istehsal olunur.

«Jaguar» içkisinin tərkibi də su, karbohidrat (11,5 q), taurin (400 mq), kofein (30,0 mq), vitamin B6 (0,11 mq), spirt (9%) ibarətdir. «Jaguar»Rusiya markasıdır və françayzinq müqaviləsi əsasında bu içkilər Azərbaycanda da istehsal olunur.

«Burn» içkisinin tərkibi su, karbohidrat (14,3 q), taurin (420mq), kofein (35 mq),vitamin PP (0,58 mq), vitamin B5( 0,11mq), vitamin B6 (0,05mq),vitamin B9 (0,028 mq) Vitamin B2 (12 mq), quarana ekstraktı (5,3 mq). İstehsalçı şirkət isə «Coca Cola Bottlers Azerbaijan» şirkətidir.

«Hell» energrtik içkisinin tərkibi su, şəkər, limon turşusu, vitamin B3 (8mq), vitamin B6 (0,8 mq), riboflavindən ibarətdir. Macarıstanda istehsal olunan bu içkinin Azərbaycanda distrübutoru «Coast Castle» MMC şirkətidir.

Zərərli kofein və taurinin miqdarı da içkilərin hamısında demək olar ki, eynidir. Bu baxımdan qiymətlərindəki fərq maraq doğurur. Məsələn, satışda ən bahalı energetik içki olan «Red Bull» və ya «CocokTall» 2 manatdan baha satıldığı halda eyni miqdarda «Hell» 1 manata, «Jaguar» isə 85 qəpiyə satılır.

 

«Bir dənədən çox içilərsə, fəsadı ola bilər»

 

Bəs enerji içkilərinin fəsadları, satışının qadağan olunması təklifindən bu şirkətlərdə xəbərdardırlarmı? Azərbaycanda satılan enerji içkilərinin istehsalı və satışı ilə məşğul olan şirkətlərin əksəriyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz alınmadı. Bu şirkətlərdən əksəriyyətində telefon zənglərinə cavab verən tapılmadı. Yalnız «Jaguar» içkisinin satışı ilə məşğul olan şirkətdən suallarımızı cavablandırdılar. Şirkətin brend meneceri Müşfiq Azəriyar deyir ki, onlara indiyə kimi hər hansı şikayət və ya irad bildirilməyib.

«Biz energetik içkiləri reklam edən zaman, həmçinin bu içkilərin üzərindəki qablaşdırmada tövsiyə edirik ki, gün ərzində bir ədəddən çox içmək sağlamlığa zərərli ola bilər. Çünki bu içkilərin tərkibində kofein, taurin maddəsi var ki, onu gündəlik normadan artıq içmək fəsad yarada bilər. Amma bu təkcə enerji içkiləri ilə bağlı deyil, belə hallar daha çox onu spirtli içkilərlə qarışdırdıqda fəsad verə bilir. Biz bütün müştərilərimizə bildiririk ki, 18 yaşdan aşağı şəxslərə, hamilə qadınlara, mədəsində və daxili orqanlarında problem olan insanlara istifadə qadağandır. Amma bizə indiyə qədər hər hansı narazılıq, irad və ya şikayət bildirilməyib», - deyə M.Azəriyar qeyd edir.

Qiymətlərdəki fərqə gəlinə isə, şirkət rəsmisi bildirir ki, bəzi içkilərin baha, bəzilərinin daha ucuz satılması tərkibindəki maddələrin çəkisinə görədir: «Bütün içkilərdə demək olar ki, tərkib eynidir. Amma ola bilər ki, bəzilərində hansısa maddənin miqdarı bir qədər az, bəzisində bir qədər çoxdur. O, cüzi fərq də qiymətdəki fərqə səbəb ola bilir. Digər tərəfdən isə , bəzi brendlərin patentinin başqa ölkəyə məxsus olması da məhsulun maya dəyərini artırır. Məsələn, bizim «Jaguar» içkisinin patenti Rusiyaya məxsusdur. Biz françayzinqlə onu ölkəmizdə istehsal edilirk».

Enerji içkilərinin satışının məhdudlaşdırılması və reklamlarının qadağan olunmasına gəldikdə isə şirkət rəsmisi belə qadağa olsa, qanunvericiliyə uyğun hərəkət edəcəklərini dedi.

Azərbaycanda enerj içkilərinin insan orqanizminə təsirləri belə görünür ki, araşdırılmayıb. Lakin həkimlər, tibb mütəxəssisləri bu məsələdə həmfikirdir ki, həmin içkilərin ancaq ziyanı ola bilər.

 

Həkim Adil Qeybulla: «Çox təhlükəlidir»

 

Tibb sahəsində ekspert Adil Qeybullanın sözlərinə görə, hamilə qadınların, azyaşlıların və ürəyi xəstə olan adamların bu içkilərdən istifadəsi çox təhlükəlidir: «Energetik içkilərin tərkibində olan maddələr uzun müddət ürək əzələsini stimullaşdırır. Ürəyi xəstə olan, qan təzyiqi olan adamlar, xüsusilə uşaqların bu içkilərdən istifadə etməsi çox təhlükəlidir. Ürəyə həddən artıq güc düşür, ürək əzələlərinin günişlənməsi , ürək əzələsinin torbalaşmasına gətirib çıxara bilər. Bu da çox təhlükəli situasiyadır. Bu içkilərin kimyəvi tərkibini nəzərə alsaq, ürəyi xəstə adamlarda qəfləti ölümlər törədə bilər. Ürək əzələsinin həddən artıq işləməsi, çapalaması onun energetik imkanlarının tükənməsi , əzələnin boşalması ilə nəticələnə bilər. Məktəblərin yaxınlığında bu içkilərin satışı qadağan olunmalıdır. Bəzən uşaqlar ata-anadan xəbərsiz bu içkiləri alırlar. Müəyyən yaşdan aşağı alkoqollu içkilər kimi bu içkilərin də satılması qadağan olunmalıdır. Əhali arasında təbliğat aparılmalıdır».

A.Qeybulla deyir ki, Azərbaycanda da bu içkilərin fəsadları ilə müraciət edən xəstələr olur: «Taksokardiya ilə müraciət edən xəstələrimiz olub ki, araşdıran zaman problemlərinin energetik içkilərdən istifadə ilə bağlı yarandığı ortaya çıxıb. Kardiomiapatiya olan xəstələrinin energetik içkilərdən çox istifadə etməsi faktlarının olması var. Bunun tədqiqat işini aparmaq lazımdır ki, müəyyən rəy ortaya qoyulsun. Amma həkim kimi bu qənaətə gəlirəm ki, energetik içkilər insan sağlamlığına təsirsiz ötüşmür. İnsanlar yaxşı olar ki, çaydan istifadə eləsinlər. Çünki çay tonikdir və tarixən istifadə olunduğundan sınaqdan keçib», - deyə A. Qeybulla bildirir.

Hələlik isə Azərbaycanda enerji içkilərinin satışı bazarı ancaq genişlənməkdir. Cəmi bir neçə il əvvəl bazara daxil olan bu içkilərin qutularını tinlərdə dayanıb vaxt öldürən, özünü müasir gənclik hesab edən dar şalvarlı, üzü tüklü gənclərin əllərində görmək adiləşib. Dərsdən çıxan susamış məktəblilər də öz susuzluqlarını və yorğunluqlarını enerji içkiləri ilə dəf edirlər. İçki məclislərində isə həmin içkiləri hər cür alkoqollu içki ilə ya birbaşa, ya dolayısı ilə qarışdırmaq dəb halını alır. Enerji içkilərinin boş tənəkə qutularının Bakı küçələrində sağa-sola səpələnməsi isə ayrı problemdir...

 





30.09.2017    çap et  çap et