Vaxt.Az
«4 amnistiya ilə 40 mindən artıq ailəni sevindirdi»
Zakir Qaralov: «Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatı son dövrün ən önəmli hadisəsidir»
«Ötən bir il respublikamızın ictimai-siyasi və sosial iqtisadi həyatında mühüm əhəmiyyətə malik əlamətdar hadisələrlə zəngin olub. Onlardan ən əhəmiyyətlisi Konstitusiyaya ümumxalq səsverməsi - referendumla edilən, 12 oktyabr 2016-cı il tarixdən rəsmi dərc edilməklə qüvvəyə minmiş dəyişikliklər olub. Konstitusiyaya dəyişikliklər mahiyyətcə dövlət idarəetmə mexanizmini müasir dünya tələbləri səviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəçiliyin həyata keçirilməsində gənclərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbədiliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaraq dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olaraq ölkədə dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət edib».Bunu baş prokuror Zakir Qaralov «Azərbaycan» qəzetində dərc
olunan məqaləsində qeyd edib.
Baş prokuror xüsusi olaraq qeyd edib ki, referendum aktı ilə
təsis edilmiş birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı
son dövrün ən önəmli, ölkənin bu günü, gələcəyi, xalqımızın sosial rifahının
daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə və dəyərə
malik mühüm hadisəsi olub: «Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini,
Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 amnistiya
aktının təşəbbüskarı olmaqla 40 mindən artıq insanın bağışlanmasına, onların
ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər
tədbirlərdə təşkilat komitəsinə rəhbərliyi həyata keçirməklə çox yüksək təşkilatçılıq
və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin
qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin
həyata keçirilməsində mühüm rolu olan şəxsin bu vəzifəyə təyin olunması xalqın
hədsiz sevincinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da
artırıb. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində ölkədə həyata keçirilən
strateji əhəmiyyətə malik, ölkənin hərtərəfli inkişafına təkan verən işlərin
müsbət dinamikasının və intensivliyinin artması qeyd olunanların bariz təsdiqidir».
30.09.2017 çap et