Vaxt.Az

Sərkisyan hərbi xərcləri artırır


 

82 milyon, yaxud 17.6 faiz

Sərkisyan hərbi xərcləri artırır Ermənistanın gələn il üçün dövlət büdcəsinin layihəsi təqdim olunub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci il üçün hərbi xərclərin 17.6 faiz artırılaraq 440.4 milyon dollardan 518 milyon dollara çatdırılması nəzərdə tutulur. Bu, son illərdə Ermənistan hərbi büdcəsinə edilən ən iri artımdır. Əvvəlki illərdə də Ermənistan hərbi xərclərini artırırdı, amma heç vaxt birdən-birə 18 faizə yaxın artım edilməmişdi.

Ermənistanın yoxsul hərbi büdcəsində bu cür kəskin artım etməsinin səbəbi nədir?

Erməni ekspert dairələrində hesab edirlər ki, 2016-cı ildə Ermənistan Rusiyadan güzəştli kredit hesabına bir sıra silahlar, o cümlədən «Smerç« reaktiv yaylım atəşi sistemləri, «Buk« zenit-raket komleksləri, «İnfauna« və R-325U radioelektron mübarizə vasitələri əldə edib. Habelə Rusiya Ermənistana «İsgəndər« operativ-taktiki raketləri verib. Nəticədə bu texnikanı saxlamaq üçün yeni anqarlar, kadrların hazırlanması, sursatın alınması və s. lazımdır. Bu baxımdan gözlənilir ki, artımın bir hissəsi həmin xərclərə sərf olunacaq.

Ehtimal olunur ki, artım həm də Rusiyadan yeni silahların alınmasının planlaşdırılması ilə bağlıdır. 2017-ci ildə Ermənistan Rusiya ilə yeni silah müqavilələri bağlayıb, lakin bu müqavilələrin detalları məlum deyil. Şaiyələrə görə yeni güzəştli kredit hesabına Ermənistana silahların verilməsi davam etdiriləcək. Kreditə nəsə almaq üçün gərək əvvəlcədən müəyyən ödəniş edəsən, eyni zamanda həmin kreditin faizlərini ödəmək lazımdır. Ona görə də artımın bir qismi buna gedəcək.

Erməni mətbuatı qeyd edir ki, bu ölkənin ordusundakı T-72 tanklarının modernizasiyasına dair «Uralvaqonzavod«la bağlanmış müqaviləni də yaddan çıxarmaq lazım deyil. Görünür hərbi xərclərdəki artımın bir hissəsini də tanklara sərf edəcəklər.

Lakin artımın başlıca səbəbi Ermənistanın Azərbaycanla hərbi balansı bərpa etməyə yönələn çarəsiz səyləridir. Ermənistanda ümid edirdilər ki, neftin kəskin ucuzlaşması nəticəsində Azərbaycan hərbi xərcləri azaltmalı olacaq. 2017-ci ilin büdcəsində dollar ekvivalenti ilə doğrudan da azalma oldu, lakin il ərzində Azərbaycan öz silahlı qüvvələrini böyük miqdarda eni silah-texnika ilə təchiz etdi. Nəticədə Ermənistanın bu gözləntiləri boşa çıxdı.

Azərbaycanın hərbi büdcəsi manatın devalvasiyası ilə bağlı dollar ekvivalentində azalsa da Ermənistanın hərbi xərcləri ilə müqayisədə yenə də 3 dəfə çoxdur. Azərbaycanın 2018-ci il büdcə layihəsinə dair açıqlanmış məlumatlardan bəlli olur ki, gələn il büdcənin xərclər hissəsində 4 milyard manatdan çox artım nəzərdə tutulur. Və bu artımın bir hissəsi hərbi xərclərə gedəcək. Gözlənilir ki, Azərbaycanın hərbi büdcəsində gələn il üçün nəzərdə tutulan artım Ermənistanda edilən artımdan dəfələrlə çox olacaq, yüz milyonlarla dollar təşkil edəcək. Çünki Azərbaycan yeni silahların alınmasını davam etdirir və hərbi tarazlığı bərpa etmək Rusiyanın verdiyi «İsgəndər«lərə baxmayaraq Ermənistan üçün əlçatmaz olaraq qalır.

 





30.09.2017    çap et  çap et