Dünən Türkiyədən Azərbaycan futbolu üçün sillə kimi bir mesaj gəldi. Hollandiyada doğulmuş, Türkiyə əsilli olan, Allah bilir hansı yolla azərbaycanlılaşdırılmış Kökçü yığmamızın formasını geyinməkdən imtina etdi.
Düzü, bu cür vəziyyətdə yığmamızın formasını geyinmək şərəfinə layiq görülmüş bu futbolçuya qarşı hirs, narazılıq yaranmalıydı. Ancaq tam əksinə. Şəxsən məndə bu futbolçuya millimizdə oynamağa razılıq verdiyi vaxtdan fərqli olaraq, bir rəğbət yarandı. Çoxunun cürət edib deyə bilmədiyini açıqladığı üçün. «İnstaqram»dakı şəxsi hesabında yığmamızdan getdiyini açıqlayan Kökçü, bunu özünü ölkəmizə aid hiss etməməsi, millimizdə oynamaq şərəfinin burda doğulub boya-başa çatmış, bu ölkəyə bağlı olan gənclərin layiq olduğunu düşünməsi ilə izah etdi. Yəni uzun sözü qısası, Ozan Can «qardaş, mən bu ölkəyə aid deyiləm, hansısa Əlinin, Məmmədin yerini tutmaq istəmirəm» dedi. Sillə kimi etiraf. Çoxdan deyilməli olan sözlər. Sadəcə, bu sözləri deməyə özündə cəsarəti məhz Kökçü tapdı.
Ozan Can bu mesajla ölkəmizə min bir fənd işlədilərək gətirilən «azərbaycanlılar»ın gəldi-gedər olduğunu bir daha sübut etdi. Düzdü, bəlkə də, Kökçü bu sözləri səmimi yazmayıb. Bəlkə də, onun millimizdən imtina etməsində tam fərqli, məsələn, pul məsələsi, yığmamızda potensial görməməsi və başqa səbəblər rol oynayıb. Kim bilir, bəlkə də, onun bu qərarı İrlandiya ilə oyundan sonra həmkarlarımdan birinin «Azərbaycanla bağlılığın varmı» sualının yükü altında əzilməsinin nəticəsidir. Bəlkə də, Ozan Can həmin oyundan sonra bu sual üzərində çox baş sındırıb və yekunda məlum qərarı verib. Amma bütün bunlar onun yazdıqlarının gerçəkliyinə heç bir şübhə yaratmır.
Maraqlıdır, AFFA bundan sonra Hollandiyada, Almaniyada «azərbaycanlı» axtarışlarını davam etdirəcək, yoxsa millini əlilərin, məmmədlərin, yəni əslində oynamalı olanların ixtiyarına verəcək? Niyə də yox? (komanda.az)