O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb.
Onun atası Rəhim Ələsgərzadə güney azərbaycanlıdır və Ərdəbildə doğulub, rus-yəhudisi olan anası Fanya Korenman Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb.
1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib.
1946-cı ildə isə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq Nyu-York şəhərinə yerləşmişdi.
O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır.
Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkeley Universitetində dərs deyib.
Onun məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb.
Akademik dairələrdə professor Lütfi Zadənin işi mübahisəli sayılır və hətta rişxəndə də tuş gəlirdi.
Bu, qismən onun işinin başqa riyazi sahələri sorğu-suala çəkməsi və yeni nəzəriyyənin terminologiyası ilə bağlı idi, «The New York Times» qəzetində mərhuma həsr olunmuş məqalədə deyilir.
Məqalədə Lütfi Zadənin araşdırmalarının təsirindən də bəhs olunur. Belə ki, «Google Scholar» saytına əsasən Zadənin 1965-ci ildə nəşr etdiyi «qeyri-səlis çoxluq» nəzəriyyəsi 90 mindən artıq elmi əsərdə iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tutmuş, hava proqnozunadək müxtəlif sahələrdə istifadə olunub.
«New Mexico» Universitetindən professor Timoti Ross (Timothy Ross) deyir ki, nəzəriyyə hüdudları qeyri-müəyyən və dəqiq olmayan informasiya kütləsini araşdırırdı.
«Bu nəzəriyyə və reallıq arasında bir körpü idi», son illər ərzində Lütfi Zadə ilə yan-yana işləyən Almaniyanın Jena Universitetinin professoru Rudolf Sisinq (Rudolf Seising) deyib.
Lütfi Zadənin Stella və Norman adlı iki övladı var.
Alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.