Vaxt.Az

Genetik xəstələliklərə daha bir zərbə


 

Embrionda DNT cərrahiyyəsi beta-talassemiyanı «aradan qaldırır»

Genetik xəstələliklərə daha bir zərbə Çinli alimlər «embrion cərrahiyyəsi» vasitəsilə potensial cəhətdən ölümcül beta-talassemiya qan xəstəliyini aradan qaldırmağa nail olublar. Bunun üçün insan embrionunda ilk dəfə olaraq dəqiq «kimyəvi cərrahiyyə» tətbiq edilib, Çin alimləri BBC-ə bildiriblər.

Sun Yat-sen Universitetinin tədqiqatçıları 3 milyard «hərfdən» ibarət genetik kodda yeganə səhvi düzəltmək üçün təməl redaktə adlandırılan üsuldan istifadə ediblər.

Alimlər beta-talassemiya xəstəliyini yığışdırmaq üçün laboratoriyada hazırlanmış embrionu dəyişdiriblər, BBC müxbiri Ceyms Qallagerin (James Gallagher) hazırladığı materialda deyilir.

Tədqiqatçılara əsasən, bu üsul bir sıra irsi xəstəliklərin müalicəsində tətbiq edilə bilər.

Təməl redaktə DNT-nin 4 əsas tərkib hissəsini dəyişdirir: bunlar adenin, quanin, timin və sitozindir. Bu azotlu əsasların adları adətən baş hərflərlə verilir - A, Q, T və S.

İnsan orqanizminin funksiyası ilə inkişafına dair bütün «təlimatlar» həmin 4 əsasın kombinasiyalarında əks olunub.

Potensial olaraq ölümcül beta-talassemiya xəstəliyi nöqtə mutasiyası kimi tanınan genetik koddakı tək əsasın dəyişməsi nəticəsində əmələ gəlir.

Çin alimləri həmin mutasiyanı redaktə ediblər. Onlar, DNT tərkibində səhvi müəyyən etdikdən sonra G əsasını A-ya dəyişdirməklə qüsuru aradan qaldırıblar.

«İnsan embrionunda təməl redaktə vasitəsilə genetik xəstəliyin müalicəsinin mümkünlüyünü ilk dəfə nümayiş etdirən biz olduq», - tədqiqatçı qrupundan Cunciu Hanq (Junjiu Huang) «BBC News» saytına bildirib.

Təməl redaktə Krispir (Crispr) kimi tanınan gen redaktə üsulunun təkmilləşdirilmiş növü sayılır.

Krispir DNT-ni «sındırır». Orqanizm bunu bərpa edərkən o, gendəki təlimatları dəyişdirir.

Bu, həmçinin yeni genetik informasiyanın yeridilməsinə imkan verən fürsətdir.

Təməl redaktə 4 DNT tərkibinin bilavasitə bir-birinə çevrilməsi üsuluna əsaslanır.

Harvard Universitetində üsulun ilk tədqiqatçılarından olan professor Deyvid Lyu (David Liu) bu elmi yanaşmanı «kimyəvi cərrahiyə» adlandırır.

Onun sözlərinə görə, təməl redaktə Krispirlə müqayisədə daha səmərəli olmaqla yanaşı həm də daha az arzuolunmaz yan fəsadlara malikdir.

 





01.10.2017    çap et  çap et