Vaxt.Az

«Müharibə hər an başlaya bilər»


 

«Ermənistanın atəşkəsi intensiv pozmaqda konkret məqsədləri var»

«Müharibə hər an başlaya bilər» Artıq bir neçə gündür ki, cəbhəboyu ərazilərdə gərginlik yaşanır. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində atəşkəs sutka ərzində bir neçə dəfə pozulur. Müdafiə Nazirliyi həmçinin son günlər baş verən hadisələrlə əlaqədar cəbhənin təmas xəttində ordunun döyüş hazırlığının artırıldığını qeyd edib. Vəziyyətin bu qədər gərginləşməsi cəbhəyanı ərazilərdə yaşayanlar, eləcə də ölkə vətəndaşlarında müharibənin başlanacağı ilə bağlı narahatlıqlar yaradıb.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Modern.az-a bildirib ki, müharibə hər vaxt başlaya bilər. Onun sözlərinə görə, yalnız Azərbaycan hərbi kəşfiyyatı bu məsələlər haqqında erməni tərəfinin həqiqi düşüncələrini və  planlarını bilir. 
«Malik olduğumuz informasiyalar Müdafiə Nazirliyinin yaydığı məlumatlara söykənir. Bu mənada ordunun yüksək döyüş vəziyyətinə gətirilməsi və səfərbərlik tədbirlərinin həyata keçirilməsi, Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəsi daha intensiv pozmasının konkret məqsədləri var. Azərbaycan tərəfinin nəinki qarşılıqlı  reaksiyalar verməsi, eləcə də başqa xarakterli tədbirlər həyata keçirməsinə ehtiyac duyulur. Söhbət ilk növbədə ermənilərin planlarının sındırılmasından gedir. Təbii ki, ölkənin ali baş komandanı bu proseslər haqqında daima məlumatlandırılır. Əminik ki, bu məxfi informasiyalar əsasında daha mötəbər qərarlar veriləcək. Bütün bu əməliyyatlar müharibənin anonsudumu, yoxsa Azərbaycanın xarici siyasətinə təsir göstərmək və ya hansısa bəlli dairələrin öz maraqlarını həyata keçirmək siyasətidir? Bunu demək o qədər də asan deyil. Hesab edirəm ki, Azərbaycan hərbi kəşfiyyatı bu məsələlər haqqında erməni tərəfinin həqiqi düşüncələrini və  planlarını bilir. Bu səbəbdən məsələyə yanaşmada da bir sistemlilik və dəqiqlik qərarlar mövcuddur».
Müdafiə nazirinin yeni bir şəxs olması və prosesin daimi nəzarətdə saxlanıldığını onun dəyişən situasiyaya uyğun addımlar atdığını, hərbi taktikanı daha ciddi, daha yüksək səviyyədə qurmaq imkanlarının olduğunu deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyət narahat olmamalıdır.
Buna baxmayaraq, Zahid Oruc onu da qeyd edib ki, müharibə hər zaman başlaya bilər: 
«Çünki ortada qoruyucu bir qüvvə yoxdur. Sülhməramlı qüvvələr iki düşmən tərəf arasında vasitəçilik etmir. Hər iki tərəf arasında məsafə 50-70 metr olması və atışmaların intensivliyi lokal toqquşmaları, böyük miqyaslı savaşları bərqərar edə bilər. Amma düşünürəm ki, müharibənin başlanması bir tərəfin özünün qərarı ilə olsa da müharibənin qurtarması birtərəfli qaydada reallaşmaya bilir. Çünki müharibənin öz qanunları və tələbləri var. Bu səbəbdən beynəlxalq qüvvələri bu prosesə cəlb etməli, bütün beynəlxalq aləmə günü bu gün daxil olmaqla cəbhə xəttindəki gərginliyin əsl səbəblərini çatdırmalıyıq. Bunlar orada yaşayan insanlarımızın təsərrüfat həyatlarına zərbə vurmaq, gəncləri oradan uzaqlaşdırmaq və əhalinin öz yerlərini boşaltması üçündür. İkincisi, Rusiyadan qaçaqmalçılıq yolu ilə alınan külli miqdarda silah kütləsini satmaq, əritmək, necə deyərlər Azərbaycanı daim silah almağa vadar etmək siyasətinin tərkib hissəsidir. Bundan başqa bütün dünyaya bölgənin qeyri-stabil olmasının göstərmək və bura yatırım etməyin qarşısının alınmasıdır. Dördüncüsü isə ayrı-ayrı qərb dairələri açıq şəkildə Rusiyadan belə mesajlar verirlər ki, bölgənin ağası şimaldadır. Bu kimi məsələlər çoxdur. Çünki bu gün Azərbaycan bölgənin fəal şəkildə əsas iqtisadi xəritəsini müəyyənləşdirir. Xatırlayırsınızsa, xanım Klintonun regiona səfəri zamanı da böyük itkilərlə müşayiət olunan pozuntular baş vermişdi. On a görə də, ATƏT-in buradakı müşahidə missiyasına, beynəlxalq mandatlı qüvvələrə, Anjey Kasperşikin monitorinq qrupuna güllə atan ermənilər varsa vəziyyətin gərginliyini hər kəs dərk etməlidir. Amma bugünkü gerçəklikdə müharibənin başlanmasını demək üçün daha da yetərli informasiyalar ehtiyac var». 
Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin Fransada görüşməsi ilə silahlı qüvvələr arasında atəşkəs rejiminin pozulması arasında paradoks olduğunu və danışıqlara tabe olmaq istəməyən qüvvələrin olması ilə bağlı sualımıza münasibət bildirən millət vəkilinin sözlərinə görə, səhra komandirləri Ermənistan iqtidarından fərqli düşünürlər. Bu səbəbdən də onlar danışıqları qəbul etmir və prosesin yalnız hərb müstəvisində qalmasını çalışırlar.
«Əslində bu versiyanı mötəbər saymıram. Düşünürəm ki, bütün addımlar Ermənistanın siyasi rəhbərliyindən onların söykəndiyi Moskva dairələrindən qaynaqlanır. Düzdür Rusiyanı son hadisələrdə günahlandırmaq üçün daha yetərli arqumentlərə yiyələnməliyik. Soçi Olimpiadasının başlayacağı fonunda onsuz da Şimali Qafqazda gərgin situasiya və terrorla üz-üzə olan dövlətin əlavə gərginlik ocaqlarını yaratmalarını gerçək saymaq olmaz. Amma bilirik ki, Qarabağdakı hərbi proseslər Rusiyaya son dərəcə bağlıdır. Odur ki, proseslərdə üçüncü qüvvələri nə dərəcədə təsirli rol oynayırlar sualına deyə bilərəm ki, burada iki cür mövqe sərgiləmək olar. Artıq vurğuladıq ki, bunlar danışıqlara zərbə vurmaq və bəzi danışıqlarda daha çox güzəşt qoparmaq Azərbaycanı nələrəsə vadar etmək məqsədi daşımaqdır. Diskusiyalar zamanı qarşı tərəf  baxın, bizə tabe olmayan Qarabağ ermənilərinin olmasını deyərək bizi onları razı salmaq üçün hansısa konsensus şərtlər irəli sürmək kimi siyasətinə də alət edə bilərlər. Odur ki, məsələ kifayət qədər çoxparametirli tənlik səviyyəsindədir. Biz onu həll etmək üçün hər bir məhsulu ayrılıqda açmalıyıq. Ona görə də düşünürəm ki, bu proses Azərbaycanın beynəlxalq maraqlarına, xarici siyasətinə, bölgədəki sülhə, əmin-amanlığa, transmilli layihələrə zərbədirsə, Qərb dövlətlərinin də digər dairələrin də prosesə qoşulmağına ciddi ehtiyac var».
 





24.01.2014    çap et  çap et