Necə ki, bir ara Rusiyanın verdiyi bir batareya «İsgəndər» taktiki raket kompleksləri ilə başımızı xarab eləməyə çalışırdılar. Ancaq az sonra bəlli oldu ki, əslində Moskva bu sistemi, sadəcə, Azərbaycana silah satışının qarşılığında narazı erməniləri sakitləşdirmək üçün verib. O da bəlli oldu ki, «İsgəndər»lərin düyməsi heç də İrəvanın yox, Kremlin əlində olacaq - sonadək, müharibə olsa belə.
Bunun ardınca Azərbaycanın İsraildən «Dəmir günbəz» raketdən müdafiə sistemləri alması və müdafiə naziri Zakir Həsənovun son İsrail səfəri çərçivəsində həmin sistemlərin neft-qat kəmərlərini də effektli qoruma çətiri altına alacağı barədə yayılan xəbərlər İrəvanı daha da pəjmürdə elədi.
***
Bu, həm də o anlama gəlirdi ki, Ermənistan hətta Rusiya hesabına da Azərbaycanla hərbi balansa nail olmaq iqtidarında deyil. Həm də o səbəbə ki, İrəvanın bundan ötrü yetərli maliyyə-iqtisadi resursu yoxdur. Ayrı sözlə, Moskvanın izni olsa belə, düşmən ölkə üçüncü ölkədən müasir silah-sursat və yeni döyüş sistemləri almaq iqtidarında deyil.
Erməni müdafiə naziri Vigen Sərkisyanın dünən İrəvanda jurnalistlərə verdiyi açıqlamalar buna bir daha əminlik yaratdı. Hərçənd, nazir bəzi özündənrazı və mifik bəyanatlar da səsləndirib. Məsələn, musavat.com-un panorama.am erməni qaynağına istinadən verdiyi məlumat görə, V.Sərkisyan Çin səfəri zamanı bu ölkədən silah alınması ilə bağlı danışıqların fiasko olduğunu etiraf edib. Amma bu fiaskonu bir növ «kompensasiya» eləmək üçün iddia edib ki, guya Ermənistan silahlı qüvvələrində yerli istehsallı silahlardan istifadə edilir. Hətta bir az da qabağa gedərək, ənənəvi erməni gopu stilində bəyan edib ki, guya həmin yerli silahların silah bazarında analoqu yoxdur.
Ancaq təbii ki, o, ad çəkməyib, söhbətin hansı «analoqsuz silah»lardan getdiyini bildirməyib. Yalınız bunu əlavə edib: «Bizim əsas məqsədimiz - öz hərbi sənayemizi iqtisadiyyatımızın lokomotivlərindən birinə çevirməkdir. Hərbi-sənaye kompleksinin inkişafı - 2017-ci ilin mühüm istiqamətlərindən biridir. Ümid edirəm ki, bu yöndə tədqiqatlar bizə dünya bazarında təkcə silah idxal edən yox, yüksək texnologiyalar əsasında hazırlanmış silahlar ixrac edən ölkə kimi marağı artıracaq».
Görəsən, bu yerdə Sərkisyana «bəs buna nə ilə, hansı iqtisadiyyatla və resurslarla nail olacağıq» məntiqli sualını ünvanlayan erməni jurnalisti olubmu? Deyə bilmərik. Yalnız onu deyə bilərik ki, Ermənistan Rusiyadan asılı qaldıqca, Azərbaycan torpaqlarının işğalına görə Azərbaycan və Türkiyə tərəfdən blokada rejimində saxlandıqca, onun iqtisadi-maliyyə göstəriciləri heç patron istehsalı üçün də yetərli olmayacaq, o ki ola «analoqsuz silahlar» buraxmağa.
***
Bunu dolayısı ilə müdafiə naziri Sərksiyanın özü də elə həmin mətbuat konfransında etiraf edib - yəni özü-özünü faktiki, təkzib edib. Buyurun bu da fakt: nazir bildirib ki, Rusiya ilə ötən ilin fevralında əldə olunmuş müqavilə çərçivəsində 200 milyon dollarlıq kredit müqabilində bu ölkədən silah-sursatın alınması prosesi ilin sonuna kimi yekunlaşacaq. Söhbət reaktiv yaylım atəşli «Smerç», «İqla C» və bəzi digər sistemlərdən gedir.
«İlin sonunda proses bitəcək. Hazırda ən aktiv mərhələdəyik». Bunu da dünən «stəkanda fırtına» yaratmağa çalışan müdafiə naziri Vigen Sərkisyan deyib.
İndi özünüz fikirləşin, ağası Rusiyadan iki ildir 200 milyon dollarlıq kredit dilənib həmin kreditə silah-sursatın alınması prosesinin hələ bu ilin sonuna yekunlaşmasına ümid bəsləyən, iqtisadiyyatı sovetdən qalma «rüşeym» vəziyyətindən çıxa bilməyən, əhalisi kütləvi şəkildə xaricə köç edən bir ölkə necə və hansı yolla analoqsuz silahlar istehsal edə bilər?
O ki qaldı Çindən silah alınmasına dair danışıqların fiasko olmasına, bu xüsusda rusiyalı tanınmış hərbi ekspert Aleksandr Xramçixinin RİA-Novosti-yə şərhi diqqət çəkir. Musavat.com-un məlumatına görə, Xramçixin deyib: «Ermənistan bu yolla (Çinlə - A.X.) Moskvanı şantaj edir ki, Rusiyadan daha ucuz silahlar alsın. İrəvanın Çindən silah alması ehtimalı yoxdur. Belə bir şey o vaxt mümkün ola bilərdi ki, Pekin İrəvana Moskvadan daha ucuz silahlar təklif eləsin».
Lakin hər şey qırağa, Moskva buna izn verərmi? Üstəlik, o, Ermənistana silahları Azərbaycandan fərqli olaraq onsuz da ən ucuz qiymətə - özünün daxili bazar qiymətinə satırsa.
***
Nə əlavə eləmək qalır? Əlbəttə, bir də o ki, vaxtaşırı Ermənistandan Azərbaycan çirkli atom bombası ilə də hədələnir. Yəni yenə «stəkanda fırtına» məsələsi...