30 yaşlı avstraliyalı qadın qoltuğundakı ağrılı şişin xərçəng olduğundan qorxmuşdu.
Lakin Sidneydəki «Royal Prince Alfred» xəstəxanasının həkimləri şişi toxumalardan ayırdıqdan sonra əmin olmuşdular ki, o bədxassəli deyilmiş.
Ekspertlər bu halı araşdırdıqdan sonra belə bir nəticəyə gəlmişdilər ki, qadının qoltuğundakı şişlərə onun bədəninə döydürdüyü şəkillər səbəb olub. Onlar həkimlərə məsləhət görüblər ki, bundan sonra limfomadan əziyyət çəkən pasientlərdən bədənlərində tatunun olub-olmadığını əvvəlcədən öyrənsinlər.
Həkimlər bundan əvvəl də bilirdilər ki, döymə şəkillərdə işlədilən mürəkkəb limfa düyünlərinədək gedib çıxır. Bu düyünlər bədəni zəhərli toksinlərdən qoruyan çox mühüm orqan sayılır. Lakin indi məlum olub ki, tatunun limfalara təsiri özünü illər sonrası da büruzə verə bilər.
Hazırda Britaniyada yetkin yaşlıların üçdə birinin bədənində döymə şəkil və yazılar var.
Avropa Sinxrotron Radiasiya Mərkəzində aparılmış təcrübə göstərib ki, tatu mürəkkəbində olan titan oksidi bütün bədənə yayılaraq limfa düyünlərində toplana bilər.
Avropa Sinxrotron Radiasiya Mərkəzindən Hiran Kastillo (Hiran Castillo) deyib ki, adamlar bədənlərinə şəkil döydürəndə adətən ehtiyatlı tərpənib sanitariyası yaxşı olan atelyelərə gedirlər, amma heç kəs tatu mürəkkəbinin kimyəvi tərkibi ilə maraqlanmır.
Halbuki tatu mürəkkəbinin tərkibində nikel, xrom, manqan və kobalt da ola bilər.
Tatu mürəkkəbinin limfa düyünlərinə təsirini araşdıran alim - Bernhard Hesse deyir ki, bu düyünlərin təsirlənməsi göz qabağındadır, çünki bədənə vurulan rəng onların da üstündə tapılır.
Alim bildirir ki, limfa düyünləri toksik mürəkkəbi orqanizmdən çıxarmağa çalışarkən özü də bu rəngə bulaşır.
Bu rəngin kiçicik nano hissəciklərdən ibarət olduğu isə bu yaxınlarda aşkarlanıb.
Alimlər bildirirlər ki, nano hissəciklərin orqanizmə təsiri hələlik ən az öyrənilən sahələrdən biridir.