Məqalədə deyilir ki, Türkiyə Avropa İttifaqı üzvlüyü üçün son 12 ildə danışıqlar aparıb.
Brüssel və Ankara 2015-ci ildə Avropada sığınacaq ala bilməyənlərin Türkiyəyə qaytarılmasına dair saziş imzalayanda, Türkiyənin ittifaq üzvlüyünə son dərəcə yaxınlaşdığı söylənirdi.
Lakin sonralar Aİ ilə Türkiyə arasındakı münasibətlər Brüsselin Ankaranı insan haqlarının vəziyyətini tənqid etməsinə görə pisləşdi.
İndi isə ötən bazar günü Ərdoğan Türkiyə parlamenti qarşısında deyib: «Bizə bundan sonra Aİ üzvlüyü lazım deyil».
Bununla yanaşı Türkiyə lideri işarə edib ki, onun ölkəsi ittifaq üzvlüyü ideyasından tamamilə əl çəkməyib və o, əlavə edib: «Biz bu məsələdə birinci geri çəkilən tərəf olmayacağıq».
Lakin o həm də qeyd edib ki, Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvü olmaq istəyir.
Türkiyənin Avropa İttifaqı ilə danışıqları 2005-ci ildən başlanıb, lakin sonrakı illərdə dəfələrlə dalana dirənib.
Brüssel və Ankara arasında 2015-ci ildə imzalanmış miqrant sazişinə əsasən Türkiyəyə daha liberal viza rejimi və sürətli inteqrasiya şansı verilməliydi.
Amma 2016-cı ildə baş tutmamış çevriliş cəhdinin ardınca baş verənlər Türkiyəni Aİ üzvlüyü məqsədindən xeyli uzaq salıb.
O vaxtdan bəri bu çevriliş cəhdi ilə əlaqədə şübahəli bilinən on minlərlə insan həbs edilib, Ərdoğanın səlahiyyətlərini ifrat dərəcədə genişləndirən referendum keçirilib.
Almaniya kansleri Angela Merkel bildirib ki, «Türkiyə demokratik dəyərlərdən böyük sürətlə uzaqlaşır».
Ötən il Avropa Parlamenti Türkiyə ilə danışıqların dayandırılması barədə qətnamə qəbul edib.
Türkiyə lideri habelə Aİ-ni terrorçulara sığınacaq verməkdə ittiham edib.