Vaxt.Az

Yetişməmiş meyvə - Ramil Şeydayev


 

Məncə, bu ədalətli yanaşmadır

Yetişməmiş meyvə - Ramil Şeydayev Dünən Azərbaycan Premyer Liqasının növbəti oyununda «Qarabağ» «Zirə» ilə görüşdü. Mən televiziya vasitəsi ilə baxdığım bu oyunda sadəcə, bir epizodun üzərində dayanmaq istəyirəm.

Deməli, oyunun 46-cı dəqiqəsində Ramil Şeydayev cərimə meydançasının içində əla bir çalım atıb (anadolu türkləri demişkən), rəqibini yerə sərərək, qapı ağzına ötürmə etmək istədi (bəlkə də qapıya zərbə vurdu, məğz bunda deyil), amma top sıx oynayan rəqib müdafiəçilərinə dəyib geri qayıtdı. Bu epizodu şərhçi necə təsvir etdi? «Aldadıcı hərəkətlər! Qapı qarşısında indi təhlükə yarana bilər! Amma Ramil Şeydayev ən uğursuz qərarı verdi» və s. Bu zaman rejissor da epizodun təkrarını verir və yalnız topa zərbə anı göstərilir. Bunu necə başa düşək? Zənnimcə, epizodu təsvir edəndə bunu tam etməlisən. Şərh edəndə də bir zərbənin pis olduğunu qabardırsansa, aldatmanın da yaxşı olduğunu deməlisən. Məncə, ədalətli yanaşma budur.

Eləcə də təkrarı göstərəndə hərəkəti başdan verməlisən. Yalnız sonluğu deyil. Çünki aldatma əla alınmışdı və bu hərəkət rəqibi yerə sərmişdi. Mən tez-tez Türkiyə kanallarında futbol verilişlərinə baxıram və dəfələrlə şahidlik etmişəm ki, onlar bu cür epizodların üstündə xüsusi dayanırlar. Baxdıqlarımdan gəldiyim nəticəyə əsasən deyə bilərəm ki, türkiyəlilər bu epizodda daha çox Ramilin birinci hərəkətinin üstündə dayanardılar və «iyi bir çalım», «harika» kimi sözlərlə bəzəyərdilər.

Bizim yanaşmamızı da yuxarıda təsvir etdim. Həmin epizodda təkrar tam verilsəydi, daha yaxşı olmazdımı? Təəssüf ki, elə olmadı.

Biz niyə bir epizodun üstündə bu qədər dayanırıq? Çünki Ramil gəncdir, perspektiv vəd edən futbolçudur. Hansısa pozitiv söz ona yaxşı, neqativ fikir isə mənfi təsir edə bilər. Onu rusların əlindən dartıb bura gətirməmişik ki, burda məhv edək. Onu gətirmişik ki, bizə xeyir versin. Nəzərə alaq ki, onun futbolçu kimi yetişməsində bizim xidmətimiz olmayıb. Heç olmasa, formalaşmasında olsun.

Futbolçu barədə hansısa pozitiv söz yaxşı, neqativ söz isə pis rəy formalaşdırar ki, bu da sonrakı mərhələdə azarkeşlərin gənc futbolçuya münasibətində həlledici rol oynaya bilər. Ən sonda bu, futbolçunun çıxışına təsir göstərə bilər.

Ramil Şeydayev hazırda yetişməmiş meyvə kimidir. Yetişməmiş meyvəyə də qulluq lazımdı ki, böyüsün, ondan istifadə edəsən. Bir gənc futbolçuya qulluq onu tərifləmək, müsbət cəhətlərini qabartmaq, səhvlərini isə çox da şişirtməmək olardı. Amma heyf ki, biz əksini edirik. Və sonra da «bizdə futbolçu yoxdur» deyirik. (komanda.az)

 





03.10.2017    çap et  çap et