Dünyadakı bütün dinlər haqqında da özümə lazım olan səviyyədə məlumatlıyam. Bütün dinlərə və bütün inanclara hörmətlə yanaşıram. Təbii ki, İslamı dinlərin şahı, «Quran»ı da Tanrı tərəfindən göndərilən kitabların ən mükəmməli hesab edirəm. Müsəlman olduğuma görə yox. Dinimizi başqa dinlərlə, Kitabımızı başqa səmavi kitablarla müqayisə etməyə hər halda savadım və qabiliyyətim çatır.
Bu yazını niyə yazdım? Məhərrəmlik ayıdır, ayın 1-də də Aşura günü idi. Bu dəqiqə dünyanın ən böyük silahı olan sosial şəbəkələrdə neçə gündür İmam Hüseynlə bağlı müzakirələr gedir.
Kimsə dinsiz ola bilər, Allahsız ola bilər, yəni ateist, hansısa məzhəbə qulluq edə bilər, bu onun öz seçimidir. Hər kəsin seçiminə də hörmətlə yanaşmaq lazımdı. Belə bir ifadə var: «Özü bilər, Allahı bilər», hətta inanmadığı Allahı bilər.
Nədir məsələ? Baxıram, xüsusi qruplar var, bilmirəm hardan idarə olunurlar, içlərində də tanınmış ziyalılar, özlərini də müsəlman sayırlar, guya «Quran»ı da oxuyublar, şiəliyi aşağılayırlar, həqarət edirlər, təhqir edirlər, lağa qoyurlar. Bu qalsın bir tərəfə. Bu özlərini müsəlman adlandıranlar Peyğəmbərimizin (s.ə.s) ən sevimli nəvəsini də təhqir edib aşağılayırlar. Peyğəmbəri sevirsən, nəvəsini təhqir edirsən, sən necə müsəlmansan? Moltanı olmaq belə müsəlmançılıqdan yaxşıdır.
İnsanlar ildə bir dəfə peyğəmbərimizin şəhid edilmiş, qılıncdan keçirilmiş nəslini yad edirlər. Burda lağ olunası nə var ki? Dünyada elə bir xalq göstərə bilərsinizmi ki, bu və ya başqa şəkildə öz şəhidlərinə, müqəddəs şəxslərinə anım günü keçirməsinlər? Və içi biz daxil olmaqla.
İmam Hüseyn şəhidliyin zirvəsidi. Və bütün dünyaya da haqq yolunda, din yolunda, ədalət yolunda, Allah yolunda şəhid olmaq dərsi keçib. Müsəlman olmayan filosoflar da, alimlər də dünyanın yönünü dəyişdirən böyük şəxsiyyətlər də İmam Hüseynin şəhidliyini yüksək qiymətləndiriblər, öz xalqlarına, öz əsgərlərinə örnək göstəriblər. Onlarla misal çəkərəm, bəlkə daha çox.
Dünya iki yerə bölünüb, İmam Hüseynin tərəfdarları və Yezidin tərəfdarları, özü də dinlərindən asılı olmayaraq.
İmam Hüseyn tərəfdarlarıydı Qarabağda şəhid olan o 20 min igid. İmam Hüseyn tərəfdarlarıdır Aprel döyüşlərində şəhid olan oğullar! İçlərində rusu da var, yəhudisi də var, ukraynalısı da var, sünnisi də var, şiəsi də var, amma onlar hamısı İmam Hüseyn yoluyla gedərək haqq yolunda, ədalət yolunda, torpaq yolunda, Allah yolunda canlarını qurban verdilər. Və bu gün də bu yolla gedirlər.
Yezidin tərəfdarlarıydı Xocalıda soyqırım törədənlər, evlərimizi-eşiklərimizi yandıranlar.
Yezidin tərəfdarlarıdı İraqı, Suriyanı, Yəməni, Liviyanı, Fələstini bombalayanlar. Türkiyədə hər gün terror törədənlər.
Yezidin tərəfdarıdı srağagün Las-Veqasda 58 adamı qətlə yetirən, 600-ə yaxın adamı yaralayan.
Yormayım sizi, Yezidin qanını daşıyırlar.
Öz torpağı, öz vətəni, öz namusu uğrunda şəhid olanlar da İmam Hüseynin tərəfdarlarıdı. 2 yaşlı Zəhranı qətlə yetirən erməni ilə Peyğəmbərimizin (s.ə.s) nəticəsi 6 aylıq Əli Əkbərin başını kəsənin nə fərqi?
Manaf Süleymanovun kitabından yaman çox sitat gətirirlər. Bilirsiniz də nəyi? O türk paşasının Bakıda Aşura günü insanlara lağ eləməsini və döydürməsini. Və sonra da onlardan bir qrupunu tutdurub mindirir qatara ki, göndərəcəm Batuma, ordan da gəmilərə doldurdub göndərəcəm Kərbəlaya. Kərbəla kafir ingilislərin əlindədi, getsinlər Kərbəlanı xilas eləsinlər. Və bunu bəh-bəhlə sosial şəbəkələrdə elə paylaşırlar. Ağlına dua yazım o paşanın da, onu bəh-bəhlə paylaşanların da.
Əvvəla, həmin paşa Kərbəlanın yolunu bilmir, burdan Batuma, Batumdan gəmilərlə Qara dəniz, sonra İstanbul boğazı, sonra Aralıq dənizi, ondan sonra İraq və Kərbəla. Bakıdan Kərbəlaya quru yolu Bakı-Batum yolundan bir az artıqdır.
İkincisi, ay Paşa, Kərbəla sizin əlinizdəydi də, niyə verdiniz kafir ingilislərə ki… Nə isə…
Başqa bir ziyalımız, özü də hakimiyyətə hakimiyyət davasıyla gəlmiş bir ziyalımız, İmam Hüseyni günahlandırır ki, hakimiyyət davası eləməyəydi, öldürməyəydilər. Harda oxumusan İmam Hüseynin hakimiyyət davası elədiyini?!
Bəli, Aşura bitdi. İnsanlar getdilər məscidlərə İmam Hüseynə və 72 şəhidə ehtiramlarını göstərdilər. Sakitcə, əmin-amanlıqla, davasız-şavasız. Bircə Gəncədə bəzi yalançı dindarlar qarışıqlıq salmaq istədi, o da alınmadı, oturtdular yerlərində. Özü də təkcə polisin gücünə yox, Gəncənin inanclı insanlarının gücünə. Və insanlar maariflənir, daha nə zəncir vuran var, nə də baş yaran. Beş-on nəfər varsa da, onların bəziləri deyək ki, inanclarından ediblər, bəziləri də kimlər tərəfindənsə öyrədilmiş adamlardı.
Məhərrəmliyə, İmam Hüseyn şəhadətinə lağ edən «müsəlmanlara» bir daha xatırladıram ki, hələ Sovetlər dönəmində Məhərrəmlik zamanı Bakıdakı ruslar da, yəhudilər də, ermənilər də dinimizə hörmət əlaməti olaraq toy etmirdilər. Bəs, sizə nə düşüb atılmısınız ortalığa? İnanmırsan inanma, bu sənin haqqındı, hüququndu. Amma inanclı insanlara da hörmət etmək borcundu.
Bir məsəli hərdən təkrar edirəm, indi də təkrar edim, oxumayanlar da ola bilər, həm də yeri var.
Ağdamda Xıdırlı kəndi var, yeganə sünni kəndidir. Bu kənddən çox böyük ziyalılar, şəxsiyyətlər çıxıb. Bu kənddən də çoxlu dostlarım var, zarafatı sevən, yumorlu adamlardı.
Parisdə həkimlik təhsili almış bir bəy qayıdır doğma Xıdırlıya. Aşura günüymüş. Çıxır kəndin mətəsinə, təbii ki, bütün kənd də yığışır başına.
Bəy Qarqarın o üzündəki Şellini göstərib soruşur ki, səhərdən orda ağlaşmadı, kim ölüb orda?
Cavab verirlər ki, Bəy, heç kim ölməyib, Aşuradır, imamlara yas saxlayırlar. Deyir, hə, hə. Yaxşı, bəs Əhmədavarda kim ölüb, ordan da ağlaşma səsi gəlir. Əhmədavar elə Xıdırlıya bitişikdir.
Deyirlər:
- Bəy, orda da heç kim ölməyib ey, Aşura günüdür də, imamlara yas saxlayırlar.
Bəy yenə deyir, hə, hə. Sonra əlini uzadır yaxınlıqdakı Qiyaslı kəndinə:
- Yaxşı, bəs orda kim ölüb, orda da ağlaşmadı axı?
Camaat:
- Bəy, saa canımız qurban, alim adamsan, Aşura günüdür də deyirik, imamlara yas saxlayırlar.
Bəy başını bulaya-bulaya Xıdırlının üstündəki Xoramurd kəndini göstərib deyir:
- Bəs, orda niyə ağlamırlar?
Camaat:
- Bəy, onlar niyə ağlasın ki, ermənilərdi axı?!
Bəy əsəbi halda:
- Bəs, siz niyə ağlamırsız, siz də ermənisiz?
O gündən sonra Xıdırlı da Aşura keçirir.
Hər kəs öz payını götürsün.
Babəkin də damarlarından İmam Hüseyn qanı axırdı, Nəsiminin də, Şah İsmayılın da, Müşfiqin də, Cavidin də, Qandinin də, Atatürkün də, Mehdi Hüseynzadənin də, Həzi Aslanovun da, Çanaqqala şəhidlərinin də, 20 min şəhidimizin də, Aprel şəhidlərimizin də.
Özü də gün işığı kimi, tərtəmiz İmam Hüseyn qanı!