AYİB-in sözçüsü Conatan Çarlz (Jonathan Charles) oktyabrın 3-də bildirib ki, 2018-ci ilin birinci rübündə Yekaterinburq, Krasnoyarsk, Rostov, Vladivostok və Samaradakı kiçik ofislər bağlanacaq.
Moskva və Sankt Peterburqdakı filiallar fəaliyyətini davam etdirəcək.
AYİB Rusiyanın 2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq etdiyinə, habelə Moskvanın Ukraynanın şərqindəki münaqişəyə müdaxiləsinə görə Rusiyaya kreditlərin ayrılmasını dondurub.
Ötən may ayında qadağanın qaldırılmasına dair ricası direktorlar şurası tərəfindən rədd edildikdən sonra Moskva AYİB-i Qərb siyasətinin əlində «alət» olmaqda ittiham etmişdi.
Bu qadağaya baxmayaraq bank hələ də Rusiyaya ayrılmış 3 milyard dollar həcmində investisiyaların idarə edilməsini həyata keçirir.
2014-cü il Ukrayna böhranından əvvəl bankın Rusiyadakı 7 bölməsində 160 nəfər çalışırdı. O vaxtdan bəri bunların yarısı ya bankın daxilində başqa yerlərə keçirilib, ya da ümumiyyətlə vəzifəsini tərk edib.
Rusiyanın AYİB-in Londondakı qərargahında nümayəndəsi olan Denis Morozov deyib ki, o bankın «Rusiyanı, yəni özünün ən mənfəətli bazarını itirməsindən təəssüflənir».
Nümayəndə bunu da əlavə edib ki, o, bankın «Rusiyanı daha yaxşı yerə çevirmək məqsədilə öz üzərinə götürdüyü mandatdan imtina etməsindən məyusdur».
1991-ci ildə Dəmir pərdənin qalxmasından sonra yaradılmış AYİB keçmiş sovet respublikalarına və keçmiş sosialist bloku ölkələrinə milyardlarla dollar kredit yardımı göstərib. Hazırda bankın 30 ölkədə investisiyaları və ticarət qarantiyaları var.
AYİB-in ən böyük sərmayəçiləri G7 qrupunun üzvləri olan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlardır.