«Biz belə bir qənaətə gəlmişik ki, Rusiyanın əsas məqsədi Ukraynaya uğurlu dövlətə çevrilməsinin qarşısını almaqdır. Rusiya Ukraynanın uğur qazanmasını əsas təhlükə kimi nəzərdən keçirir» deyə planın müəllifi bildirib. Onun sözlərinə görə, əsas məsələ bu təhlükənin güclənməsinə yol verməməkdir. Ukraynaya yardımın həcmi də müəyyən edilib – Avropa İttifaqının illik büdcəsinin 3 faizi. Bu isə təqribən 30 mlrd. avro deməkdir. Ukrayna baş nazirinin müavini Stepan Kubiv proqramın 10 il üçün nəzərdə tutulduğunu bildirib. İl ərzində 5 mlrd. avro maliyyə axını isə Ukrayna ümumdaxili məhsulunun həcmini 6-8 faiz artırmağa imkan verə bilər.
Lakin əksəriyyət bu qənaətdədir ki, Rusiya nəyin bahasına olursa-olsun Ukraynanın çiçəklənməsinə imkan verməyəcək. Məsələn, «Şimal axını-2» layihəsi məhz bu məqsədlə irəli sürülüb. Burada hədəf Ukraynanın tranzit ölkə imkanlarını minimuma endirməkdir.
Rusiya ilə münasibətlərdə normallaşma hələ uzun zaman olmayacaq. Çünki hazırda da tərəflər bir-birini ittiham etməkdə davam edirlər. Bu dəfə Kiyev Moskvanı ona qarşı silahlı mübarizəyə hazırlaşmaqda ittiham edib. Ukrayna Silahlı Qüvvələri baş qərargahının rəhbəri Viktor Mujenko bildirib ki, Moskva verdiyi vədə xilaf olaraq Belarusda keçirdiyi manevrlərdən sonra orada özünün qoşun hissələrini saxlayıb. Viktor Mujenkonun Reuters agentliyinə müsahibədə verdiyi bu bəyanat Moskva və Kiyev arasındakı gərginliyi daha da artıra bilər. Bu iddia habelə Belarus Müdafiə Nazirliyinin sentyabrın 28-də verdiyi xəbərlə ziddiyyət təşkil edir. Nazirlik rəsmi açıqlamasında bildirmişdi ki, «Zapad 2017» hərbi təlimlərində iştirak edən Rusiya hərbçilərinin son eşelonu Belarusu sentyabrın 28-də tərk edib. Mujenko deyib ki, «bizdə olan informasiyaya görə onlar bəyan edilmiş 12500 hərbçinin yalnız kiçik bir hissəsini Belarusdan çıxarıblar». Mujenko bunu da əlavə edib ki, Moskvanın Belarus ərazisində 3000 hərbçisinin olduğunu iddia etməsinə baxmayaraq, əsl rəqəm bundan yüksəkdir. Sentyabrın 14-20-də Belarusda və Rusiyanın qərb regionlarında keçirilən böyük hərbi manevrlər NATO ölkələrini ciddi narahat edirdi. Moskva və Minsk bu hərbi təlimlərdə hər iki ölkədən 12700 hərbçinin iştirak etdiyini bildirsələr də, Qərb rəsmiləri əslində söhbətin 100 min əsgərdən getdiyini deyirdilər. Belarus prezidenti Aleksandr Lukaşenko təlimlərin son günündə bəyan etmişdi ki, manevrlərdən sonra bütün Rusiya hərbçiləri ölkəni tərk edəcəklər.
Öz növbəsində Ukraynanın «Korrespondent» nəşri maraqlı bir analiz aparıb. Nəşr bu qənaətə gəlib ki, dünyada fırıldaqçı imici ilə tanınan Corc Soros növbəti dəfə Ukraynada vəziyyəti dəyişməyə çalışır. Nəşr yazır ki, əcnəbi investorlar və lobbistlər artıq Ukraynadakı mövcud rejimi dəyişmək barədə ssenarilər hazırlayıblar. Məqsəd isə daha sözəbaxan bir Ukrayna qazanmaqdır. Nəşr yazır ki, M.Saakaşvilinin Ukraynaya dönüşü də bu layihənin bir hissəsidir. Sorosla bağlı Amerika cəmiyyətində qızğın mübarizə getdiyi iddia edilir. «Vaşinqtonun nüfuz dairəsinə daxil edilən Ukrayna da digər dövlətlər kimi, həmin qruplaşmalar arasında gedən mübarizənin girovuna çevrilib», - deyə məqalədə iddia edilib. (kaspi.az)