Oktyabrın 5-də A.Nəcəfli yenidən bu mövzuya toxunub. «Azəravtoyol» rəsmisi öz facebook hesabında bu haqda geniş bir yazı paylaşıb. VAXT.AZ Anar Nəcəflinin həmin yazısını təqdim edir: «Ötən gün Nizami rayonu Mehdi Abbasov küçəsində baş vermiş çökmə hadisəsinə bir daha aydınlıq gətirmək istəyirəm.
Belə ki, bəzi xəbər saytlarında hadisə ilə bağlı məlumat elə təqdim olundu ki, guya yol yeni salınıb və üztəlik keyfiyyətsiz! Bu üzdən yağışlardan sonra yol çöküb..
Məlumat üçün bildirmək istəyirəm ki, sözgüdən küçə 50-60 il bundan öncə, həmin ərazidə yaşayış binaları inşa edilərkən salınıb. Yolun altından keçən kommunikasiyalar da (kanalizasiya kollektoru da daxil) yol infrastrukturu qurularkən quraşdırılıb. Yəni yol yeni deyil. Bu 50-60 il ərzində də təbii ki, o yolda müəyyən təmir işləri aparılıb.
Ötən il də «Azəravtoyol» ASC tərəfindən həmin küçənin asfalt-beton örtüyünün üst qatı yenilənib.. Qeyd etdiyim kimi sadəcə olaraq yenilənib. Yolun tikintisində hər-hansı bir problem olsaydı bu yol 50-60 il ərzində azı 50-60 dəfə çökərdi.
Bəs dünən niyə çökdü? Çünki 50-60 il bundan öncə quraşdırılan kanalizasiya kollektoru artıq istismar müddətini başa vurduğu üçün dağılıb. Nəticədə kollektorla axan çirkab su yolun torpaq yatağını yumağa başlayıb. Qəzanın baş verdiyi yerdə torpaq yuyulduğundan asfalt altında boşluq yaranıb və asfalt çöküb.
Demək istədiyim odur ki, bu nə yolun keyfiyyətsiz çəkilməsi ilə, nə də ki, yağışla əlaqədardı.
İkinci bir məsələ bəzi «yol mütəxəsisləri» hətta bunu asfalt örtüyünün nazik çəkilməsi ilə əlaqələndirdi ki, bəs asfalt normal olsaydı, yol da çökməzdi... Qeyd edim ki, həmin ərazidə asfalt örtüyü norma və standartlara uyğundur - 25-35 sm arası dəyişir qalınlıq.. Yolda asfaltın qalınlığı hətta yarım metr də olsaydı yol yenə çökəcəkdi. Çünki asfaltı saxlayan torpaqdır o da yuyulub gedib. Boşluq yarandığından asfalt öz ağırlığı nəticəsində qırılıb.
Bu cür hadisələr hər yerdə baş verə bilər və baş verir də. İstər Amerikada, istər Avropada, istər Avstraliyada və sair. Bundan heç kəs, heç bir şəhər və ya dövlət sığortalanmayıb».
Musavat.com bildirir ki, kanalzasiya xətləri, kollektor qurğuları «Azərsu» ASC-nin nəzarətindədir. Paytaxtımızda bu sistemin öz istismar müddətini başa vurduğu haqda indiyədək mediada çox yazılıb. Su və kanalizasiya xətlərinin, kollektor sisteminin yenilənməsi üçün son 10 ildə «Azərsu» ASC-yə milyonlarla manat vəsait ayrılsa da, bu təsərrüfatdakı neqativ hallar aradan qaldırılmır.
Mövzu ilə bağlı «Azərsu» ASC-nin mövqeyini dərc etməyə hazırıq.