Hamımızın ictimai mövcudluğumuzun, dəyərimizin birinci səbəbkarı müəllimdir. Mən ilk olaraq ibtidai sinif müəllimimə zəng edib təbrik etməyi özümə borc bilirəm. Sübh tezdən bütün rəhmətə gedən müəllimlərimin ruhuna dualar edirəm. Həm də gördüyüm, tanıdığım müəllim şəxsiyyətlərin sayəsində dərhal Sifət müəllimlərlə Rəhmət müəllimləri ayıra bilirəm. İndi Rəhmət müəllimlərin sayı çox deyil, ancaq bu ölkə və onun insanı məhz onların sayəsində az-çox modern dünyanın qapısında ayaq döyə bilir.
Müəllim deyəndə, ilk öncə vizual olaraq gözümüzün önünə Cəbiş müəllim obrazı dikilir. Mən həmişə Cəbiş müəllimin sabun bişirməyə məcbur olduğu ana, sanki böyük Mirzə Ələkbər Sabirin dolanışıq üçün sabun bişirməyə məhkum olduğu anın şahidi kimi baxmışam. Yüzlərlə peşəsini sevən, ancaq peşəsində özünü rahat hiss etməyən, sıxıntı içində iztirab çəkən müəllim tanıyıram. Sifət müəllimlərin tabeliyində hər gün ölüb dirilən Rəhmət müəllimlər tanıyıram. Rəhmət müəllimin alt təbəqədə olmasına üzülürəm. Rəhmət müəllimi başımız üzərinə qaldırmayınca, bilik də başımızın içində özünə yer tapa bilməyəcək! Öz müəlliminə özünü həmişə borclu bilən hər kəsə salam olsun!