Vaxt.Az

Rusiya-Ermənistan birgə hərbi qruplaşması təsdiqləndi


 

Erməni müxalifəti: «Bu saziş suverenliyimizi məhdudlaşdıracaq»

Rusiya-Ermənistan birgə hərbi qruplaşması təsdiqləndi Ötən gün Ermənistan parlamenti birləşmiş Rusiya-Ermənistan hərbi qruplaşmasının yaradılması haqda müqaviləni təsdiqləyib. Deputatların 87 faizi müqavilənin lehinə, 7-si isə əleyhinə səs verib. Yalnız «Yelk» müxalifət fraksiyasından millət vəkilləri müqaviləyə qarşı səs veriblər.

Ötən ilin sonlarında imzalanmış sazişə görə, birləşmiş qruplaşma hər iki ölkənin vətəndaşlarını xarici və daxili təhlükələrdən qorumalı, «regionun hərbi təhlükəsizliyini təmin etməlidır».

 

Dağlıq Qarabağa müdaxilə edə bilməyəcək

 

Çərşənbə günü parlament müzakirələri zamanı «Yelk» fraksiyasının deputatları bildiriblər ki, bu saziş Ermənistanın suverenliyini məhdudlaşdıracaq və onun silahlı qüvvələrini Rusiyanın nəzarəti altına atacaq. Parlamentdəki iqtidar çoxluğu isə bu iddiaları rədd edib.

Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan parlament müzakirəsi zamanı təsdiqləyib ki, sözügedən Rusiya-Ermənistan hərbi qruplaşması yalnız Ermənistanın beynəlxalq qurumlar tərəfindən tanınan ərazilərini müdafiə edəcək. Bu isə o deməkdir ki, qruplaşma Dağlıq Qarabağda mümkün toqquşmalar zamanı müdaxilə edə bilməyəcək.

Parlamentdə müxalifət təmsilçiləri bildiriblər ki, Rusiya son illərdə Azərbaycana milyardlarla dollar dəyərində müasir hücum silahları satıb və ona inanmaq olmaz. Vitse-spiker Şarmazanovsa onların bu iddialarını rədd edərək vurğulayıb ki, Ermənistanın Rusiya ilə sıx hərbi bağlarının alternativi yoxdur. «Biz bu birləşmiş hərbi qruplaşmanı yaratmayacağıqsa, onun yerinə nə yaradacağıq?» – deyə o sual edib.

 

Xarici təhdidlərdən qorumaq

 

Qeyd edək ki, əslində ilk belə qruplaşmalar hələ 2001-ci ildə yaradılmağa başlayıb. Rusiyanın Ermənistandakı hərbi bazasında qərarlaşmış qoşunlarla Ermənistanın ordu korpusunun birgə hərbi qruplaşmasına yarandığı 2001-ci ildən Ermənistan ordu generalları rəhbərlik edib.

Hakim Respublikaçılar partiyasının mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Ermənistan-Rusiya birləşmiş hərbi qruplaşması Ermənistanın təhlükəsizliyi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün lazımdır. Onun sözlərinə görə, bu qruplaşmanın məqsədi Ermənistanın təhlükəsizliyini həm Azərbaycan, həm də Türkiyədən qaynaqlanan xarici təhdidlərdən qorumaqdır.

Bununla yanaşı, müqaviləyə görə, Qarabağa hücum edilərsə, Ermənistan-Rusiya birləşmiş hərbi qruplaşması duruma müdaxilə edə bilməz.

 

Daha qlobal yanaşma...

 

Jurnalistlərin «Ermənistanın Tavuş rayonu hücuma məruz qalarsa, bu qruplaşma nə edəcək?» sualına cavab olaraq Şarmazanov belə deyib: «İstəmirəm bu qruplaşmaya belə primitiv yanaşaq. Mən buna daha qlobal baxıram».

Bəs vəziyyət gərginləşərsə, ermənilər bu birləşmiş qruplaşmanın köməyinə ümid bəsləyə bilərlərmi? Vitse-spiker bu suala belə cavab verib: «İlk növbədə Ermənistan Respublikasının sərhədlərində gərgin vəziyyət müşahidə olunanda və Ermənistan Respublikası öz müttəfiqlərinə – KTMT və Rusiyaya müraciət edəndə onlar, o cümlədən də bu qruplaşma, KTMT-nin nizamnaməsinə uyğun olaraq, müdaxilə etməyə və Ermənistan Respublikasını müdafiə etməyə borcludurlar».

«Sülh şəraitində bu qruplaşmanın rəhbəri Ermənistan Respublikasının Ali baş komandanına tabe olur. Allah eləməmiş, çağırışlar və müharibə vaxtı hər iki tərəf – həm Ermənistan həm də Rusiya tərəfi - konsensus əsasında birgə rəhbərlik edirlər», – Şarmazanov söyləyib.

 

«Birlikdə yaradırıq»

 

«Sizcə, ictimaiyyət Rusiyanın Azərbaycanı ən yeni hücum silahları ilə təchiz etməsini, ardınca da bu təhdidləri neytrallaşdırmaqdan ötrü Ermənistanla birgə qruplaşma yaratmasını düzgün qəbul edə bilərmi?» sualına Şarmazanov belə cavab verib: «Birincisi, Rusiya yaratmır, biz birlikdə yaradırıq, ikincisi də, ictimaiyyətin yerinə danışa bilmərəm...»

Bu həftə Ermənistan parlamentində Rusiya ilə Ermənistan arasında hələ 2013-cü ildə imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsi də müzakirə olunub. Müqavilənin birinci bəndində deyilir ki, «hərbi texnikanı satan tərəf (yəni Rusiya) onun mövcudluğuna və məqsədyönlü istifadəsinə nəzarət hüququna malikdir. Silahı alan tərəfsə bundan ötrü gərəkən şərait yaratmalıdır». Başqa sözlə, müqavilənin şərtlərinə görə, Rusiya Ermənistana satdığı silahlara nəzarət edəcək.

Parlamentdəki müxalif «Yelk» fraksiyasının rəhbəri Nikola Paşinyan deyib ki, bu müqavilə ilə Ermənistan növbəti dəfə öz suverenliyinin bir hissəsini güzəştə gedir. «Çox peşəkar oyunçular olur, onlar deyirlər ki, sizin bir kisə buğdanız olsa, onlar onu sizdən dənə-dənə alacaqlar. Son 20-25 ildə Rusiya bu müqavilələrlə bizim suverenliyimizi dənə-dənə əlimizdən alır. Bizsə qıraqdan baxıb deyirik ki, bu, beynəlxalq praktikadır, belə olmalıdır və s.», – deyə Paşinyan bildirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

 





06.10.2017    çap et  çap et