Vaxt.Az

Kapitana yaraşmayan vida


 

111 oyun keçirən «14 nömrə»ni layiqli yola salmağa AFFA-nın səviyyəsi, baş məşqçinin ağlı, futbolçularınsa bacarığı çatmadı

Kapitana yaraşmayan vida Rəşad Sadıqov milli komanda ilə vidalaşdı. Ayaqları sözünə baxmadı və özünə hörmət qoyaraq, fitə basılmadan, şərəflə getdi. Qışa, uzağı yaya kimi onu yalnız «Qarabağ» formasında izləyəcəyik və son illər yetişdirdiyimiz ən istedadlı oyunçulardan biri meydanlara birdəfəlik vida edəcək.

Sadıqovu heç vaxt super istedad saymamışam. Belə bacarığı olsaydı, Avropada özünü isbatlayar, uzunmüddətli legioner karyerası yaşayar, transfer qiyməti milyonlarla ölçülərdi. Amma Azərbaycan səviyyəsində Rəşad son illərin ən yaxşısıdır və o, SSRİ dövründən qalma məktəbin yetirməsidir, canında «sovet yağı» var. Bünövrəsi yaxşı olduğundan bu yaşa kimi yüksək səviyyədə oynadı, millidə ən çox xal yığan heyətin kapitanı, tarixi uğurlara imza atan «Qarabağ»ın lideri oldu.

Təkcə bu faktlar kifayət edirdi ki, Rəşad millidən layiqincə yola salınsın. Lakin Çexiyaya qarşı dünənki oyun Sadıqovun vida matçına oxşamadı. Kapitan adi yoxlama oyununa çıxıbmış kimi oynadı, xüsusi diqqət görmədi. AFFA onun üçün heç bir sürpriz hazırlamadı, məşqçi oyun zamanı onu əvəzləyib alqışlatmadı, hətta penaltini vurmağı da ona çox gördü.

Son oyunda xal qazanmaq Rəşada ən böyük hədiyyə olardı. Komanda yoldaşlarının bunu bacarmaması azmış kimi, onu çiyinlərində meydandan çıxarmağı, kapitanı kövrəlməyə məcbur etmələrini də görmədik. 111 oyunluq xidmətin qarşılığı kiçik bir xatirə hədiyyəsi olmamalıydı. Azarkeşlərlə bağlı təşkilati işlər də sıfır səviyyəsində idi – Rəşad alqışa da layiq bilinmədi.

Təbii ki, Rəşadın əsl vidası «Qarabağ»da olacaq və ona qiymətini verəcəklər. Amma millidəki bu soyuq münasibəti kapitan bağışlamayacaq. Hər nə qədər kinli adam olmasa da, illərlə yığdığı qəzəbi mütləq nə vaxtsa büruzə verəcək.

Rəşadın futbolçu kimi səviyyəsi öz yerində, amma o, əsl lider idi. «Qarabağ»ın bugünkü uğurlarında klub rəhbərliyinin, baş məşqçi Qurban Qurbanovun yanında Sadıqovun da müstəsna payı var. Hamını bir amal ətrafında birləşdimək bacarığı olan «14 nömrə» ağdamlıların ölkə futbolundakı hegemonluğunda açar isimlərdəndir.

Rəşad ölkə prezidentinin də sevimlisidir. «Qarabağ»ı qəbul edən zaman İlham Əliyev çıxışında onun qiymətini verdi. Hamı anladı ki, ona bundan sonrakı fəaliyyətində də böyük ümidlər, gözləntilər var. Ya baş məşqçi, ya idarəçi kimi Sadıqov hələ uzun illər ölkə futbolunda əsas simalardan olacaq.

Rəşadın adının Robert Prosineçkiyə xələf kimi çəkilməsi təsadüfi deyil. Heç onun «Neftçi»ni təhvil alacağıyla bağlı deyilənlər də heç nədən ortaya çıxmayıb. Hamı Sadıqovun nüfuzundan öz məqsədi üçün istifadə etmək, onun arxasında kölgələnmək istəyir. Hətta kimərsə hansısa uğursuz layihədə onun imicini korlamağın, zərərsizləşdirməyin də əleyhinə deyil. Çünki «14 nömrə» çox böyük fiqurdu, onun qarşısında olmaq yanında olmaqdan daha təhlükəlidir.

Rəşad yenə lider kimi qalacaq, aparıcı klublarımızın, millinin məşqçisi, rəhbəri, hətta nə vaxtsa AFFA prezidenti də olacaq. Həm xarakteri, həm bacarığı buna imkan verir. Lakin meydanda zədələrdən qorunmağa çalışan kapitan indi daha ehtiyatlı oynamalı, düzgün mövqe seçməli, əla taktika qurmalı, zərbəni vaxtında endirməlidir. Avtoqol məğlubiyyətlə nəticələnə bilər.

Sadıqov dünənki layiq olmadığı vidanın əvəzini mütləq çıxacaq. Amma kinlə, ədavətlə yox, daha ağıllı, daha düşünülmüş hərəkətləri ilə. Uğurlar kapitan, OYUNda yeni mərhələyə xoş gəldin, top səndədir...

 





06.10.2017    çap et  çap et