Vaxt.Az

«Qarabağ»la hamımızı aldadırlar


 

Bu komanda, bu futbol bunu haqq etmir!

«Qarabağ»la hamımızı aldadırlar Niyə, axı niyə Azərbaycan millisinin dünya, Avropa çempionatlarının final mərhələlərinə vəsiqə qazanacağına inanmalıyıq, bunu tələb etməliyik?

Siz deyin, yoldaşlar, 90-cı illərdəki milli ilə indiki komanda arasında nə fərq var və ya nə boyda fərq var? Nazim Süleymanovlu, Vidadi Rzayevli, Yunis Hüseynovlu komandanın edə bilmədiyini Əfran İsmayılovdan, Mahir Mədətovdan, Cavid Hüseynovdan tələb etmək axmaqlıq deyilmi? Yoxsa Avropada futbol çöküşdədir, milli komandalar zəifləyib, xəbərimiz yoxdur?

«Qarabağ» hamınızı aldadıb... «Qarabağ»la hamınızı aldatmağa çalışırlar. «Qarabağ»ın uğurunun sirri onun klub, komanda kimi formalaşmasında azərbaycanlıların payının az olmasındadır. Hə, «Qarabağ»ın uğurunun sirri heç bu komandanın avrokuboklardakı oyunlarına rəqibinə, olduğu yarışın ad-sanına görə gedən azarkeşlərdə də deyil. Azərbaycanda kitab oxuyan, teatra gedən insanlar olmadığı kimi, azarkeş də yoxdur. Azərbaycanda sadəcə, tamaşaçı var. «Qarabağ»ın uğurunun sirri budu: Burda rövnəqlər, raminlər, elxanlar yoxdur!

Azərbaycan millisi niyə seçmə mərhələlərdə yer aldığı qruplarda sonuncu olmamalı, uzaqbaşı gücənib sondan əvvəlki yeri tutmamalıdır ki? Hansı üzlə, hansı güclə, hansı işimizə görə ön sıralarda olmağı arzulamalı, tələb etməliyik? Baxın bu fotoya. Bilirsiz nədir bu şəkildəki? Vaxtı ilə Azərbaycan çempionu olmuş, avrokuboklarda yekə-yekə komandalarla qarşılaşmış bir klubun - «Bakı»nın xarabaya çevrilən, ot, çayır basmış bazasından çəkilən şəkildir.

«Bakı» təkdimi? «Karvan», «Xəzər Lənkəran», «MKT-Araz», «Simurq»... Saymaqla bitməz. Və bu klubların xarabaya çevrilən, çevrilməkdə olan stadionları, bazaları. Siz bu xarabalıqdan futbolçu çıxacaq, Azərbaycanı dünyaya tanıdacaq, millimiz final mərhələlərinə qatılacaq deyə, nəsə gözləyirsiz? Burda yazıram və altını da cızıram: UEFA püşkatmaya barmaq etməsə, Azərbaycan tərəfi pul və ya başqa nəyinsə hesabına olmasa, AÇ-2020-nin final mərhələsinə qatıla bilməz! Qatılmamalıdır da! Bu komanda, bu futbol bunu haqq etmir!

«Qarabağ»la hamınızı aldadırlar...

 





06.10.2017    çap et  çap et