- Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın
ən güclü komandasıdı. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə
çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan
sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz
oyunda qol vurub, onları «qıdıqlaya bildik». Artıq onlar bizim nəyə qadir
olduğumuzu bilirlər. Biz isə bir neçə gün öncə Çexiyaya qarşı çətin oyun
keçirmişik. Heyətdə bir neçə zədəli futbolçularımız var. Sabah kimi meydana
buraxacağımı hələ də dəqiqləşdirməmişəm.
- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün
ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?
- Oyun bu gün olsaydı, heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm.
Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.
- Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda
görə biləcəyik?
- Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi. Onun əzələsində də problem var.
Sabah məşq də etməyəcək.
- Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?
- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq
onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.
Rəqib çox güclüdü. Dünya çempionudu. Norveç bura gələndə, bəlkə də, 0:6
hesabıyla uduzacaqlarını düşünmürdülər. Almanlar belədir, onlar hesabın necə
olmasından asılı olmayaraq sona kimi oynayırlar. İnanıram ki, sabah almanlara
asan olmayacaq. Bakıdakı oyunu burda da sərgiləyəcəyimizə ümid edirəm.