Vaxt.Az

Şübhələnibmiş...


 

Mehman Əliyev gizli lent yazısından danışdı

Şübhələnibmiş... Bu gün ölkənin bir sıra aparıcı qəzet və saytlarına [email protected] ünvanından audioyazı daxil olub. musavat.com-un sayt üzərində göstərilən ünvanına da 11.06 radələrində belə bir yazının daxil olduğu qeydə alınıb.
Həmin yazını müşayiət edən qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə «hakimiyyət çevrilişi məqsədi» ilə maliyyələşdirir.
Audioyazıda söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə guya ki, «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir.
Düzdür, onların arasındakı telefon danışığında «demokratik inqilaba kömək» kimi bir ifadə keçir, ancaq bunu Yevgeni dilə gətirir və Mehman Əliyev olduğu iddia edilən səsin sahibi də soruşur ki, «kömək» deyəndə nəyi nəzərdə tuturlar.
Bundan başqa, «M.Əliyev» söhbətin hansısa qrand layihələrini maliyyələşdirməkdən getdiyini dəqiqləşdirməyə çalışır.
«X.Hüseynov» olduğu iddia edilən şəxs belə bir söhbətin telefonla aparılmasının münasib olub-olmadığını soruşur və «M.Əliyev» bildirir ki, o qədər də münasib deyil.
Musavat.com əvvəlcə bildirmişdi ki, bu auidiolentin Azərbaycanın, yaxud da Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bilərəkdən yayıldığı güman edilir. Belə bir ehtimal da vardı ki, bunu yayanların əlində «işə tikiləcək» hər hansı bir arqument olmadığından elə bundan müxalifət qüvvələrinə qarşı istifadə etmək niyyətindədirlər.
Məsələyə münasibət bildirən ekspertlərdən biri isə demişdi ki, tamamilə mümkündür ki, lent yazısındakı şəxslər heç də qeyd olunun şəxslər deyil.  Amma…
Musavat.com-un əməkdaşı uzun cəhdlərdən sonra Mehman Əliyevlə danışa bilib. Baş redaktor faktı təsdiqləyib və yayılan lent yazısındakı səslərdən birinin ona məxsus olduğunu açıqlayıb. Lakin…
musavat.com onunla olan söhbəti təqdim edir:  

- Mehman bəy, adınız keçən telefon zəngi gerçəkdən olubmu? 

-  Bəli. Dekabrın 29-da axşam saat 10-da mənə belə bir zəng gəlib. Dedilər ki, ATƏT-dən mənimlə danışmaq istəyən var. Mən də “buyurun” dedim. Həmin şəxs birdən-birə başladı ki, ATƏT-in Vilnüs sammitində iştirak edib, orada görüşlər keçirib, artıq Ukraynada hakimiyyətin dəyişməsi ilə bağlı qərar verilib. Azərbaycanla bağlı hələlik belə bir qərar yoxdur. Ancaq narahatlıq var. Narahatlıq da ondan ibarətdir ki, əgər Azərbaycanda qarışıqlıq olsa, islamçılar aktivlik göstərə bilər. Proses Suriya variantı üzrə davam edə bilər. Ona görə də Qərb Azərbaycanda inqilabı şərait yaranmasını ümumiyyətlə istəmir. Qərb istəyir ki, Azərbaycanda demokratiyaya keçidi, vətəndaş cəmiyyətinin güclənməsi ilə həyata keçirsin. Mən soruşdum ki, məndən istəyiniz nədir? Cavab verdi ki, qrant veriləcək; qeyri-hökumət təşkilatlarının siyahısını müəyyən etmək istəyirlər. Mən belə başa düşdüm ki, söhbət daha çox Qərb dəyərlərinin Azərbaycana gətirilməsindən, eləcə də  maariflənmə işinin sürətlənməsindən, qərbyönümlü təbəqəni gücləndirməkdən gedir. Əslində belə bir məsələ ilə bağlı mənə müraciət edilməsi mənim üçün gözlənilməz idi. Telefon söhbətindən də görünür ki, mən az danışıram və daha çox dinləyirəm. Çünki qarşı tərəf danışdıqca mən durumu əlüstü təhlil etdim və bəzi şübhələrim yarandı. Mənimlə indiyə qədər heç vaxt heç kəs belə söhbətlər aparmadığına görə bu durum ürəyimcə olmadı. Eyni zamanda düşündüm ki, əgər mənim hansısa məsləhətimə ehtiyac duyulurdusa, Bakı ofisinin nümayəndələri mənimlə görüşə bilərdilər. Ancaq Bakı ofisindən heç vaxt belə bir təklif almamışam. Ona görə də artıq söhbəti davam etdirmək istəmədim. Ondan sonra da mənə heç bir zəng olmayıb.

- Mehman bəy, siz ümumiyyətlə aydınlaşdırmağa çalışdınız ki, sizinlə telefonda danışan kimdir? 

- Yox, mən ümumiyyətlə bu söhbətə qayıtmadım. Dediyim kimi, bu söhbət mənə qəribə və müəmmalı göründü. Bu gün də aydın oldu ki, şübhələrim əsassız deyilmiş. Yaranan situasiya onu da təsdiq edir ki, əgər bu telefon söhbəti yazılırsa, deməli istənilən danışıqları yaza bilərlər. 

- Siz bu səs yazısının indiki məqamda ictimailəşdirməsi faktını necə qiymətləndirirsiniz? Məqsəd nə ola bilər? 

- Söhbət birmənalı olaraq Ukrayna ilə bağlıdır. Göründüyü kimi, Kiyevdə hakimiyyətlə xalq arasında ciddi qarşıdurma yaranıb. Viktor Yanukoviçi artıq hakimiyyətdən kənarlaşdırmaq məsələsi gündəmdədir. Hansısa qüvvələr göstərmək istəyir ki, Kiyevdə, ümumiyyətlə Ukraynadakı qarışıqlığın arxasında Qərb, ABŞ dayanır. Sübut kimi də bu telefon danışığını göstərəcəklər.  Əminəm ki, bu məsələ Ukraynada da çox hallandırılacaq, hakimiyyət tərəfdarları bildirəcək ki, Kiyevdəki iğtişaşlarda Vaşinqtonun istəyi və əli var. Təbii, bu məsələdə Azərbaycana yönəlik məqamlar da var. Bu danışığı Qərbin Azərbaycanda müəyyən planları olması kimi təqdim etmək cəhdləri də olacaq. 

- Bu olayı Milli Şuraya qarşı çevirmək cəhdləri olacaqmı, sizcə? 

- Mən deməzdim ki, bu fakt konkret Milli Şuraya qarşı təxribatdır. Ancaq aydındır ki, konkret bir qüvvə Milli Şuranı Azərbaycandan kənar qüvvələrin təsiri altında olan bir qurum kimi təqdim etmək istəyir. Cəmiyyətə deyə bilərlər ki, görürsünüzmü, Milli Şurada təmsil olunanlar Qərblə birləşib Azərbaycanda qarışıqlıq yaratmaq, hakimiyyəti devirmək istəyirlər. Təbii, bu iddia reallıqdan xeyli uzaqdır. Kobud desək - Azərbaycan təşkilatlarına ayrılan qrantlarda kimisə devirmək məqsədi qoyulmur. Məqsəd cəmiyyət üzvlərinin maarifləndirilməsi, inkişafı, əsasən də hüququ savadının artırılması məqsədi daşıyır. Heç kəs gizlətmir ki, Qərb Azərbaycanda normal vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Qərblə ən ciddi əməkdaşlıq edən isə Azərbaycan hakimiyyətidir. Qərbin demək olar bütün institutları hakimiyyətlə ciddi işbirliyindədir. Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in layihələrinin çoxunu hakimiyyət həyata keçirir. ASAN xidmət layihəsinə qədər bir çox iri layihələrin müəllifi məhz Qərbdir. Yəni təkamül yolu ilə durumu dəyişmək üçün səylər var. Mən də bu prosesin iştirakçısıyam. Burada gizlətməli, ya da qanunsuz heç bir məqam yoxdur. 
Yeri gəlmişkən, audioyazını buradan dinləmək olar: 
https://soundcloud.com/yuriykot/usa
 





24.01.2014    çap et  çap et